07 Bakida
Yaz mövsümü... Bakı... Xarici maşınların çoxluğu və pəncərələrinin bağlı olması diqqət çəkir. Sanki kosmik gəmidədirlər. Jiqulilərin pəncərələri isə dibinə qədər açıqdır.
Sürücülərin əlləri çöldə, təbii yolla sərinləməyə çalışırlar.
Bu maşınlar niyə bu qədər böyükdür? İnsanların kökəlmə xəstəliyi yoxsa maşınlara da sıçradı? “İnsan özünə bənzəyəni sevər” demişlər. İnsan kökəldikcə maşınını da özü kimi kökəldir.
Bir maşının şüşəsinə “Nəzər etmə nə olar, çalış, sənin də olar” yazılıb. Jiqulini bir təhər almaq olar, amma lüks maşınları ala bilmək üçün hansı işi görmək və nə qədər işləmək lazımdır görəsən?
Zuxruf surəsinin 37-ci ayəsində insanların bir-birilərinə iş gördürə bilmələri üçün bir-birindən üstün qılınıb fərqli dərəcələrdə yaradıldığından bəhs edilir. İnsanlar arasındakı bu status fərqinin maşınlara əks etməsi normaldır. Yollarda lüks maşınlar da olmalı, Moskviç də, Lada da. Bəzi insanlar da maşınsız olmalıdır. Minlərlə illik tarixi həqiqətə görə hər insan ata, dəvəyə minə bilməmiş, qatırla səfərə çıxanlar, hətta ulağa sahib ola bilməyənlər olmuşdur.
Nəhl surəsinin 8-ci ayəsində “Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.” -buyurulur.
Ayeyi-kəriməyə görə at olsun, maşın olsun, xüsusi təyyarə olsun fərq etməz, bu vasitələrdə nəqliyyat funksiyasıyla bərabər zinət, bəzək özəlliyi də vardır. Türklərdə at, arvad, silah şəklində ifadə edilən deyimdəki at sevgisinin maşın sevdası ilə əvəz olunması təbiidir.
07 haqqında “asfaltdan çıxmamaq şərtiylə yaxşıdır” deyirlər. Onun qardaşı olan 06 isə torpaq maşınıdır. Vaz-2106 markalı maşınlar 2004-cü ildən bu yana istehsal olunmur. Madam ki, hər nəfəs sahibi öləcək, maşınlar niyə ölümsüz olsun? Ciblərdə və ürəklərdə daşınan pullar belə zamanla köhnəlib tədavüldən çıxır.
Lunaparklarda toqquşan maşınlar var. Toqquşan maşınları haqq-hüquq tanımayan, vəhydən nəsibsiz insanlara bənzədirəm. Məqsədi toqquşan maşın istehsal etmək olan insanların vurduğu zərəri heç kim inkar edə bilməz.
İnsana fayda vermək və xidmət etmək gözüylə baxdıqda 06-07, volqa cinsindən olan maşınlar daha faydalıdır sanki. Bu maşınlarda soğan-sarımsaq, qoyun, toyuq və s. nemətlər ağzına qədər doldurularaq, hətta oturacaqlar çıxardılaraq daşınır. Lüks və göstərişli maşınlarda insandan başqa nə daşımaq olar ki?
Xidmət edənin tərləməsi, yük daşıyanın palçığa batması normaldır. Köhnəlmiş gözüylə baxılan maşınlar nemətləri daşımaq üçün istifadə edildiyi üçün həmişə kirli olar. Siz üstü palçıqlı neçə dənə bahalı maşın gördünüz? Təmiz qalma səbəblərindən ən əsası canla-başla xidmət etməmələrindən, başqa deyimlə zəngin olmalarındandır.
Köhnə maşınları görənlər onlara istehzayla baxır. Peyğəmbərlər tarixində hər peyğəmbər özündən əvvəlkini təsdiq etmiş və onun davamçısı olduğunu söyləmişdir. Maşınların tarixində isə yenidən əvvəlki model xor görülür. Bu xor görmə geriyə getdikcə artar. Yaradılan hər şey yaşamağa, yaşlanmağa və ölməyə gəlmişdir. Köhnəlməmiş hansı yeni var?
Yollar yalnız lüks və bahalı maşınlar üçündürmü? Köhnələrin və yaşlıların da yaşamaq haqqı yoxmu? Əgər onlar almanı, çörəyi, sarımsağı gətirməsə, siz, ey bahalı maşın sahibləri, gözünüzdən və dişinizdən daha çox sevdiyiniz maşınlarımızla kəndə-kəsəyə gedib neçə çuval daşıyarsınız?
İbn Xaldun deyir ki: “dövlətlər də canlı orqanizmlər kimidir. Doğular, böyüyər, yaşlanar və ölər.” Bunu yollara aid etsək: “Maşınlar da istehsal olunar, yuxulara girər, yaşlanar və ölər.” İnsanlar dırnaq uclarına qədər orijinal olduqları üçün təkbaşına dəfn edilirlər. Maşınlarsa standart şəkildə istehsal olunduğu üçün ölümləri də toplu şəkildə preslənməkdir. Ölkələrin inkişaf səviyyəsini göstərən xüsuslardan biri də maşın xarabalığı və oradakı maşınların çeşidliyidir. Cahiliyyət dövründə ölülərini sayaraq öyünən insanlardan nə fərqimiz qaldı?
İnsanlarda sevmə və dəyər vermə probleminin olduğunu düşünürəm. Maşınını sevən adam niyə bir azcıq yenilik səbəbiylə onu daha sonrakı modellə dəyişsin ki? Bir az yeni, daha sonra bir az yeni və yenilikdən əsər qalmayan vardır. Ən nəhayət iş Nuh Peyğəmbərdən qalmağa qədər gedər.
Maşınla gedərkən üst model maşına heyranlıqla baxmaq sürülən maşına insafsızlıqdır. Harda qaldı şükür və qənaət? Yadınızdadırsa bir rəvayət var: bir gənc sevdiyi qıza gözəlliyini dilə gətirir, qız isə: “bax, orada məndən də gözəli var” deyərək işarə edir. Gənc baxdıqda qızın atdığı silləylə özünə gəlir. Qız ayrılıb gedərkən bu sözləri söyləyir: Bu necə sevgidir ki, mənim yanımda başqasının gözəlliyini görmək istəyirsən?
Bizim Yunusa qulaq verək:
Yol odur ki, doğru vara
Göz odur ki, Haqqı görə
Ər odur ki, alçaq dura
Ucadan baxan göz deyil.
Maşının olsun-olmasın fərq etməz, Yunusa görə əsas olan yuxarıdan baxan təkəbbürlü gözə sahib olmamaqdır.
Son söz: Maşın və sürücü odur ki, Dosta apara…
ŞƏRHLƏR