ONLARLA BİRLİKDƏ GƏLDİM

ONLARLA BİRLİKDƏ GƏLDİM

XX əsrin əvvəllərində Azərbaycan torpaqları qısa zaman ərzində baş verən bir sıra hadisələrə səhnə olmuşdur. 1918-ci ilin mart soyqırımı kimi dəhşətli faciə yaşamış Azərbaycan xalqının 28 may İstiqlal Bəyannaməsi ilə ölmədiyini sübut etməsi öz məntiqi sonluğunu - paytaxt Bakının da işğaldan azad edilməsini tələb edirdi.

Tarix boyu Anadolu türklərinə heç bir qarşılıq gözləmədən maddi və mənəvi dəstək olan Azərbaycan türkü çətin vəziyyətdə idi. 1915-ci ildə Osmanlının Qurtuluş Savaşı üçün Bakıda minlərlə insan bir yerə yığışaraq öz imkanları nisbətində kimisi qızıl, kimisi pul, kimisi də ailələrinin zinət əşyalarını İstanbula göndərməyə can atırdı. Hələ bir neçə il əvvəl Çanaqqala savaşında da Azərbaycanın igid oğulları Osmanlı əsgərləri ilə birlikdə dastan yazmışdılar. İndi isə yerlər dəyişmişdi. Qafqazdan gələn bu fəryad səslərinə Anadolu türkləri cavab verməli idi.

1918-ci ilin ortalarında özünün ən böhranlı çağını yaşayan Osmanlı dövləti Azərbaycanı tək qoymadı. Daxili və xarici təhlükələrlə üz-üzə qalsa da, Osmanlı hökuməti yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini - öz ərazisinə və paytaxtına sahib çıxmağa çalışan gənc dövləti hərbi yolla dəstəkləməkdən çəkinmədi. İstanbul Bakının rus-daşnak birləşmələrinin işğalı altında qalmasını, Azərbaycan xalqının öz paytaxtından məhrum olmasını rəva bilmədi. 1918-ci ilin mart ayında Qafqaz İslam Ordusu Batumdan keçərək Azərbaycan istiqamətində hərəkət etdi. Qafqaz İslam Ordusu böyük bir qüvvə ilə Gəncədən Bakıya qədər döyüşdü. Bütün yay ayları ərzində Yevlax, Ağdaş, Göyçay, Ağsu, Şamaxı, Kürdəmirdən keçdi. Keçdiyi hər yerdə rus-daşnak birləşmələriylə vuruşa-vuruşa Bakıya yaxınlaşdı.

Ümumiyyətlə tarixə baxdığımız zaman görürük ki, hansısa bir bölgəni tutan ordu tərəfindən qəsbkarlıq işləri həyata keçirilir. Lakin Qafqaz İslam Ordusu Bakıya qardaşlarına kömək məqsədilə gəlmişdi və burada asayişi tamamən bərpa etməyə xidmət edirdi. Bir faktı qeyd edim ki, Nuru Paşanın əmri ilə oğurluq edən, başqasının malını qəsb edən türk-müsəlman əsgəri dərhal güllələnməli idi.

Sonrakı dövrdə Türkiyə Cümhuriyyətinin qurulma prosesində azərbaycanlı könüllülər iştirak edərək öz qardaşlıq sədaqətlərini göstərdilər. Eyni zamanda Sovet Rusiyasının razılığı ilə bir milyon qızıl pul həcmində Türkiyə Cumhuriyyətinə maliyyə yardımı göndərildi. Atatürk dəfələrlə bu pulu borc istədiklərini qeyd etsə də, Azərbaycanın odövrkü liderləri Nəriman Nərimanovun şəxsində bildirdilər ki: “Qardaş qardaşa borc verməz, əl tutar.” 

1918-ci ilin sonunda və 1919-cu ilin əvvəllərində beynəlxalq müqavilələr gərəyi ordu geri çağırıldı və Bakını tərk etdi. 

Şanlı Osmanlı əsgərləri Bakını tərk etdi... Ancaq rəsmi rəqəmlərlə qeydə alınan 1130 igid və qəhrəman övladlarını şəhid olaraq qardaş torpağa verərək... Və bir də bu günlərdə vəfatının 5-ci ildönümünü qeyd etdiyimiz  Novruz babanı... Bəli, o zaman uşaq olan, az yaşlarında anadan yetim qalan balaca Əhməd qəhrəman Osmanlı ordusunda yüksək rütbəli bir zabit olan atası Nemətullah Paşa ilə birlikdə Azərbaycana gəlmişdi. Türk ordusu Gəncəyə çatdıqda atası balaca Əhmədi oradakı uşaq evinə verir.

Balaca Əhməd bu uşaq evində iki il atasını gözləyir. Ancaq bu müddətdə atasından bir xəbər ala bilmir. Bu zaman artıq Qafqaz İslam ordusu da Bakını işğaldan azad edib Azərbaycanın müstəqilliyini möhkəmləndirərək öz missiyasını başa vurmuşdu. Atasına qovuşmaq ümidi ilə balaca Əhməd əvvəlcə Bakıya, bir müddət sonra da Lənkəran şəhərindəki uşaq evinə göndərilir.

Uzun illərdən sonra balaca Əhməd atasına qovuşur. Ancaq o zaman artıq Azərbaycan yenidən Sovet imperiyasının tərkibinə daxil edilmişdi. Və həyatda qala bilmək üçün Osmanlı zabiti Nemətullah Paşa Sovet vətəndaşı Nemət, balaca Əhməd isə Novruz Cəfərov olmuşdu artıq. Bu andan etibarən çiləli həyatı döyüş meydanlarında, həbsxanalarda, sürgünlərdə keçir Novruz babanın. Ağlasığmaz işgəncələrə məruz qalır. Və “Bakıda son Osmanlı” olaraq qalıncaya qədər ömrünü davam etdirir.  

Dimdik duruşu, qartal baxışı və çöhrəsindəki cizgilər onun Osmanlı yadigarı olduğunu təsdiq edirdi. Novruz baba Bakının ən hündür zirvəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban edən şəhidlərin yatdığı “Şəhidlər Xiyabanı”nın yanında bir vaxtlar eyni uğurda canlarını qurban verən Türk şəhidlərinə ucaldılmış abidəni tez-tez ziyarət edərdi. Bu yer sanki onun İstanbul həsrəti ilə alışıb-yanan bağrına su səpirdi. Həmişə abidənin önündə dayanıb adları lövhələrə yazılan qəhrəmanlara baxıb “Mən buraya onlarla birlikdə gəldim” deyirdi. Sonra da gözünü üfüqə dikərək belə əlavə edirdi: “Onlar atamın dostlarıdır. Mənim əmim sayılırlar. İstanbuldan Gəncəyə uzanan uzun bir yolda yol yoldaşı olmuşduq onlarla.”

Novruz babanın haqqa yolçuluğu da vətən həsrətini bir az da olsun dindirdiyi Türk əsgərlərinə ucaldılmış abidənin qarşısından oldu. Soyuq bir qış günü biz də “Bakıdakı son Osmanlı” yadigarına vəfa borcumuzu yerinə yetirmək üçün cənazə namazında iştirak etdik. Ruhu şad, məkanı cənnət olsun!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz