MÜƏLLİMLƏRƏ ŞƏFQƏT VƏ MƏRHƏMƏT SƏSLƏNİŞİ

MÜƏLLİMLƏRƏ ŞƏFQƏT VƏ MƏRHƏMƏT SƏSLƏNİŞİ

Yay tətili sona çatdı. Yeni təlim-tədris ili başlamaq üzrədir.

Sentyabr məktəblərin açıldığı, yeni təlaşların, həyəcanların başladığı bir aydır.

Sentyabr məktəbə davam edənlər üçün müəllim və sinif yoldaşları ilə yenidən görüş, yeni başlayanlar üçünsə ilk dəfə evdən kənar sosial həyata atılmağın həyəcanı deməkdir.

Təhsil ocağının müdavimləri üçün uzun sayıla biləcək bir ayrılıqdan sonra yenidən məktəblər dolacaq və gələcəyimiz adlandırdığımız uşaqlarımız müəllimləri və məktəbləri ilə görüşəcək və yeni bir təhsil ili başlayacaq.

Tətillərin uzun bir dönəm olması bəlkə də tələbələrin tədris havasından uzaqlaşmasına və ya müəyyən qədər tənbəlliyə düşməsinə səbəb ola bilər. Burada ən mühüm vəzifə yenə tətil olmadan tələbəsinin gündəmini dolduracaq müəllimə düşür. Sonra əsas vəzifə ata-analara düşür. Ata-analar uşaqlarıyla birlikdə olarkən onlara müxtəlif oxu proqramları təşkil etməli, performansı aşağı da olsa, sinfi, dərsi, məktəbi unutdurmamaq üçün əllərindən gələni etməlidirlər.

Təlim-tərbiyə çətin işdir. Xüsusilə də zəmanəmizin insanlarını yetişdirmək daha çətindir. Uşaq müəllimin qarşısına gələnə qədər bir çox təsirlərə məruz qalır. Uşağı təsir altına salacaq o qədər mənfi ünsür var ki!.. Bu, tərbiyəçinin işini bir az da çətinləşdirir. Gərəkli həssaslıq göstərilməz, lazımi nəzarətlər edilməzsə, məktəblər çox acı və kədərli hadisələrin baş verə biləcəyi məkanlara çevrilə bilər. Yaxşı ilə pisi ayırd etmə çağındakı gənclərimiz başıboş buraxıldıqları təqdirdə asan istismar edilə bilərlər. Bu səbəblə ilk növbədə sinif müəllimlərinə, məktəbin idarə heyətinə və valideynlərə vacib vəzifələr düşür.

Burada xüsusilə ibtidai sinif müəllimlərinin diqqətini çəkmək istəyirik.

Anasının isti qucağından çıxıb öz tay-tuşlarının arasına qarışan bu uşaqlar müəllimlərindən ana, atadan gözlədiklərindən daha artıq şəfqət gözləyirlər. Gülər bir üz, şirin bir söz gözləyirlər.

Hələ 7-8 yaşına yeni girmiş bu azyaşlıların xəyal dünyalarında müəllim hər şey deməkdir. Buna görə ibtidai sinif müəllimləri digərlərindən fərqli olaraq daha çox məsuliyyət daşıyırlar. Çünki ilk şəkli onlar verirlər. Kiçik bir xətalı hərəkət uşağın bütün gələcəyinə təsir edə bilir.

Müəllimin şagirdə yaxınlaşmasında əsas prinsip şəfqət və mərhəmət olmalıdır. İnsanı sevmək, hörmət etmək, tərbiyələndirmək bir cəhətdən yaradılışın qayələrindəndir. Bütün peyğəmbərlər insanın islahı, hidayəti üçün gəlmiş və daha yaxşı qulluğun yolunu göstərmək üçün mücadilə etmişlər.

Müəllimlər hər bir tələbəni, şagirdi öz balası bilməlidir. Dərsin tələblərini verməklə kifayətlənməyib, o uşağı öz övladı kimi gələcəyə hazırlamaq dərdində olmalıdır.

Təhsil həyatımızda yaddaşımıza iz qoyan müəllimlərimiz bizimlə dərs xaricində maraqlanan və dərdimizə şərik olan ustadlarımız olmuşdur.

Bir kino klasiksi olan Hababam Sinfi filminin tərbiyəvi mənfilikləri olmasıyla yanaşı, oradakı Mahmud Hoca xaraxteri fədakar, şəfqətli müəllim xarakterini canlandırır. Lazım gəldikdə sərt, cəzalandıran, amma qəlbində tələbələrinə qarşı dərin bir şəfqət olan bir Mahmud Hoca. Hər birimizin təhsil həyatında mütləq bir Mahmud Hoca vardır. Bir müəllim yalnız öz tələbəsinin hafizəsində dərin və şirin xatirə qoyaraq peşəsinin haqqını verə bilər. Bu, sadəcə dərsi gözəl izah etməklə deyil, tələbə ilə səmimi əlaqə qurmağa bağlıdır.

 Müəllimlik peyğəmbər peşəsidir. Xammalı insan olan bir peşə. İşlənməmiş, formaya salınmamış və duyğuları təzə bir insan. Bu insan sizin əlinizə gəlir. Siz onu istədiyiniz formaya salmaq üçün çalışırsınız. Daş işləyən bir heykəltəraş kimi naaxış-naxış işləyirsiniz. Bu prosesdə təməli doğru başlamamısınızsa, qarşınıza fərqli insan tipi çıxacaqdır.

Müəllimlik peşəsi ilk növbədə könül işidir. Müəllim məktəbi, elmi, tələbəni sevməlidir. İlk növbədə özü ilə sülh içində olmalıdır. Peşəsini bir iş olaraq görməkdən əlavə sevgi və eşqlə yaşamalıdır. Çünki bu və buna bənzər peşələr müəyyən fədakarlıq duyğuları ilə həyata keçirilmədiyi təqdirdə bərpası çətin olan problemlər meydana çıxarır.

Əvvəlki illərə nəzərən təhsil imkanlarının inkişafı insanı sevindirir. Texniki təlimçilərin gənc və dinamik olması və müasir məkanların hər gün artması sevindirici haldır.

Amma əsas məsələ fiziki şərtlərin yaxşılaşdırılmasından daha çox şagird və tələbələrimizin, tərbiyəçilərimizin bu işi mənəvi bir məsuliyyət şüuru içində həyata keçirmələridir. Yüzminlərlə, milyonlarla gəncin əmanətini boynuna götürmək hər insana qismət olacaq bir şərəf deyil. Bunun haqqını verməksə həmin tərbiyəçilərin dünyada və axirətdə xeyirlə yad edilmələri deməkdir.

Gəlin bu tədris ilində bütün şagird və tələbələrimizin nümunə götürdüyü yeganə insan,

Ömürləri boyu unutmayacaqları bir müəllim

Və onlara bir ana, ata olaq.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz