Mənəvi səfalət
İmtahan səhnəsi olan dünya, Allaha həqiqi bir imanın qəlblərdə qələbə çalacağını təmin edən və bu qələbəni hər an acı bir pərişanlığa çevirəcək qüvvələrin Adəm oğlunun varlıq mahiyyətindəki ölüm-dirim savaşına şahidlik etməkdədir. Qəfləti səbəbi ilə mənəviyyatını işğal etmiş bu qüvvələrin təsirini köklü şəkildə anlamaqdan məhrum qalan insan ilahi dəyərlərin həyatındaki önəmli rolunu dərk etmədə ciddi çətinliklərlə üzləşir. Qeyd edək ki, bəşər övladının özünü tanıma və dərk etmə yönündə qarşısında duran əsas maneələrdən və onu hərtərəfli şəkildə məşğul edən amillərdən biri də daha çox ekstrasensor qabiliyyətlərə malik olan insanların digərləri üzərində gələcəkdən xəbər vermə və s. kimi üzdəiraq əməllərlə önə keçərək özlərinə samballı bir əhatə, inanc və təsir dairəsi yaratmalarıdır.
İnsanlıq mədəniyyətinin yer üzündə təşəkkül tapmağa başladığı dövrlərdən özünə münbit şərait axtaran gələcəkdən xəbər verənlərin nəfslərə xüsusi cazibəsi ilə xoş gələn və daha çox dünyalıq arzusu ilə alovlananların tükənmək bilməyən ehtiraslarına hesablanmış fəaliyyətləri, müvəqqəti də olsa yer üzərində kifayət qədər möhkəm bir dayaqlara sahib ola bilmişdir. Hətta onların islamdan öncəki fəaliyyətlərini dəyərləndirən bir sıra qərb müəllifləri daha çok kahin adı ilə hallanan bu sehrbaz ekstrasenslərin cəmiyyətdəki rolunu belə qiymətləndirirdilər:
“Gələcəyi qeybdən xəbər verən falçılar, bütpərəstlik zamanında başlıca rol oynayırdılar. Ən mühüm hallarda onlara müraciət edilirdi: Müharibə haqqında onlarla məsləhətləşir və bəzən də onların özü bu müharibələrə rəhbərlik edirdilər...”
Mübarək islam dininin yer üzərinə yayılması hər bir sahədə olduğu kimi burada da əsrlərdən bəri formalaşan batil inanc əsaslarını sarsıdaraq onların mənfur təbiətini insanlara göstərə bildi. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmmədin kahinlik və onun mahiyyəti haqqında ümmətinə açıqladığı məqamlar bu sahədəki elmsizliyimizi önləyəcək ölçüdədir:
“Mələklər Anana (yəni buluda) enər və göydə qərar verilən bir işi danışırlar. Bu sırada şeytanlar qulaq oğurluğu vasitəsiylə bu söhbətləri dinlər və sonunda əldə etdikləri bilgiləri kahinlərə xəbər verərlər onlar da özlərindən buna yüz yalan qatıb söyləyərlər.”
Bir başqa hədisdə Rəsuli-Əkrəm: “Kim gələcəkdən xəbər verən birinin yanına gedib ondan nə isə soruşarsa və bunu təsdiq edərsə onun namazı 40 gün qəbul olmaz” – buyuraraq onlarla əlaqə saxlayan möminlərin ibadətlərini hansı təhlükələrə məruz qoyacaqlarını anlatmışdır.
Peyğəmbərlərin varisi olan alimlər də xüsusi qabiliyyətlərə malik olan insanların Allah nəzdindəki qiymətini hər kəsin anlayacağı inandırıcı bir üslubda öz əsərlərində göstərmişlər. Bu maraqlı məqamları bir islam alimi çoxları üçün qeyri-adi və bəlkə də son dərəcə təəccüblü şəkildə səslənəcək məsələləri heyranedici bir ustalıqla bildirməkdədir:
“Allah təalanı və sifətlərini tanımaq, qeyri-adi şeylər göstərməkdən və gizli şeyləri tapmaqdan daha qiymətlidir. Allahı tanıma mərifəti ilə qeyri-adi qabiliyyətlər sərgilənməsi arasında fərq yaradan ilə yaradılanlar arasındaki fərq kimidir. Səhih olan mərifətlər imanın kamil olduğunu göstərir və daha da inkişafına səbəb olur. İnsanın heç bir kamal dərəcəsi qeyri-adi qabiliyyətləri ilə bağlı deyil. İnsanların bir-birinə üstünlükləri mərifətləri ilə ölçülür. Qeyri-adi şeylər göstərmək təkəbbürə səbəb olur. Belə bir kimsə Allahı tanıma mərifətinə qovuşa bilməz. Aclıq və nəfsi istəklərdən əl çəkmək üçün çalışanların fərasəti cismlərin harada olduğunu anlamaq və qeyb olan şeyləri xəbər verməkdir. Bunlar yalnız Allahın yaratdığı məxluqat haqqında xəbər verir. Çünki Allahdan xəbərləri yoxdur. Mərifət əhli isə məxluqatdan fərqli olaraq Allah təalanın böyüklüyündən xəbər verməkdədir. İnsanların çoxu Allahdan qafil olduqları və qəlblərində dünya düşüncələri olduğu üçün, maddi şeylərdən xəbər almaq və qeybə aid olan məlumatları öyrənmək istərlər. Bundan xəbər verənləri Allahın sevdiyi qulu zənn edərlər. Mərifət əhlinin dediklərinə isə qiymət verməzlər. “Bunlar yəni mərifət əhli, Allah adamı olsaydılar məxluqatın hallarını bilib ondan xəbər verərdilər” – deyərlər.”
İnsanlığın mənəvi səfalətinə yol açan dünya hoqqalarından sadəcə biri olan öncəgörmə, qeybdən xəbər vermə sərsəmliyi, təfəkkürümüzü daima məşğul edən, inanc əsaslarımızın bütövlüyünə, sabitliyinə qarşı yönələn və öz mütəşəkkilliyi ilə seçilən ağır bir imtahandır. Bu imtahanın yükündən Qurani-Kərimə və Peyğəmbərimizin sünnəsinə savadlı şəkildə yiyələnməklə qurtulmaq mümkündür. Əziz Peyğəmbərimiz Muaz bin Cəbələ ünvanladığı bu nəsihəti çox ibrətamizdir:
“Ya Muaz! Təqvalı ol. Hər zaman düz danış. Əhdinə sadiq ol. Əmanətə xəyanət etmə. Yetimlərə nərhəmət et. Qonşunun haqqını gözlə. Hüç kəsə qəzəblənmə. Həmişə xoş danış. Hər müsəlmana salam ver. Qurani Kərim yolu ilə fiqh elmini öyrən və bu elmdən ayrılma. Hər işində axirəti düşün. Hesab gününə hazırlaş. Dünyaya könül vermə. Gözəl və faydalı işlərlə məşğul ol. Heş bir müsəlmanı pisləmə. Yalan yerə şahidlik etmə. Doğru sözü qəbul et. Yer üzündə fəsad çıxarma. Hər zaman Allahı xatırla. Gizli günahlara gizli, aşkar günahlara da aşkar tövbə eylə.”
ŞƏRHLƏR