ƏRƏB ALƏMİNİN ƏN BÖYÜK ŞƏHƏRİ QƏDİM QAHİRƏ

ƏRƏB ALƏMİNİN ƏN BÖYÜK ŞƏHƏRİ QƏDİM QAHİRƏ

Misirin paytaxtı və Ərəb dünyasının ən böyük şəhəri olan Qahirə qədim tarixə malikdir. Ümumiyyətlə hələ məktəb illərimizdən bilirik ki, Misir qədim dövrlərdən bəri sivilizasiya mərkəzlərindən olmuş və bu gün turistlərin kütləvi axın etdiyi bir ərazidir. Qahirə nəinki Misirin, həmçinin ətraf ölkələrin də iqtisadi və mədəni mərkəzi sayılır. Bir çox universitetin, muzey və abidələrin Qahirə şəhərində olması buranı daha da maraqlı edir. 1979-cu ildən bəri Qahirə şəhəri UNESCO tərəfindən Dünya Tarix Mirası səhifəsinə salınmışdır.

Min illərdir ki, durmadan axmaqda olan, keçdiyi sahillərdə özünəxas mədəniyyətə, dünya tarixinin ən uzun müddətli krallığına şahidlik edən Nil çayı... Giza piramidaları, sfinkslər, mumiyalama məbədi, məşhur əl-Əzhər universiteti ilə səyyahları özünə cəlb edən Misir və paytaxtı Qahirə dünyanın ən qədim, eyni zamanda sirli sivilizasiyasına malikdir. Əhalisi əsasən üç qrupa ayrılır: qaradərili nubyalılar, qədim Misirin qurucularından olan, hami soyundan gəlmə əsmər dərili ağlar və ərəblər. Əhalinin əksər hissəsi müsəlmandır. Buranın yerli sakinləri yumşaq xasiyyətli, qonaqpərvərdir. Havanın isti olmasına baxmayaraq səhərlər Nilin sahilləri xəfif sislə örtülür. Çayda üzən qayıqlar bu sisli mənzərəyə daha fərqli bir dad qatır. Küçələrində məşhur müğənni Ümmü Gülsümün, məscidlərində Abdussamədin ecazkar səsi, səhrada isə təbii olaraq külək vıyıltısı buranın özünəxas xüsusiyyətlərindəndir.

Şəhərin mərkəzində yerləşən Misir Müzeyi (Mithaful-Mısri) də turistlərin ən çox maraq duyduğu yerlərdən biridir.  1900-cü ildə fransız memar tərəfindən neo-klassik tərzdə tikilən bu muzey dünyanın ən böyük Antik Misir kolleksiyasına sahibdir. Giriş qismində 42, ikinci mərtəbəsində isə 47 otaqda əsərlər sərgilənir. Burada antik mədəniyyətin qalıqları olan latın, yunan və ərəb dillərində yazılmış papiruslar, qızıl, günüş və bürünc pullar diqqət çəkir. Yunan, Roma, Misir və İslam mədəniyyətlərinə aid pulları tədqiq etdikdə Qədim Misir ticarəti haqqında kifayət qədər məlumat sahibi olmaq mümkündür.  Burada həmçinin 1894-cü ildə Dəhşurda tapılan Orta Krallıq dövrünün krallarının və ailələrinin məzaqlarından çıxan sənət əsərləri, Amenhotep Horemhebin məzarlarından çıxarılan əsərlərlə Yuya və Tuyanın məzarları, IV Ramzesin, I Seti və III Titmusun mumiyaları sərgilənir.

İndi isə gələk Xan əl Xəlili bazarına. Bura Orta Şərqin ən böyük bazarlarından birdir. Misirin ən çox turist cəlb edən bölgələrindən biri də məhz bu bazardır. Təhrir meydanının şərqində yerləşən bu bölgə İslam memarlığının bir çox örnəklərinə ev sahibliyi edir. Gümüş, mis, qızıl kimi metallardan, cürbəcür daş-qaşdan düzəldilmiş hədiyyəlik bəzək əşyaları, dəri və müxtəlif parçalardan tikilmiş libaslar, ruhu canlandıran, bədənə təravət verən ətirləriylə Şərqin ekzotik ədəvaları və ara küçələrə yerləşdirilmiş çayxanaları. Qahirənin Şərq Mədəniyyətini görmək istəyirsinizsə mütləq buraya baş çəkməlisiniz. Burada Qahirənin ən məşhur çayçısı olan və 1773-cü ildən bəri 24 saat açıq olan Fişavi çayçısı da yerləşir.

Qahirənin şərq hissəsi İslam mədəniyyətinə aid bir çox əsərlə dolu olduğuna görə İslami Qahirə adlanır. Xüsusilə yuxarıda bəhs etdiyimiz Xan əl-Xəlili bazarının ətrafında bir çox tarixi abidə vardır. əl-Muizz küçəsində Qalavun Külliyəsi və bu kompleks içərisində içi Məmlük memarlığı, çölü Avropa qotik tərzini əks etdirən müxtəlif tikililət gözə dəyir.

Qalavul Külliyəsindən şimala tərəf addımladıqda Babul-Futuh (Fəth qapısı) keçidi və bu qapının yanında yerləşən əl-Hakim Camesi ilə qarşılaşacaqsınız. 990-cı ildə inçasına başlanan bu came 1013-cü ildə tamamlanmışdır. Şəhərin ikinci böyük camesi sayılır. Xan əl-Xəlilin cənubunda yerləşən əl-Qavri Külliyəsindən sonra isə məşhur əl-Əzhər Camesini yaxından görəcəksiniz. Bu camenin eyni zamanda dünyanın ilk universiteti olduğu qeyd edilir. 972-ci ildə qurulan və əsrlərdən bəri təlim-tədrisin davam etdiyi came hər il bütün dünyadakı müsəlman ölkələrdən çoxlu tələbə qəbul etməkdədir.

Xan əl-Xəlili bazarının cənubunda, 15 dəqiqəlik məsafədə isə məşhur Qahirə qalası yerləşir. Daxilindəki tikililərin çoxluğuna nəzərən bura sanki başlı-başına bir şəhərdir. Camelər, muzey və iaşə obyektləri ilə bəzənmiş qalanı gəzmək turistlərin zövqlə keçirdiyi saatlardan sayılır. Həmçinin bura mərkəz Qahirənin səs-küyündən qaçıb dincəlmək üçün ən ideal yerdir. Qalaya çıxıb qədim Qahirənin bugünkü mənzərəsini seyr etməksə insana ayrı bir zövq verir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz