ELŞƏN RZAYEVLƏ REPORTAJ
Azərbaycanda ilk dəfə “AİLƏ ELMİHALI” kitabını nəşr edən İpəkyolu Nəşriyyatının direktoru ELŞƏN RZAYEV:
İNANIRIQ Kİ, BU KİTAB HƏR EVİN STOLÜSTÜ KİTABI OLACAQDIR.
İrfan jurnalı:
Ailə Elmihalı adlı bu kitabın nəşri Azərbaycanda bir ilkdir. Bu kitabın nəşr olunma zərurəti hardan yarandı?
Elşən Rzayev:
Fəaliyyətinin ilk günündən etibarən milli mədəniyyəti, çağdaş ədəbiyyatı, humanitar-elmi düşüncəni inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq üçün İpəkyolu Nəşriyyatı xeyli işlər görmüşdür. Nəşriyyatımızın əsas məqsədi milli adət-ənənənəyə, dilinə, dininə, imanına, vətəninə, dövlətinə bağlı şüurun formalaşması istiqamətində qiymətli əsərləri oxucuya təqdim etməkdir. Bu baxımdan tərəfimizdən nəşr olunan kitablar çox diqqətlə seçilir və cəmiyyətimizdə bu mənadakı əskikliklər aradan qaldırılmağa çalışılır.
Təəssüflə qeyd etməliyəm ki, bu gün cəmiyyətimizdə görülən ən böyük problemlərdən biri ailə ilə bağlıdır. Belə ki, statistikaya nəzər saldıqda 2010-cu ildə 79172 nikahdan 9061-i boşanma ilə nəticələnmişdir. Bu isə hər 8 ailədən birinin boşanması deməkdir. Başqa bir rəqəm isə daha dəhşətvericidir. Rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 2000-ci ildə 6282 nəfər olduğu halda bu rəqəm 2010-cu ildə 25385 nəfər olmuşdur. Bundan başqa ailədaxili zorakılıqlar gündən-günə artır. Zorakılığın növləri arasında xüsusilə seçilən məişət zorakılığıdır. Onun əsas xüsusiyyəti insanların gündəlik həyatına nüfuz etməsi, bir çox hallarda adət-ənənə formasını alması və buna görə də gözəgörünməz olmasıdır. Ailədə uşaqların da problemləri az deyil. Onların hüquqları hətta ana bətnindən pozulur. İldə minlərlə körpə qız olduğu üçün dünyaya gəlmədən məhv edilir. Əksər qadınlar aborta ərinin təzyiqi ilə gedir. Uşaqlarla bağlı daha bir qorxulu məqam isə intiharlarla bağlıdır. Ölkədə intihar edənlərin siyahısında son illər məktəblilər və yeniyetmələr üstünlük təşkil edir. Uşaqların ailədə, cəmiyyətdə təhqirlərə, zorakılığa məruz qalması, döyülməsi də intihara aparan amillərdəndir. Psixoloqlara görə, adətən ailəsində münaqişə, dava-dalaş olan uşaqlar intihara daha çox meyilli olurlar. Bütün bunlar cəmiyyətdə baş verən acı reallıqlardır.
Milli-mənəvi dəyərlərimizin qorunmasına, ailə, cəmiyyət və insanlar arasında münasibətlərə xüsusi diqqət yetirmək məqsədilə nəşriyyatımız hər zaman ailə ilə bağlı kitabları oxucuya təqdim edib. Buna misal olaraq “Xoşbəxt ailə yavası”, “Cəmiyyət və Ailə” kitablarını göstərmək olar.
Ailə bir cəmiyyətin şah damarıdır. Buna görə də üzərində diqqətlə durulmalıdır. Qloballaşan dünyada kütləvi informasiya vasitələrindən yayılan mənfi təlqinlərlə bizə xas olan ailə qruluşu gündən-günə daha da laxlayan yuvaları qoruyacaq dəyərləri bilməliyik. O dəyərlər evlilik aktının dinə görə formalaşmasıdır, mirasıdır, vəsiyyətidir. Qadın və uşaq haqlarıdır. Valideynin hüququdur. İslamın hörmət və ehtirama əsaslanan ruhunu ilk növbədə yuvalarımızda inşa edəcək tərtəmiz düsturlardır. Nəşriyyarımız tərəfindən yenicə işıq üzü görən “Dəlilləriylə Ailə Elmihalı” İslamın bu mövzuları nizamlayan dəyişməz dəyərlərini əsas xətləri ilə və oxunaqlı bir dillə oxucuya çatdırır. Bu kitab bütün ailə üzvlərini qarşılıqlı sevgi və hüquq zəminində birləşdirəcək zənginlikdə qaynaq bir əsərdir. Evlərə İslamın səmimi hisslərini daşıyacaq bu elmihal kitabı inanıram ki, mütləq hər bir ailənin əsas stolüstü kitabı olacaqdır.
