Qələm Ağlamayanda Kağiz Gülməzmiş
Qələm və qılınc insanlıq tarixini xülasə edən iki qavramdır. Qələm mürəkkəblə danışır, qılınc isə qanla. “Qələm qılıncdan kəskindir” deyilmiş və aralarında müqayisə edilmiş, nəticədə fəzilətli olanı arayan və irfan arxasınca düşən insanlığa kamalatın qələmin ucunda parladığı işarə edilmişdir. Bəzi rəvayətlərə görə Allahın yaratdığı ilk şeyin qələm olduğu ifadə edilir. Aləq surəsində buyurulduğu kimi bilmədiyini “O, insana qələmlə öyrətdi.” Və qələm bir surənin adı oldu. Allah qələmə və yazdıqlarına and içdi. Qələm “əlif” kimi zərif və nazənin ədasıyla Haqqı və həqiqəti söylədi.
Elə isə qılınc asılı olduğu divarda bir az qalmaqda davam etsin. Biz kəlamımıza qələmlə yol açaq. Nədir qələm?
Qələm ilahi proqramı yazan alət olduğu kimi insanın əsərini də yazan alətdir. Bizim mövzumuz əlimizdəki qələmdir.
Qələm könlündən yaxalayıb dizə gətirdiyi misralarıyla insana hökm edər. İnsanın beyninə nüfuz edər. Qaranlığın ürpərdici pərdələrini qaldırar və şəfəq müjdəsi gətirər. Ən zərif könüllərin Qaf dağını aşan zərif qanad səslərini, nəfəslərini və eşqlərini; ən müdrik ağılların insanlığa bələdçi olan fikirlərini qələm sayəsində öyrənir insan. Qələm kəlamın qədim olmasını təmin edən böyük bir sənətkardır.
Bilirsinizmi, xəttatlarımız qələmi ortaya qoyduğu gözəlliklərdən dolayı müqəddəs saymışlar və kiçilən, qısalan qələmlərini bir kənara atmamış, hörmətlə insan ayağı dəyməyən yerlərə basdırmışlar. Hətta qələmi itilədikləri zaman tökülən yonqarları da eyni həssaslıqla ya basdırmışlar, ya da öldükləri zaman cənazələrinin yuyulacağı suya qatılmasını vəsiyyət etmişlər.
Mədəniyyətin formalaşması sahəsində üç əsas qavram qəbul edilir: Torpaq, insan və zaman. Vətənsiz, insansız və müəyyən vaxt keçmədən, yəni zamansız mədəniyyət olmur. Ancaq bunlar mədəniyyətin təməlini formalaşdırır. Bunlar içərisində əsas ünsür insandır və millətlər ancaq insan və insani olana, yəni din, elm, incəsənət və ədəbiyyata verdikləri dəyər səviyyəsində varlıqlarını sürdürür və mədəniyyətlərini ucalda bilirlər. Çünki zaman insani dəyərlərə əhəmiyyət verməyən və insanı arxa plana atan millətlərin hər bir fərdi yalnız özünə və ayrı yönlərə baxan quru qələbəlik olmasına və nəticədə tarixdən silinməsinə dəfələrlə şahid olmuşdur.
Dilindən, dinindən, musiqisindən, adət-ənənəsindən, tarixindən və arxasını söykəndiyi bu mədəniyyət damarlarına can verən cəngavərlərdən bixəbər qalan millətlər özləri olmaqdan uzaqlaşmağa və başqalaşmağa başlamaqdadır. Bunun nəticəsində qılıncların parlaq ucları görülmədən və səsləri eşidilmədən millətlər səssiz məğlubiyyətin məhkumu olmaqdadırlar. Unudulmamalıdır ki, böyük şəhərlər (mədinə) böyük çayların kənarında qurulduğu kimi böyük mədəniyyətlər də böyük şəxsiyyətlərin ətrafında qurulmaqda və varlığını sürdürməkdədir.
