Həzrət Peyğəmbərə Məhəbbətlə Tabe Olmaq
Dinin eşq, vəcd və ləzzət ilə yana bilməsi üçün Quran və Sünnənin həyatın hər mərhələsini əhatə etməsi zəruridir. Belə bir ruhani təkamül üçün ən mühüm səbəb qəlbin “məhəbbət” ilə dolmasıdır.
Çünki məhəbbətdən itaət və fədakarlıq doğar. Könüllər arasındakı mənəvi cərəyan xətti, ancaq məhəbbət sayəsində təsis edilə bilər.
Səhabeyi-kiramdan Ənəs bin Malik nəql edir:
Rəsulullah (s.ə.s)-in yanına bir nəfər gəldi və:
“- Ya Rəsulallah, qiyamət nə zaman qopacaq?” deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s) onun sualına sualla cavab verdi:
“- Sən qiyamət üçün nə hazırlamısan?”
“- Allah və Rəsulunun məhəbbətini!”
Bu cavabdan sonra Peyğəmbərimiz belə buyurdu:
“- Elə isə sən, sevdiyinlə bərabər olacaqsan!”
Ənəs (r.a) bu rəvayətə əlavə olaraq deyir ki:
“İslama gəlməkdən başqa heç bir söz bizi Allah Rəsulu (s.ə.s)-in: “Elə isə sən, sevdiyinlə bərabər olacaqsan!” sözü qədər sevindirməmişdir. Mən də Allahı və Rəsulunu, Əbu Bəkri və Öməri sevirəm. Hər nə qədər onların etdiklərini edə bilməsəm də onlarla bərabər olmağı ümid edirəm.” (Müslim, Birr, 163)
Sevimli Peyğəmbərimiz (s.ə.s)-i ona bəslədiyimiz eşq nisbətində və ona yaxınlaşa bildiyimiz ölçüdə tanıya bilərik. Çünki aşiq ilə məşuq arasında eşqin səviyyəsi qədər bir hissiyyat oxşarlığı yaşanır. “İnsan sevdiyi ilə bərabərdir.” (Buxari, Ədəb, 96) hədisi-şərifi də bu qəlbi bərabərliyi ifadə edir. Yəni sevən, sevdiyi nisbətdə sevdiyinə oxşamağa, onun şəxsiyyətindən pay almağa başlayar. Rəsulullah (s.ə.s)-dən ala biləcəyimiz ən mühüm mənəvi təhsil iç dünyamızı onun könlündəki hissiyyat ilə həmhal edə bilməkdir.
HƏZRƏT ƏBU BƏKRİN KÖNÜL GÖZÜ İLƏ...
Məhəbbətin zirvəyə yüksəlməsi nəticəsində həqiqi dostluq meydana gəlir. Bəşər içində Peyğəmbərimiz (s.ə.s) ilə həqiqi dostluğun zirvəsi şübhəsiz ki, Həzrət Əbu Bəkr (r.a)-a aiddir. Həzrət Siddiq, Peyğəmbərimiz (s.ə.s) ilə qəlbən bərabər olmağı ən zirvə nöqtəyə çatdırdığı üçün malını, canını ona fəda etmişdi. Onun yolunda cani-könüldən fədakarlıq edə bilməyi özü üçün ən böyük səadət bilmişdi. O, belə buyururdu:
“Mənə dünyadan üç şey sevdirildi:
1. Rəsulullah (s.ə.s)-in üzünə baxmaq,
2. Qızımın onun xanımı olması,
3. Malımı onun yolunda xərcləmək.”
Yəni Həzrət Əbu Bəkrin hər şeyini Allah və Rəsulunun yolunda sərf etməsi onun iman ləzzətini zirvəyə yüksəltdi. Həmçinin Əbu Bəkr (r.a) Peyğəmbərimiz (s.ə.s) ilə elə bir rabitə halında idi ki, onu vəfatından sonra da hər an könlündə yaşadır, sanki onun nəfəsini hiss edib, başqalarına da hiss etdirirdi. Onun bu halına misal olan bir hadisəni Əbu Hüreyrə (r.a) belə nəql edir:
“Bir gün Əbu Bəkr (r.a) minbərə çıxdı və:
“- Bilirsiniz ki, Rəsulullah (s.ə.s) indi mənim durduğum kimi keçən il sizin aranızda durmuşdu.” dedi. Sonra gözləri doldu. Bir müddət sonra sözlərini təkrar etdi, ancaq yenə qəhərləndi. Üçüncü dəfə də sözlərini təkrar etdi, yenə də özünü saxlaya bilməyib ağladı.” (Bax: Tirmizi, Dəavat, 105)
Məhz bu eşq sahibinin Peyğəmbərimiz (s.ə.s) ilə qəlbən bərabər olduğunu bilən arif könüllər də hər fürsətdən istifadə edərək mənən ondan faydalanmağa çalışar, Peyğəmbərimiz (s.ə.s)-in xatirələrilə ona olan həsrətlərini bir az da olsa təskinləşdirərdilər.
Əshabi-kiramdan Bəra bin Azib (r.a) atasının hər fürsətdə Allah Rəsuluna aid bir xatirəni dinləyə bilmə həvəsini belə nəql edir:
“Əbu Bəkr (r.a) atamdan bir palan aldı və onu evlərinə qədər aparmasını xahiş etdi. Atam isə:
“- Xeyr! Müşriklər sizin arxanızca düşdüyü bir vaxtda Rəsulullah (s.ə.s) ilə Məkkədən Mədinəyə necə hicrət etdiyinizi danışmasan, aparmaram” -dedi. Əbu Bəkr (r.a) da hicrət yolçuluqlarını danışdı.” (Bax: Buxari, Əshabun-Nəbi, 2; Əhməd, I, 2)
Həmçinin Həzrət Əbu Bəkrin bu sözləri Peyğəmbərimiz (s.ə.s) ilə qəlbən bərabərlik üfüqünü nə gözəl əks etdirir.
“Rəsulullah (s.ə.s)-i sevmək ryazət və mücahidədən, Allah yolunda qılınc çalmaqdan daha üstündür.” (Bağdadi, Tarixu Bağdad, VII, 161)
Bunun saysız misallarına Bədir, Uhud və Xəndək savaşlarında rast gəlinmişdir.
CANİ-DİLDƏN MƏHƏBBƏT...
Əshabi-kiram Rəsulullah (s.ə.s)-ə məhəbbətdə elə zirvəyə yüksəldilər ki, bütün varlığını onun yolunda fəda etməyi hər şeydən üstün tutdular. Bunun ən gözəl misallarından bir neçəsi Uhud döyüşü günü islam ordusunda bir anlıq meydana gələn qarışıqlıq əsnasında yaşanmışdı. Meydana gələn qarışıqlığı fürsət bilən bir qrup müşrik sırf Allah Rəsulunu hədəf alaraq şiddətli bir hücuma keçdi. Mühacir və Ənsardan bir çox səhabə Allah Rəsulunu qorumaq üçün onun ətrafına yığışdılar və lazım gələrsə bu yolda öləcəklərinə söz verərək Peyğəmbərimizə:
“- Üzümüz üzünün önündə sipər, vücudumuz sənin vücuduna fədadır! Allahın salamı hər zaman sənin üzərinə olsun! Biz heç vaxt sənin yanından ayrılmarıq.” dedilər. Bu yolda var gücləri ilə son nəfəslərinə qədər döyüşdülər. (İbn Sad, II, 46; Vaqidi, I, 240)
Əbu Talha (r.a) yayını çox sərt çəkən bir oxçu idi. Uhud döyüşü günü iman həyəcanı ilə döyüşərkən əlində iki-üç yay qırılmışdı. Allah Rəsulu (s.ə.s) gördüyü hər kəsə:
“Ox kamanını Əbu Talhaya ver!” deyirdi. Peyğəmbərimiz (s.ə.s) onun arxasından müşriklərə baxmaq üçün başını çıxardıqda Əbu Talha:
“- Atam-anam sənə fəda olsun, ya Rəsulallah! Başını qldırma! Müşrik oxlarının sənə dəyməsindən qorxuram. Mənim sinəm sənə sipər olsun. Sənə toxunacaq ox mənə dəysin!” dedi. (Buxari, Məğazi, 18)
Sad bin Əbi Vaqqas (r.a) da Peyğəmbərimiz (s.ə.s)-in yanında duraraq müşriklərin üzərinə ox yağdırırdı. Varlıq Nuru Peyğəmbərimiz də Sadın bu fədakarlığı qarşısında:
“- At, ey Sad! Atam və anam sənə fəda olsun!” buyururdu. Bu sözləri eşidən Həzərt Əli (r.a) qibtə edərək belə demişdi:
“Mən, Peyğəmbərimiz (s.ə.s)-in Saddan başqa heç kimə “Atam və anam sənə fəda olsun!” dediyini eşitmədim.” (Tirmizi, Ədəb, 61, Mənaqib, 26; Əhməd, I, 92)
Peyğəmbərimiz (s.ə.s) Uhud döyüşündən sonra çox sevdiyi səhabələrindən Sad bin Rəbinin halını xüsusilə maraqlanmış, əshabından bir nəfəri döyüş meydanına göndərərək onu axtarmağı əmr etmişdi. Səhabə, Həzrət Sadı nə qədər axtarsa da tapa bilmədi. Geri dönmək istəyirdi ki, son bir ümidlə:
“- Ey Sad! Məni Rəsulullah (s.ə.s) göndərdi. O, sənin sağ qaldığını və ya şəhid olduğunu öyrənmək üçün məni buraya göndərdi.” deyə səsləndi.
Elə bu vaxt son anlarını yaşayan və cavab verməyə taqəti qalmayan Sad (r.a) onu Rəsulullah (s.ə.s)-in soruşduğunu eşidərək bütün gücünü topladı və:
“- Mən artıq ölülülər arasındayam!” deyə bildi. Dərhal Həzrət Sadın yanına qaçan səhabə onun vücudunu qılınc zərbələri ilə dəlik-deşik vəziyyətə salındığını gördü. Və ondan ancaq pıçıltı halında bu sözləri eşitdi:
“- Vallah, gözləriniz açılıb-yumulduğu müddətdə Rəsulullah (s.ə.s)-i düşmənlərdən qorumasanız və beləcə onun başına bir müsibət gəlməsinə fürsət versəniz, sizin üçün Allah qatında irəli sürüləcək heç bir bəhanə olmayacaq!” (Muvatta, Cihad, 41; Hakim, III, 221/4906; İbn Hişam, III, 47)
Sevimli Peyğəmbərimiz (s.ə.s)-ə sağlığında edilən hücumlar fərqli şəkil və metodlarla küfrün kirli əli və zəhər qusan dili ilə günümüzdə də görünməkdədir. Vaxtilə səhabə nəslinin canları ilə Allah Rəsuluna sipər olmaları bu gün bizim üçün Peyğəmbərimizin müqəddəs mirasına sahib çıxma xüsusunda göstərəcəyimiz həssasiyyəti ifadə edir. Bu həssasiyyət ümməti-Məhəmmədin borcudur.
Unutmayaq ki, Peyğəmbərlər dünyəvi bir miras qoymazlar. Rəsulullah (s.ə.s)-dən ümmətinə qalan əsl miras onun nümunəvi şəxsiyyəti və təqvasıdır. Onun ən böyük əmanəti də Qurani-Kərim və Sünneyi-Səniyyədir. Bu miras və əmanətə sahib çıxmaq onun əxlaqına bürünərək təqva həyatı yaşamaq və onu hər zaman və məkanda layiqincə təmsil etməklə mümkündür. Bu halın bizim üçün bir təqva imtahanı olduğunu unutmamaq lazımdır.
Rəsulullah (s.ə.s)-in ruhunda ümmətinin dərdi ilə sanki bir məhşər qaynayırdı. Onun həyatı boyunca bəşəriyyətin qurtuluşu üçün çırpınması vəfatından sonra da qəbrində, ilk Sur üfürülənə qədər ümməti üçün Rəbbinə yalvarması qarşısında ona təşəkkür hissləri ilə dolmayacaq bir vicdan düşünülə bilməz.
O, daima ümmətinə məhəbbət bəxş etdi. Dərdlilərin dərd ortağı oldu. Möhtacların yanında oldu. Beləcə Allahın lütfü ilə onu canından artıq sevən bir səhabə toplumu meydana gəldi.
Bizə onun bu alicənablığından gələn mesaj budur: “Müşkülünü həll etdiyimiz insan və məhəbbət bəxş etdiyimiz cəmiyyət bizimdir.”
Məhz belə bir məhəbbət iqlimində yetişən əshabın Peyğəmbərimiz (s.ə.s)-ə “Atam-anam, canın sənə fəda olsun, ya Rəsulallah” deyərək canlarını fəda etmələri onlar üçün ən böyük ləzzət halına gəlmişdir. Bu halın saysız misallarından biri də Raci hadisəsində yaşanmışdır.
Allah Rəsulu (s.ə.s) islamı öyrətmək üçün ətraf qəbilələrə müəllimlər göndərirdi. Adal və Karə qəbilələri də müəllim istəmiş və on nəfərlik bir heyət yola çıxmışdı. Lakin onlar tələyə düşürüldü, müəllimlərdən səkkizi şəhid edildi, ikisi də əsir alındı. Əsir düşən Həzrət Zeyd və Həzrət Hübeyb təslim edildikləri məkkəli müşriklər tərəfindən şəhid edildi. Şəhid edilmədən əvvəl Həzrət Hübeybə:
“Canının qurtulmasının əvəzinə sənin yerində Peyğəmbərinin olmasını istəyərdinmi?” deyildi. Hübeyb (r.a) bu sualı soruşan Əbu Süfyana nifrətlə baxdı və:
“- Mənim, ailəmlə birlikdə olub Peyğəmbərimizin burada olmasını istəmək bir yana, canımın qurtulmasının əvəzinə Peyğəmbərimin bu an olduğu yerdə ayağına bir tikan batmasına belə, əsla ürəyim razı olmaz!” dedi.
Bu misilsiz məhəbbət mənzərəsi qarşısında sanki quruyub qalan Əbu Süfyan:
“- Heyrət! Mən, dünyada Məhəmmədin əshabının onu sevdikləri qədər bir-birini sevən başqa heç kimsəni görmədim.” dedi. (Vaqidi, I, 360; İbn Sad, II, 56)
Rəsulullah (s.ə.s)-in həyatını insaf nəzərləri ilə tədqiq və təhlil edən bir çox qeyri-müsəlman belə, ona olan heyranlıqlarını gizlədə bilməmişlər. Yazıçı Tomas Karlayl bu həqiqəti belə etiraf etmişdir:
“Başında tac gəzdirən heç bir imperator öz əli ilə yamadığı xirqəni geyən Həzrət Məhəmməd qədər sevgi və hörmət görməmişdir.”
Peyğəmbərimiz (s.ə.s)-i həqiqi mənada tanıyıb ondan layiqilə istifadə etməyin yeganə şərti ona məhəbbət və hörmət göstərməkdir. Bu baxımdan əshabın könlündə də heç bir sevgi Allah və Rəsulullah sevgisinin qarşısına keçməmişdi. Nə mal-mülk, nə övlad, nə də can sevgisi... Çünki bunların hamısı dünyada qalacaq. Lakin Allah və Rəsulunun sevgisi isə əbədi səadətin könül sərmayəsi olacaqdır.
ALLAHI SEVİRSİNİZSƏ...
Həsən Bəsri həzrətləri nəql edir ki:
“Səhabeyi-kiram Rəsulullah (s.ə.s)-ə:
“- Ey Allahın Rəsulu! Biz, Allah təalanı çox sevirik. Lakin Allahın Zatını həqiqi sevmənin əlamətini də bizə bildirin.” dedilər.
Bu səmimi tələb qarşısında Allah təala: “(Ya Rəsulum!) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” ayeyi-kəriməsini nazil etdi.” (Bax: Təbərani, Camiul-Bəyan, 6845, 6846)
Yəni bəndəni Allahın məhəbbətinə nail edəcək vasitə Həzrət Peyğəmbər (s.ə.s)-dir. Belə ki, Həzrət Peyğəmbərə bəslənən məhəbbət, Allaha məhəbbət; ona itaət, Allaha itaət; ona üsyan isə, Allaha üsyan sayılır.
