Namazdan Oğurlamaq

Namazdan Oğurlamaq

“Dinin dirəyi” hesab edilən namaz eyni zamanda ibadətlərin tacıdır. Onun məhz bu mövqeyi, haqqında ən çox bəhs edilmək üçün kifayətdir. Namazla bağlı söz açılacaq mövzulardan biri də Həzrət Peyğəmbərin namazı yarımçıq yerinə yetirənlərə xəbərdarlıq mahiyyətində söylədiyi aşağıdaki hədisidir:

Abdullah bin Muğaffəl (r.a) belə rəvayət edir:

Rəsulullah (s.ə.s): “Oğruların ən pisi namazından oğurlayan kəsdir” dedi. Əshab soruşdu?

-         İnsanlar namazlarından necə oğurlaya bilər? Hz. Peyğəmbər belə cavab verdi:

-         Rüku və səcdələrini tam yerinə yetirməyərək… (Ə. Hənbəl, Müsnəd, 3/70; Təbərani, Mucəmus-Sağir, 1/320.)

Bu hədis həmçinin namazda tədili-ərkanın əhəmiyyətinə nəzərləri cəlb edir. Belə ki, tədili-ərkan, qiyamda ikən dik durmaq, rükuda ikən düz durmaq və rükuda “Sübhanə Rabbiyəl-Azim” təsbihini təsbih ədası ilə tələsməyərək üç dəfə təkrarlamaq, rükudan qalxdıqdan sonra səcdəyə getmədən əvvəl beli təkrar dik vəziyyətə gətirmək və bu halda “sübhanallah” deyəcək qədər gözləmək, səcdədə yenə təsbih ədası ilə “Sübhanə Rabbiyəl-Azim” təsbihini bir-birinə qarışdırmadan üç dəfə təkrarlamaq və iki səcdə arasında da “sübhanallah” deyəcək qədər gözləməkdir. Yəni, namazın rükunlarını aramla və haqqını verərək yerinə yetirməkdir. Məhz buna görədir ki, bəzi məzhəblərdə buna (tədili-ərkana) riayət etməyənlərin namazını yenidən qılmasına, bəzilərində isə səhv (yanılma) səcdəsi ilə namazını tamamlamasına hökm vermişdirlər. Bu baxımdan namazda tədili-ərkana riayət, bəzilərinə görə fərz, bəzilərinə görə vacibdir.

Kainatın yaradanı qarşısında namünasib bir vəziyyət əlbəttə qəbul edilə bilməz. Bizdən vəzifədə və rütbədə üstün olanların qarşısında nalayiq bir hərəkət və ya  davranışa yol vermədiyimiz halda Allaha qarşı qüsurlu davranmaq, ədəb-ərkanı tərk etmək, riyakarlıq və şirkə aparan bir hal hesab edilmişdir.

Namaz bir baxımdan, lahi hüzurda Onunla həmhal olmaq məqamıdır. “Möminin meracı” hesab edilən bu ibadət əsnasında özünü namazda hiss etməyənlər əlbəttə hələ də pillələrin başındadır ki, oraya yüksəlməmişlər. Belələrinin Onunla həmhal olması qeyri-mümkündür.  

Bu baxımdan namaz kimi bir ibadətə vaxt ayırdığı halda onu əskik qılaraq, savabından ya məhrum olan, ya da əskik alan kəslər əlbəttə öz qazancına xəyanət etmiş olar. Öz əli ilə savabından kəsərək axirətinin ən qiymətli sərmayəsini itirən, əlbəttə özündən oğurlayan, namazından oğurlayan kəslərdir.   

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz