Hədis Oxumalıyıq
Həzrət Peyğəmbərin bizə ən gözəl örnək olduğunu bildirən ayeyi-kərimə ondan nümunə götürməyimizi tövsiyə edir. Rəsuli-Əkrəm (s.ə.s) evində necə yayışayrdı? Küçəyə necə çıxardı? Yolda necə yeriyərdi? Gördüyü insanlarla necə rəftra edərdi? Məscidə gəldiyi zaman nə edər, necə ibadət edərdi? İslamiyyəti öyrətmə metodu nə idi? Hələ müsəlman olmayanlara qarşı davranışı və onlara İslamiyyəti təbliğ şəkli necəydi? İnsanlar bir yana, heyvanlara, hətta əşyaya qarşı nə şəkildə davaranardı? Bütün bunları və daha başqa xüsusları öyrənməmiz, İslamiyyəti doğru şəkildə yaşaya bilməmiz Allah Rəsulunu tanımamıza, Allah Rəsulunu tanımamız da Hədislərdəki İslamı öyrənməmizə bağlıdır.
Hədislərlə əlaqəmiz artdıqca, əvvəlkinə nisbətən insanlarla olan əlaqələrimizin daha da gözəlləşdiyini hiss edərik. Eynilə Rəsulullah əleyhissəlam kimi qarşımızdakı insanlara dəyər verəcəyimiz, onlarla gözəl rəftar edəcəyimiz üçün onların da bizə dəyər verdiklərini, bizə daha yaxın və səmimi davrandıqlarını görərik. Elə həmin vaxt Peyğəmbər əxlaqının mükəmməlliyini, insanları bir-birlərinə necə qaynaşdırıb qucaqlaşdırdığını anlayarıq.
Doğrular, Yanlışlar
Əziz Peyğəmbərimizi və onun sünnəsini bilmədiyimiz və ya sünnəyə uyğun şəkildə yaşamadığımız üçün bəzi vaxtlar qəribə vəzyətlərə düşər, insana yaraşmayan davranışlar sərgiləyə bilərik. Buna misal olaraq yolda qarşılaşdığımız insanlarla olan qəribə, gülünc, hətta acınacaqlı halımızı xatırlada bilərik. Ətrafda heç kimin olmadığı tənha bir saatda, dar və ya geniş bir yolda, tanımadığız biri ilə qarşı-qarşıya gəlir və bir-birimizin gözünə baxaraq, yaxud gözlərimizi bir-birimizdən qaçıraraq keçib gedirik. Salam, kəlam yox.. Halbuki Əziz Peyğəmbərimiz “tanıdığınız və tanımadığınız hər kəsə salam verin” buyurmuş, özü uşaqlara belə salam vermiş, salam verməyin savab olduğunu dəfələrlə qeyd etmişdir.
Hədislər bizə küsülü qalmağın xoş olmadığını, küsülüləri barışdırmağın nafilə namaz qılmaqdan, nafilə oruc tutub sədəqə verməkdən daha xeyirli olduğunu (Əbu Davud) öyrədir. Dünyada xətasız, qüsursuz insan olmadığını hər kəs bilir. Əziz Peyğəmbərimizin “kim dünyada müsəlman qardaşının ayıbını örtərsə, Allah da axirətdə onun ayıbını gizlədib örtər” buyurduğunu eşidən və ya oxuyanlar, özlərinə qarşı edilən xətaları daha rahat bir şəkildə bağışlayarlar.
Hədisləri oxuduqca dünya qədər geniş bir könül, dərin bir anlayış qazanarıq. İnsanı sevməyi, anlamağı və onu bağışlamağı öyrənərik. Anlayışsız, qaba biriylə qarşılaşdığımız zaman Şəfqət Peyğəmbərinin kobud bədəvilərin sərt davranışlarına necə qatlandığını və onlara hirslənib kobudluq etmədiyini xatırlayaraq qabaran əsəbimizi təskin etməyə çalışarıq. İnsanlara xoş münasibətin onun sünnəsi olduğunu düşünərək rahatlıq tapmağa çalışarıq. Pislə pis olmadığımızı, cahilə uymadığımızı görənlər bizim davranışımızın gözəlliyini və əsilliyini dərk edər, əsəbinə hakim olmağın qorxaqlıq deyil, cəsarətin və əsalətin ən açıq əlaməti, Rəsuli-Kibriyanın əxlaqı olduğunu qavramağa başlayar.
Həddi aşmarıq
Yeganə öndərimiz və rəhbərimiz Peyğəmbərimizin həyatında həddi aşmağın heç bir əlaməti görülmədiyi üçün hədislərini oxuyaraq tanıdıqca sadəcə ətrafımızdakı varlıqlarla olan münasibətlərimizdə deyil, Uca Rəbbimizə qarşı olan qulluq vəzifələrimizdə də həddi aşmarıq. Mərhəmət qaynağı Peyğəmbərimizin əshabına bir şey əmr edərkən tez-tez “gücünüz çatdığı qədər” ifadəsindən istifadə etdiyini görəcəyimiz üçün ibadətlərimizdə həddi aşmamağı öyrənərik. İbadət edərkən belə ölçülü olmağın zərurətini qavrayarıq. Allah və Rəsulunun çəkindirdiyi hər cür artıq davranışlardan özümüzü qorumağa çalışarıq.
Hədislər Quranı açıqlayır
Qurani-Kərim Allahın əmrlərini birdirir. Həzrət Peyğəmbərin hədisləri isə bu əmrləri açıqlayır. Qurani-Kərimdə kifayət qədər açıqlanmamış mövzular hədislərdə geniş şəkildə açıqlanır; Peyğəmbərimizin müxtəlif tətbiqatlarıyla o mövzular yaxşıca öyrənilir. Məsələn, Quran “namaz qılın” deyir, amma namazı necə qılacağımızı anlatmadığı üçün bunları sünnədən öyrənirik. Quran bizə “zəkat verin” deyir; zəkatı hansı mallardan, nə qədər verəcəyimizi sünnədən və hədisdən öyrənirik. Quran “həcc edin” deyir; necə həcc edəcəyimizi, bu fərzi zəkat kimi ildə bir dəfə deyil, ömründə bir dəfə edəcəyimizi hədisdən və sünnədən öyrənirik. Quran bizə axirətdən, qiyamətdən bəhs edir. Hər birimizin kiçik qiyaməti mənasına gələn ölümlə birlikdə başlayan qəbir həyatındakı halımızı, orada ilk hesaba necə çəkiləcəyimizi, qəbirdəki nemətin və əzabın mahiyyətini, yenidən necə diriləcəyimizi, qəbirlərdən necə qalxıb məhşərə gedəcəyimizi, orada hesaba necə çəkiləcəyimizi, hesaba çəkilməyi gözləyərkən nələr çəkəcəyimizi, əməl dəftərlərinin mahiyyətini, Əziz Peyğəmbərimizin şəfaətini, mizanı, siratı, cənnətdəki nemətlərin, cəhənnəmdəki əzabın keyfiyyətini hədislərdən öyrənirik.
Hədislər olmasaydı İslamiyyəti tam mənasıyla öyrənə bilməzdik. Allahın buyuruqlarını kifayət qədər anlamazdıq. Müsəlmana yaraşan şəkildə oturub-durmağı, yeyib-içməyi, geyinməyi, bir-birimizə qarşı fədakarlıq edib gözəl davranmağı, yetimə, kimsəsizə, yoxsul və kasıba sahib çıxıb, yıxılanın əlindən tutmağı, başa gələn sıxıntılara qatlanıb, ailə fərdlərimizlə yaxşı davranmağın lüzumunu lazımi şəkildə bilməzdik.
Sözün qısası, “mən müsəlmanam” deyən şəxs İslamiyyəti onu gətirən Peyğəmbər kimi yaşamağa çalışacağına görə, ilk növbədə Rəsuli-Əkrəmin hədislərini və sünnələrini öyrənməyə çalışmalıdır. Hər gün ən azından bir-iki hədis, əgər varsa onların açıqlamalarını oxuyaraq dünyaya Peyğəmbər gözüylə baxmağa çalışmalıdır. Uşaqlarının gələcəkdə problem olmaması, İslamiyyətə meyilli böyüməsi üçün onlara Peyğəmbərimizi, Onun sevgisini və sözlərini öyrədən kitablar oxutmalıdır.
Uca Rəbbim hamımıza Rəsuli-Əkrəmin sünnəsinə tabe olub, Öz rizasına uyğun yaşamağı nəsib eyləsin! Amin!..
ŞƏRHLƏR