İrfan jurnalı:
Elşən müəllim, bir az kitab haqda məlumat verərdiniz mümkünsə. Kitab hansı bölümləri əhatə edir?
Elşən Rzayev:
Bu əsər bir müsəlmanın doğumundan ölümünə qədər ailə və cəmiyyət içində qarşılaşdığı təlim, tərbiyə, cinslərarası problemlər, evlilik, ailədaxili haqq və məsuliyyətlərlə aktual məsələlərə işıq tutur. İslamın əsas qaynaqları əsasında hazırlanan “Dəlilləriylə Ailə Elmihalı” yaradılış, evliliyin söykəndiyi əsaslar, evlilik növləri, ailə qurmağın maddi prinsipləri, evliliyin şəxslə əlaqəli haqq və məsuliyyətləri, uşaqlar üzərində əhliyyət, vəlayət və vəsayət, süd qohumluğu, evliliyə xitam verən səbəblər, boşanmada xüsusi hallar, vəsiyyət, mirasın əsasları və ailə həyatı ilə bağlı gündəlik həyatda qarşılaşılan suallara aydınlıq gətirir. İslamın ailə məsələləri ilə bağlı cəmiyyətdə rastlaşılan bir çox hökmləri kitabda yer alır. Ümumilikdə kitab on bir bölümdən ibarətdir. Birinci bölümdə “Təməl bilgilər” haqda geniş və təfərrüatlı məlumat verilir. İkinci bölümdə “İslamda evliliyin əsaslandığı mənbələr”dən bəhs edilir. Üçüncü bölüm “Evlilikdəki haqq və vəzifələr” haqdadır. Dördüncü bölüm “Evlilikdəki hüquq və öhdəliklər”i anladır. Beşinci bölüm “Əhliyyət-vəlayət və vəkalət (uşaqlar üzərində hüquqi təmsil” haqdadır. Altıncı bölümdə “İslamın uşaqları qorumaq üçün gördüyü tədbirlərdən” söhbət açılır. Yeddinci bölümdə “İslamda nikaha xitam verilməsi”ndən geniş şəkildə bəhs edilir. Səkkizinci bölümdə “Boşanmadakı xüsusi hallar”a toxunulur. Doqquzuncu bölümdə “Evliliyinə xitam verilən qadının iddə və hökmləri” yer alır. Onuncu bölüm “İslamda ölümdən sonraya aid nizamlamalar” haqdadır. Nəhayət on birinci bölümdə “Vərəsəliklə bağlı ümumi məlumat” verilir.
İrfan jurnalı:
Elşən müəllim dəyərli vaxtınızı bizə ayırdığınıza görə təşəkkür edirik.
Elşən Rzayev:
Mən də öz növbəmdə sizə təşəkkür edirəm. Həmçinin bu vəsiləylə belə bir əsəri ərsəyə gətirdiyi və bu əsərin Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına razılıq verdiyi üçün Türkiyə Cümhuriyyəti Uludağ Universitetinin İlahiyyat Fakültəsinin müəllimi Prof. Dr. Hamdi Döndürən bəyə öz təşəkkürümü bildirirəm. Əsəri Azərbaycan türkcəsinə uyğunlaşdıran tanınmış ilahiyyatçı Eldəniz Salmanova, kitabın ədəbi redaktoru Nurlan Məmmədzadəyə, kitabın nəşrə hazırlanmasında böyük xidmətləri olan Dr. Abbas Qurbanova və bu əsəri oxucuya çatdırmaqda nəşriyyatımıza maddi-mənəvi dəstək olan dəyərli insanlara təşəkkür və minnətdarlığımı bildirirəm.
ŞƏRHLƏR