Sevincimiz Də Bir, Kədərimiz Də

Sevincimiz Də Bir, Kədərimiz Də

Tarixdə bir-birinə yaxın, müttəfiq, dost ölkələr var. Bu ölkələri bir-birinə bağlayan onların siyasi, iqtisadi və ya hər hansı bir marağı olmuşdur. Və bu maraqlar kəsişdiyi zaman qurulan dostluqlar, qardaşlıqlar yox olub getmişdir. Lakin bəşər tarixində ümumilikdə dünya birliyinə örnək olacaq Azərbaycan-Türkiyə qardaşlığı qədər dərin köklərə malik olan ikinci bir xalq və dövlət olmayıb. Çünki Azərbaycan və Türkiyə üçün ilk öncə maddi həyat şəraitinin: ərazi və iqtisadi həyatın ümumiliyi, dil ümumiliyi, din ümumiliyi, milli xarakteri onun mədəniyyətinin milli özünəməxsusluqda təzahür edən müəyyən cəhətlərinin ümumiliyi xasdır.

Tarixi, iqtisadi, siyasi, mədəni və mənəvi bağlılıqla əlaqəli olan Azərbaycan-Türkiyə münasibətləri o qədər güclü və səmimidir ki, əsrlər ötsə də bu xalqların dostluğu sarsılmazdır. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” tezisi və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri iki qardaş ölkənin səmimi dostluq münasibətlərinin, mənəvi bağlılığının və birgə siyasətinin əsas istiqamətini göstərmişdir.

Azərbaycan–Türkiyə qardaşlığı dərin tarixi köklərə söykənir. Təkcə ötən əsrdə hər iki ölkənin istər sadə xalq, istərsə də dövlət səviyyəsində bir-birinə qarşılıqlı yardım göstərməsi barədə onlarca fakt mövcuddur. Bunlardan biri 1914-cü ildə baş verib. Həmin il Antanta dövlətlərinə qarşı müharibəyə qoşulan Osmanlı imperiyasının Çanaqqala boğazı uğrunda şiddətli döyüşlər gedirdi. Belə bir şəraitdə Azərbaycandan yüzlərlə insan könüllü olaraq Çanaqqalaya, türklüyün şərəfi uğrunda gedən döyüşlərə yollandı. Onlar burada qan qardaşları ilə birgə rəşadətlə savaşdılar, Osmanlılara həm mənəvi, həm də maddi dayaq oldular. Bu gün Çanaqqalada olan “Türk Şəhidliyi”ndə azərbaycanlı igidlərə aid qəbirlərə rast gəlmək mümkündür.

Şanlı tariximizə qızıl hərflərlə yazılan hadisələrin baş verdiyi 1918-ci ildə də Azərbaycan–Türkiyə birliyi dünyanı heyrətə gətirdi. Dünyanın nəhəng imperiyaları ilə eyni vaxtda dörd cəbhədə savaşan və məğlubiyyətin astanasında olan Osmanlı imperiyası qardaşlıq hisslərinin bütün maneləri dəf etməyə qadir olduğunu dünyaya sübut etdi. 1918-ci ildə Türk Ordusu Azərbaycana köməyə gəldi, xalqımızı ermənilərin soyqırımından xilas etdi və həmin il sentyabrın 15-də Bakı erməni-bolşevik qruplaşmalarından azad olundu. Tarixi zəfər Azərbaycan-Turkiyə birliyinin şərəfli salnaməsinə çevrildi.

1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası süquta uğradıldı. Həmin günlərdə Antanta dövlətlərinin və Yunanıstanın ordularının işğalına məruz qalan Türkiyədə Milli Qurtuluş Savaşı başlanmışdı. Süquta uğramış ADR hərbi qüvvələrinin bir hissəsi qardaş türk xalqının milli mücadiləsinə dəstək vermək, bu müqəddəs savaşda iştirak etmək üçün Anadoluya üz tutdu. Əsgər və zabitlərimiz türk hərb tarixinə qızıl hərflərlə yazılmış Sakarya Meydan Savaşında, İnönü savaşlarında və digər qanlı döyüşlərdə “İki Vətənlərindən biri” olan Türkiyə uğrunda canlarını fəda etdilər, şəhidlik zirvəsinə yüksəldilər. Qanı bir, canı bir qardaşların birliyi məkan və zaman sərhədini aşdı, bu günümüzdə daha da sıx birləşməyimizə əsaslı zəmin hazırladı.

XX əsrin 90-cı illərində Azərbaycan xalqı yenidən öz müstəqilliyini əldə etdikdən sonra bu müstəqilliyi tanıyan ilk dövlət məhz Türkiyə oldu. Ortaya çıxan yeni situasiya və xalqların bir-biri ilə sıx bağlılığı, eyni zamanda, dövlətlərimizin də çiyin-çiyinə verərək dayanmasını zəruri etdi.

1992-ci il 28 mayında dili, dini, mənəviyyatı, ruhu bir olan iki xalqın bir-birinə qovuşdurulması, yurddan-yurda, könüldən-könülə körpü salınması və xüsusən agır blokada vəziyyətində boğulan bir diyarın - Naxçıvanın nəfəs alması, mənfur düşmən önündə əyilməməsi və yaşaması üçün atılan önəmli bir addım baxımından tarixə qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan-Türkiyə sərhədində salınan, rəmzi adı “Ümid körpüsü” olan həyati bir layihə reallaşdırıldı.

Türkiyə ilə Azərbaycanın kökləri, maraqları bir olduğu kimi, düşməni də birdir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən, Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir. Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanda və Türkiyədə kütləvi soyqırımlar həyata keçirən erməni cəlladları özlərini “əzilmiş”, “məzlum” xalq kimi qələmə verərək hər zaman “sudan quru çıxmağa” çalışırlar. Bu gün erməni planının növbəti mərhələsində qardaş və əbədi müttəfiq olan Azərbaycanla Türkiyəni bir-birindən incik salmaq, onların münasibətlərinə xələl gətirmək, bu ölkələr arasında şübhə toxumu əkmək kimi məkrli niyyətlər dayanır. Bunun üçün isə “Türkiyə-Ermənistan sərhədləri açılacaq” informasiyası dövriyyəyə buraxılıb.

Ancaq biz bir millət iki dövlət olaraq çəkici bir zindana vurmağı həmişə bacarmışıq. Unutmamaq lazımdır ki, türkün türkdən başqa dostu yoxdur. Biz əbədi olaraq kədəri və sevinci birlikdə bölüşəcəyik. Bunu da yaddan çıxarmaq olmaz ki, Qarabağ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının torpağıdır. Bu dərd bütün türk dünyasının dərdidir. Türkiyə hər zaman Azərbaycanın bu haqlı davasında onunla birlikdə olacaq və Qarabağda üçrəngli bayrağımız dalğalanmadıqca Ermənistanla sərhədləri əsla açmayacaqdır.   

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz