Onun Ölçülərinə Görə Mən Nə Qədər Müsəlmanam?
Əziz Peyğəmbərimiz bizə kim olduğumuzu, haradan gəlib haraya getdiyimizi öyrətdi. Nəyə, hansı gözlə baxacağımızı başa saldı. Ən yaxşıya və mükəmmələ necə nail olacağımızı bildirdi.
Sözlərin ən xeyirlisinin Qurani-Kərim, yolların ən yaxşısının öz yolu olduğunu açıq bir dillə söylədi.
Fürsət əldə ikən
O halda insanın hər sözü, hər hərəkəti ölçülü olmalıdır. Həyatda təsadüflərin yeri yoxdur. Kainatda hər şey planlı hərəkət edir. Elə isə insanın qəlbi, dili və digər orqanları bu ilahi proqrama uyğun olmalıdır. Bu da Rəsulullahın bizə örnək olaraq göstərdiyi həyat tərzidir.
Bizi yaradan Allah bizə verdiyi bu qısa ömrə bir çox yaxşılığı sığdırmağımızı istəyir və “xeyir işlərə tələsin” buyurur. (əl-Bəqərə, 148) Peyğəmbərimiz (s.ə.s) xeyirli işlərə tələsməyin səbəbini belə açıqlayır: “Faydalı işlər görməyə tələsin. Çünki yaxın gələcəkdə qaranlıq gecələr kimi bəzi fitnələr ortalığı bürüyəcəkdir” (Müslim, İman 186) Peyğəmbərimiz bu hədisin davamında o qorxunc günlər gəlincə insanın özünü bu fitnələrin axarına təslim edəcəyini xatırlatmaqda və “O zaman insan mömin olaraq sabahlayar, kafir olaraq gecələyər; mömin olaraq gecələyər, kafir olaraq sabahlayar. Dinini kiçik bir dünyalığa satar” buyurmaqdadır. (Müslim, İman 186)
Həyatı, ölümü, ölüm sonrasını hər kəsdən yaxşı bilən o böyük Peyğəmbər etməyi düşündüyümüz yaxşılıqları fürsət əldə ikən bir an əvvəl etməli olduğumuzu yaşadığı misallarla ortaya qoymuşdur.
Nəfsi hesaba çəkmək
Bizim ən mühüm dərdimiz yaxşı mömin ola bilməkdir. Yaxşı mömin ola bilmək üçün özümüzü hər an hesaba çəkməli, yəni düşüncə və davranışlarımızı hər an nəzarətdə saxlamalıyıq. Peyğəmbərimiz (s.ə.s) bu mövzuda bizə bunları söyləyir:
“Ağıllı insan nəfsinə hakim olan və ölüm sonrası üçün çalışandır.” (Tirmizi, Qiyamət 25) Həzrət Ömərin mövzu ilə əlaqəli sözü nə qədər ibrətamizdir:
“Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin. Allahın hüzurunda verəcəyiniz o böyük hesaba özünüzü indidən hazırlayın. Özünü hələ dünyada ikən hesaba çəkənlərin axirətdəki hesabları asan olacaqdır.”
Özünü hesaba çəkməyin fərqli yolları var. İnsan özünə bəzi suallar vermək və bu sualların cavabını aramaq surətilə də nəfsini hesaba çəkə bilər.
Gəlin özümüzdən soruşaq:
Əcəba danışdığımız zaman faydalı və xeyirli sözlər danışırıqmı? Çünki Rəsulullah (s.ə.s): “Allaha və axirət gününə inanan ya xeyir danışsın, ya da sussun” buyurmuşdur. (Buxari, Ədəb 31; Müslim, İman 74) Demək ki, danışarkən həm özümüzə, həm də başqalarına fayda verəcək sözlər danışmalıyıq. Əks halda danışdığımız hər faydasız və zərərli sözün hesabı bizdən soruşulacaqdır. Çünki Allah təala bizim yanımızda, danışdığımız hər sözü yazmağa hazır vəziyyətdə gözləyən bir mələk olduğunu xəbər verir. (Qaf, 18) Biz Allaha və axirətə inanırıq. İnsanlara fayda verəcək söz söyləyə bilmiriksə, susmalıyıq. Əməl dəftərimizi əleyhimizə şahid olacaq sözlərlə doldurmamalııq.
