Kitabimiz - Mədəniyyətimiz
İlk kitab bir Peyğəmbərə nazil olmuşdur. Və diriliş əslində kitabla başlamış, kitabla davam etmişdir. Yusufun zindandakı çiləsini də kitab ifadə edər.
Hz. Süleymanın sərvətini bizə kitab xəbər verdiyi kimi Hz. Məhəmmədin peyğəmbərliyinin ən böyük möcüzəsi də kitabdır. Müqəddəs kitab həmd ilə başlayar və “bu kitab” deyə davam edər: Bu kitab Allahdan layiqincə qorxanlar üçün doğru yol göstərən hidayət qaynağıdır.
Kitab insanı insan edər. Yoxluğun astanasından alıb varlığa və mənalı olmağa aparar. Həm də bütün mənfi xislətlərdən təmizləyərək.
Bir gün insan oğlunun yer üzündə bircə dənə də olsa dost tapmadığı zaman sığınacağı yeganə limandır kitab. Kitab bir mədəniyyətdir. İnsan övladı yazdıqca və oxuduqca varlığını davam etdirmişdir. Yaxud da belə deyək: dünya qurulandan bəri varlığından xəbərdar olduğumuz neçə-neçə mədəniyyətlər arxalarında yazılı miras qoymuş mədəniyyətlərdir. Dil, din, mədəniyyət, tarix və s. millətləri millət edən ünsürlərdir. Ancaq kitab mədəniyyəti bütün bunların da fövqündə olan bir ünsürdür. Bu ünsürlərin hər birinin varlığı və davamı birbaşa kitabla əlaqədardır.
Kitablar tarixin şahidi və millətlərin acı-şirin xatirələrinin qorunub saxlandığı sığınacaqlardır. Hansı mədəniyyətə aid olursa olsun, hər kitabın bəyaz səhifələrindən o millətin sevincləri, kədərləri, ağıları və o millətə aid olan nə varsa hamısını oxumaq mümkündür. Kitablar bir mənada cəmiyyətlərin yaddaşıdır.
Kitabın o qədər növü var ki; nəfs kitabı, kainat kitabı, heyvanat kitabı, cəmadat (cansızlar), nəbatat kitabı. İnsan hansı birini oxuyaraq bitirə bilər? Yaxud insanın iç dünyasındakı pərdələr qalxdıqca səhifələri açılan kitablar... Oxu, oxu, bitib-tükənməz.
Bəzən biz qarşımıza çıxan süni kitabların divarına çarpılıb olduğumuz yerdə qalırıq. Kitab çox kətumdur (sirr saxlayan), yaxud da biz can verən ruhumuzun küllərindən bir qığılcım çıxsın deyə ümidlənirik.
Bütün kitablar tək bir kitabı daha yaxşı anlamaq üçün oxunur ifadəsi də elə burada dövrəyə girir. Can verən ruhumuzun dirilməsi yeganə kitab olan Quranın iqliminə girdiyimiz zaman gerçəkləşəcəkdir. Rəsulullahın Quran oxunmayan evlərin xaraba olduğunu vurğulaması da Quranın ruhlarımız üçün bir diriliş iksiri olduğunu göstərməkdədir.
Kitabı və kitaba aid nə varsa onu anlamağın yolu da yenə Quranla olan ünsiyyətimizə bağlıdır. Quran bizi doğru zamanda doğru kitablar oxumağa istiqamətləndirər. Bunu da qzünü daha yaxşı anlamağımız üçün edər. Biz Quranı anlamaq üçün hər kitabı oxuduqca saflaşırıq, fitriləşir və ucalırıq. Bununla da qurduğumuz mədəniyyət insana, heyvana və yaradılan hər varlığa sevgi bəsləyir. Çünki təməlində vəhy olan bir mədəniyyət canlı-cansız heç bir varlığa kiçicik də olsa zərər gəlməsini istəməz.
Kitabla və ya Quranla aramıza əngəllər qoyduğumuz zaman qarşılıqlı incikliklər baş qaldırar.
Biz kitabı anlamadığımız zaman kitab da bizi anlamaz. Sanki bütün duyğularını itirir. Məhz o zaman kitabdan daha çox öz ruhumuzun duruluğunu və kitaba qarşı hansı niyyət içərisində olduğumuzu götür-qoy etməliyik. Kitabı mənliyimizin yüksəlməsi üçün, yoxsa mənlik xəstəliyindən təmizlənmək üçün oxuyuruq?
İlk əmr oxudur. İlk və ən dərin əmr. Oxumaq; oxuya bilməyənlər üçün kəlmə mənası ilə oxumaqdır. Bilənlər üçün oxu əmri “et və yaşa” mənasına gəlir. Yaşayan və əməl edən üçün isə bu əmr başqalarına da çatdır mənasını daşıyır.
Geniş bir liman olan Hira mağarasından evinə ülvi bir qorxu və təlaşla qayıdan Rəsulullah ilk əmrin ağırlığını o qədər dərindən hiss etmişdi ki, evə girib həyat yoldaşına “məni örtün, məni örtün” deyərək o əmrin böyüklüyündən xəbəb verirdi sanki.
Həyat düsturu olan Qurani-Kərim öz mədəniyyətinin ilk təməl daşını oxu əmri ilə atırdı. Yalnız yaradanın adını başda tutaraq oxumaq. Onsuz oxumağın boş və mənasız olduğu da eyni zamanda vurğulanırdı. O yaradan ki, yoxdan var edən, həyat verəndir. Çünki bitməyən bir xəzinədir Allahın limanı. Bütün dəryalar mürəkkəb, bütün ağaclar qələm olsa, onun sonsuz elmini yazmaqla bitirə bilməzdi. İnsan Onun adı ilə başlayan hər sətri oxumaqla öz iç aləmini inşa edər. Oxuduqca insaniləşər və kamala yüksələr.
ŞƏRHLƏR