Alaaddin Konevi həzrətləri Rəsulullah (s.ə.s)-ə tabe olmaq və ona hörmət göstərməkdə qüsur etməmək üçün bu xüsusları tələbələrinə şərt qoşmuşdur:
1. Rəsulullah (s.ə.s)-in mübarək adı zikr edildikdə salətu-salam gətirmək,
2. Qəbri-şərifləri ziyarət edildikdə hüzurunda səsi yüksəltməmək və ədəbi mühafizə etmək,
3. Rəsulullahın harəmi olan Mədineyi-Münəvvərəyə təzim və hörmət göstərmək və Mədineyi-Münəvvərə əhlinə ikram etmək,
4. Rəsulullah (s.ə.s)-in mübarək sözləri və əməlləri olaraq bildirilən hər şeyə onun şəninə xələl gətirəcək bir söz və ya hərəkətlə qarşılıq verməkdən çəkinmək. Məsələn, Rəsulullah (s.ə.s) filan şeyi sevərdi, deyildikdə bizim qəlbimizdə də həmən şeyi sevməyə qarşı bir gözəllik və həvəs hissi oyanmalıdır.
5. Qurani-Kərim və hədisi-şərif kitablarının üzərinə hər hansı bir kitab və ya əşya qoymamaq.
6. Allah təalanın və ya Rəsulullah (s.ə.s)-in adlaırının yazıldığı bir kağızı atmamaq və cırmamaq. Hətta bütün islami kitablara hörmət göstərmək lazımdır. Bunlar istifadəyə yararsız vəziyyətdədirsə, ayaqaltı olmayan bir yerə basdırmaq və ya yandırmaq lazımdır.
SALAVATİ-ŞƏRİFƏ
Sevən sevdiyini sevgisi nisbətində təqlid edər. Onu könlündən çıxarmaz, dilindən düşürməz. Rəsulullah (s.ə.s) ilə qəlbi yaxınlığın ən mühüm əlaməti onu salavati-şəriflərlə yad etməkdir. Bunun əksi mənəvi xüsran səbəbidir. Necə ki, Hz. Peyğəmbər belə buyurmuşdur:
“Kim yanında adım çəkildiyi halda mənə tam salavati-şərifə gətirməzsə məndən deyildir, mən də ondan deyiləm. Allahım, mənimlə əlaqəsini davam etdirənlə Sən də əlaqəni davam etdir. Mənimlə əlaqəsini kəsənllə Sən də əlaqəni kəs!” (Deyləmi, əl-Firdövs, III, 634)
Başqa hədislərində də belə buyurulur:
“Yanında adım çəkildiyi halda mənə salətu-salam gətirməyən kəs xəsis adamdır.” (Tirmizi, Dəavat, 100)
“Kim mənə salətu-salam gətirməyi unudarsa, cənnətin yolunu azar.” (İbn Macə, İqamət, 25)
Salavati-şərifə bu qədər mühümdür. Hətta namaz qılarkən hər təhiyyatda Rəsulullaha “əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh” deyərək salam verməklə əmr olunmuşuq. Namaz qılarkən bəşər övladından birinə salam vermək namazı pozduğu halda Allah təala Rəsuluna salam verməyi namazın vacib bir rüknü qılmışdır.
İmam Qəzali həzrətləri deyir ki:
“Namazın təşəhhüdündə Peyğəmbər (s.ə.s)-in surətini və kərim şəxsini qəlbində hazır tut! “əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh” de! Əmin ol ki, sənin salamın Allah Rəsuluna çatır və o, sənə daha gözəl bir cavab ilə qarşılıq verir.” (Ehyayi-ulumiddin, I, 224)
Xalidi Bağdadi həzrətləri Şihab bin Həcər əl-Məkkidən bunları nəql edir:
“Namazda oxunan təhiyyatın “əs-sələmu aleykə” cümləsində Hz. Peyğəmbərə xitab edilməkdədir. Sanki bu, namaz qılan ümmətindən Rəsulullahı Allahın xəbərdar etməsidir. Bununla da Peyğəmbərimiz namaz qılanların yanında hazır olub qiyamət günü onların lehinə ən fəzilətli əməlləri ilə şahidlik edəcəkdir. Eyni zamanda onu mənən anımızda olmasını xatırlamaq qəlbimizdə xüşu və mütiliyin artmasına səbəb olur.”[1]
Allah təala Həzrət Peyğəmbər (s.ə.s) ilə qəlbi əlaqəmizi daim eyləsin! Onun sünnəsini həyatımızın məhvəri halına gətirsin! Həbibinin hörmətinə bizi əfv edib bağışlasın!..
Amin!
ŞƏRHLƏR