Bir zamanlar şərqdən qərbə demək olar ki bütün dünyaya uzanan müstəmləkələri səbəbiylə “günəş batmayan ölkə” deyilən İngiltərə xalqına verilən “Müstəmləkələriniz, yoxsa Şekspir seçimiylə qarşı-qarşıya qalsanız hansını itirməyi gözə alardınız?” sualına “Təbii ki, müstəmləkələrimizi” cavabını verməsi bu cəhətdən çox mənalıdır.
Böyük dövlət və millət olmağın yolu hər millətin öz dərinliyində gizlidir. Böyük Türk milləti Şərqi-Türküstandan Avropanın ortalarına qədər qarış-qarış imza atmadığı torpaq parçası buraxmamışdır. Getdiyi hər yerdə insanı mərkəzə alan və heç bir şəkildə onların din, dil və ənənəsinə qarışmadan karvansaralar, hamamlar, bulaqlar, kitabxanalar, məscidlər tikməklə, yollar və körpülər salmaqla “insana və irfana əsaslanan bir mədəniyyət” formalaşdırmışlar.
Ayaqlarının dəydiyi yerlər xoşbəxtliyi dadmış, ayrıldıqları yerlərdə zülm hökm sürmüşdür. Bizim mədəniyyətimizin şifrələri açıldıqda mərkəzində insan, irfan, ədəb, incəlik və bütünlüklə sənətkaranə bir həyat olduğu görülür. Mədəniyyətin mərkəzinə cihazların yerləşdirildiyi və insanın onun məhkumuna çevrildiyi çağımızda bizim mədəniyyətimizin təməl dinamiklərindən ilk növbədə özümüzün möhkəm bağlanmağımızın gərəyini xatırlayıb bütün bəşəriyyətin də buna möhtac olduğu şüuru ilə hərəkət etməliyik.
Xüsusilə gənclərə bu həqiqət xatırlanmalı, din, ədəbiyyat, musiqi sahəsində və dövlət idarəsində nailiyyətləriylə ön plana çıxan şəxsiyyətlərin həyatları və onların fikirləri aşılanmalı və oxudulmalıdır.
Nizami, Mövlana, Yunus Əmrə, Füzuli kimi neçə-neçə dahilərimiz göydə parıldayan ulduzlardır və bizə bu çağın qaranlığında parlaq mədəniyyətin bələdçiliyini etməkdədirlər.
İnsanımızın qəlbini və beynini bürüyən rəqəmsal torlardan qurtarıb onlara özlərini xatırladacaq və özlərindən özlərini var edənə yol tapacaq şüur səviyyəsinə çatmaları üçün millət olaraq çox çalışmalıyıq. İslamın ilk illərindən etibarən mədəniyyətin mərkəzi olan Mədinədən yola düşən mühacirlər bunu özlərinə dərd etmişlər və nəhayət bir çoxunu özləri görməsələr də neçə-neçə fəthlərə vəsilə olmuşlar. Onlar üçün nə zamanın müddəti, nə də torpağın sərhədi vardı. Yer üzü abad edilməyi gözləyən bir şəhər, insan fəth edilməyi gözləyən bir ölkə idi.
Onlar daima yolda oldular, yoruldular.
Yanan şam, ya da davamlı yonulan qələm kimi bir yandan ziya saçarkən, bir yandan da kiçildilər, tükəndilər.
Amma bilirdilər ki, fəthlər qılıncın ucundan çox qələmin ucunda parlayır.
Və qələm ağlamadan kağız gülməz.
Nə kağızı qələmdən küsdürdülər, nə də qələm kağızı incitdi onların əlində.
Ən parlaq mədəniyyətlər hər insanın bir qələm olmasıyla gerçəkləşmişdir.
Nə xoşbəxtdir o kəslər ki, qələm olmuşlar!..
ŞƏRHLƏR