Əcəba, din qardaşlarımızı onların xoşuna gəlməyəcək adlarla anır, qeybətlərini edirikmi? Peyğəmbərimiz (s.ə.s) qısaboylu bir adamın özünün olmadığı yerdə onun qısalığından danışmağın haram olduğunu söyləmiş, insanların şərəf və namusu ilə oynamaq kimi qəbul etdiyi bu cür sözləri qadağan etmişdi. Elə isə bu cür davranışları qətiyyən etməməliyik. Əcəba, başqasının arxasınca danışanları, yəni onların qeybətini edənləri dinləyirikmi? Halbuki Allah təala yaxşı möminlərin boş və faydasız şeylərdən üz çevirməli olduqlarını söyləyir. (əl-Muminun, 3)
Əcəba, insanların arasını vurmaq üçün söz gəzdiririkmi? Peyğəmbərimizin “Aravuran cənnətə girə bilməz” (Buxari, Ədəb 49,50) buyurduğunu, insanların arasını pozmaq üçün söz gəzdirənlərin qəbirlərində əzab görəcəklərini söylədiyini unutmamalıyıq. Əcəba, yalan danışırıqmı? Halbuki Peyğəmbərimiz yalançılığın müsəlmana yaraşmadığını, bunun münafiqlərin xasiyyəti olduğunu, görmədiyi bir yuxunu gördüm deyə danışmağın belə yalançılıq sayıldığını, yalançının cəhənnəmə girəcəyini xəbər verir. (Buxari, Ədəb 69, İman 24)
Əcəba, bir müsəlmana haqsız yerə söyərək onu incidirikmi? Halbuki Peyğəmbərimiz müsəlmana söyməyin fasiqliq, yəni haqq yoldan azmaq olduğunu bildirir. (Buxari, İman 36) Bu iki günlük dünyada həm başqasını incidərək, həm də haqq yoldan çıxaraq özümüzü bədbəxt ediriksə, bu ağıllı işidirmi? Rəbbimiz “müsəlmanlar bir-birinin qardaşıdır” buyurur, onlara şəfqətli davranmağımızı əmr edir. (əl-Hucurat, 10; əl-Hicr, 88) Peyğəmbərimiz də möminlərin eyni bir binanın parçaları kimi bir-birinə bağlı olmalarının vacibliyini, müsəlmanın din qardaşını düşmənə təslim etməyəcəyini, darda qalana yardım edəcəyini, onların bir-birinə bir bədənin üzvləri kimi yaxın olacaqlarını, bir-birinin dərdi ilə dərdlənəcəklərini söyləyir. (Buxari, Məzalim 3, 5, Ədəb 27; Müslim, Birr 58, 65, 66, Zikr 38)
Əcəba, müsəlmanların dərdini öz dərdimiz bilirikmi? Onların acısını qəlbimizin dərinliklərində nə qədər hiss edirik? Başımızın tacı Peyğəmbərimiz: “Sizdən biri özü üçün sevib arzuladığını din qardaşı üçün də arzulamadıqcca həqiqi mənada iman etmiş olmaz” buyurur. (Buxari, İman 7) Müsəlmanların qarşılıqlı vəzifələrindən söz edən Hz. Peyğəmbər “bir-birinizlə salamlaşın, xəstələndiyiniz zaman bir-birinizi ziyarət edin, ölənlərinizi dəfn edin, haqsızlığa uğrayanlara yardım edin, dəvət edənin dəvətinə iştirak edin...” buyurur. (Buxari, Cənaiz 2, Məzalim 5; Müslim, Salam 4) Əcəba, din qardaşlarımıza nə qədər yaxınlıq hiss edir, onlarla nə qədər maraqlanırıq? Haqsızlığa uğrayan qardaşlarımıza nə qədər yardım edir, yanlarında nə səviyyədə yer alırıq? Qısacası onlara nə qədər dəyər verirık?
Nəticə etibarı ilə Peyğəmbərimiz Allahdan aldığı buyuruqları bizə çatdırdı, yaşayacağımız bir həyat tərzi müəyyənləşdirdi. Bizə dünya imtahanında müvəffəq olmağın yolunu və üsulunu göstərdi. Biz onun ortaya qoyduğu həyat tərzini nə qədər mənimsəyirik? Onun buyuruqlarına nə qədər ehtiramlı, sünnəsinə nə qədər bağlıyıq? Onun ölçülərinə görə nə qədər müsəlmanıq?
Tərcümə: Saleh Şirinov
ŞƏRHLƏR