Allaha Olan Sevginin Sirri
Ötən əsrimizin 92 yaşında yaxın qohumum, görkəmli yazıçımız Nəriman Süleymanovun iki işgüzar səfərimdən sonra məndən xəbər aldığı bir sorğunu indi də unuda bilmirəm.
İlkin səfərim Təbrizə, ikincisi isə İsveçrənin Montre və Cenevrə şəhərlərinə idi. Nəriman müəllimin sualı isə belə idi.
- Düzünü de, bu şəhərlərdən hansı daha çox xoşuna gəldi?
Çəkinmədən:
- Təbrizdən, - deyəndə təəccübünü gizlədə bilmədi.
- Təbrizin saf suyunu, təmiz havasını, ən çoxu isə buranın insanlarının – türklərin Allaha, dinə-imana böyük sevgisini gördüm, - deyəndə müsahibim bir daha məni “imtahana çəkmədi”...
O vaxtdan nə az, nə də çox, təxminən ömrün 17 baharı keçibdir. İndi yazı masamın üstündə Türk dünyasının din xadimi, kitablarını heyrət və heyranlıqla oxuduğum Osman Nuri Topbaş bəyin “Məhəbbətdəki Sirr” kitabının ingilis dilinə “Allaha olan sevginin sirri” (“The Secret in the Love for God”) adı ilə tərcümə edilmiş nəşrini dönə-dönə oxuyub, Azərbaycan türkcəsilə müqayisə aparmaq məramında oldum. İngilis nəşrinə daxil edilmiş 16 ayrı-ayrı bölümdən ibarət, lakin vahid süjet xəttində Allahımıza olan sevginin sirlərini aşiyan edən bu nəşrin dəyərləri çoxdur. Mənə elə gəldi ki, kitabın tərcüməsini mütərcim Selman bəyin ağır zəhmətinin uğuru kimi dəyərləndirmək olar.
Osman bəyin son yazılarının birində məşhur bir rəssamın Həzrət Mövlananın şəklini çəkməyə cəsarət edib 20 vərəqi korlayıb rəsmin alınmadığını görəndə rəssamın dili ilə dediyi sözləri xatırladım:
- Bu dinin vəlisi belədirsə, kim bilir nəbisi necə olacaq?!
Müəllifin həm uca Allahımıza, həm də Həzrət Peyğəmbərimizə olan sevgini necə yazıya alıb onu böyük məhəbbətlə oxucuya ərməğan etməsindəki məharət və ustalığının böyüklüyünə qibtə etdim.
Kitabın ingilis nəşrini oxuyanda istər-istəməz Şərq və Qərbin – İslamla – Xristianlığın başının tacı olan uca Allahımızın indi iki sivilizasiyasının bir-birinə yaxınlaşmasında nə dərəcədə böyük rolu olduğunu fikirləşdim. Hətta Şərq və Qərb sözlərini qarşılaşdıranda bu iki sözün hərflərindən beşini seçib götürəndə məxrəcdə “Bəşər” sözünün yarandığını görəndə sevindim.
Kitab müəllifinin Cəlaləddin Ruminin Məsnəvisində buyurduğu sözlərin ingilis tərcüməsində Allaha olan sevginin sirrinin açılmasında gücünə güvəndim. Həmin məsnəvidə deyildiyi kimi:
Allah buludun qulağına bir sirr pıçıldadı, buludun gözlərindən su tuluğu kimi yaş töküldü.Allah gülün qulağına bir sirr söylədi və onu rəng və rayihə səltənəti ilə gözəlləşdirdi. Allah daşa bir sirr söylədi və onu mədən içində əqiq etdi. Allah insana bir sirr verdi və həmin sirri qoruyanları sonsuzluğa ucaltdı.
Allaha olan məhəbbətin sirri bu fikirdə aşiyan olsa da, müəllifin kitabında bu sirrin görünən və görünməyən cazibədar nəql, şərh və misallarla təqdimatını ingilis oxucusu da təfəkkür edib öyrənə bilər.
Kitabın ingilis nəşrində Məhəmməd Füzulidən Məcnunun məhəbbəti ilə bağlı misraların və nümunənin özəlliyi məni özünə ram etdi. Çöllərdə, səhralarda dolaşan Məcnundan Leylinin evinin harada olduğunu soruşanlara öz ürəyini göstərib buranın Leylinin evi olmasını söyləməsi nə gözəl səslənir. Allaha olan sevgimizin əhatəsində ürəyimizin Allahımızın evi olduğunu məntiqi və həyati bir məsəl kimi çəkən əsər müəllifi bu sevginin sirrini açmaq üçün oxucuya çox mətləblərin sirrini açmağa cəsarət etmiş və buna nail olmuşdur.
Tikansız qızıl gül, nöqsansız da tərcümə əsəri olmur. Ancaq bu ağır və məsuliyyətli tərcümə işinin öhdəsindən gələn mütərcim şüşə altında olan qızıl gülü Qərb oxucusuna göstərməyə müyəssər olmuşdur.
ŞƏRHLƏR