AZ QALSIN MƏNİ DƏ MƏHV EDƏCƏKDİN...

AZ QALSIN MƏNİ DƏ MƏHV EDƏCƏKDİN...

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Allahın xalis bəndələri isə müstəsnadır (onlara cəza verilməyəcək). (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar Naim cənnətlərində hörmətə nail olacaqlar. Onların yanında gözəl, baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır.

 Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala başlayacaqlar. Onlardan biri belə deyəcək: Mənim bir yoldaşım vardı. O deyirdi: Sən doğrudan da inanırsan ki, biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq? (Sonra həmin şəxs cənnətdəki yoldaşına) deyəcək: Siz (indi onun nə halda olduğunu) bilirsinizmi? (Onlar xeyr, deyə cavab verəcək). O özü baxıb onu (dünyadakı yoldaşını) cəhənnəmin ortasında görəcək və (ona üz tutub) deyəcəkdir: -Allaha and olsun ki, az qalsın məni (yoldan çıxarıb) məhv edəcəkdin. Əgər Rəbbimin lütfü olmasaydı, mən də (cəhənnəmə) gətirilənlərdən olardım. Biz artıq ölməyəcəyik elə deyilmi? (Dünyadakı) ilk ölümümüz istisna olmaqla biz əzab da görməyəcəyik. Həqiqətən bu böyük qurtuluşdur. Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar.” (əs-Saffət, 40, 42, 43, 48, 50-61)

İzlədiyimiz Quran ayələrindəki incə həqiqətlər Uca Allahın rəhmət təcəllisinin ən samballı bir təzahürü olmaqla yanaşı eyni zamanda bu həqiqətlərə qarşı etinasızlıq və qəflət libasına bürünmüş qəlbləri silkələyərək oyadacaq ölçüdə təsir qüvvəsinə malik olan şiddətli bir ilahi xəbərdarlıqdır. Əgər diqqətlə düşünsək və araşdırsaq, onda hiss edərik ki, ağılalmaz zaman və məkan anlayışlarının bəlkə də fövqündə dayanan, cannət ilə şəfərlənmiş bir insanın o mübarək məkandan öz keçmişinə nəzər salması axirətdə başına gələ biləcəkfəlakətdən ilahi lütfün sayəsində qurtulması və bu qurtuluşu ilahi kəlamın işığında bütün insanlara nəql etməsi Allahın qullarına olan sonsuz mərhəmətinnin göstəricisidir. Qulluq mükəlləfiyyətinə sahib olan hər bir varlığa ünvanlanmış bu şərəfli məktubun (Quranın) hər surəsi və hər ayəsi insanlığı əbədi fəlakətdən çəkindirən, əbədi səadətə sövq edən yaşam ahəngini özündə birləşdirir. Qəlblərini dünyanın ünvanladığı məktublara geninə-boluna açanlara isə əmirəl-möminin Hz. Əbu Bəkr əs-Siddiqin bu xatirəsi ən gözəl məlhəmdir:

Hz. Əbu Bəkr əs-Siddiq bir dəfə susamışdı. Ona bal şərbəti təqdim edərkən ağlayaraq hıçqırıqlara boğulması ətrafındakıların diqqətini cəlb edir. Lakin ağlaması uzun sürüncə bunun səbəbinin bal şərbəti ilə əlaqədar olduğunu yəqinləşdirmək üçün ona sualla müraciət edirlər. Hz. Əbu Bəkr bu cavabı verir: Bəli, mən bir gün Allah Rəsulunun (s.ə.s) yanında idim. Orada məndən başqa heç kimsə yox idi. Birdən Rəsulullah (s.ə.s) özünü qoruyaraq kimisə uzaqlaşdırmağa bənzəyən hərəkətlərlə: Məndən uzaq dur! -deməyə başladı. Ona: “Anam, atam sənə fəda olsun! Önündə bir kimsəni görmürəm, bu sözü kimə söyləyirsən?”-deyə soruşdum. Belə buyurdu: “Dünya başını əyərək boynunu uzatmış və “Ey Məhəmməd, məni al!”-deyirdi. Mən də: “Məndən uzaq dur!”-dedim. Bunun üzərinə mənə: “Ey Məhəmməd, sən məndən qurtulsan da səndən sonra gələcəklər məndən qurtulmayacaqlar.”-dedi. Mən də dünyanın mənə gələrək məni peyğəmbərdən qoparması səbəbiylə qayğılandım və ona görə də ağladım.” (Əbu Cəfər ət-Təbəri, ər-Riyadun-Nadira, 2/136)

Rəvayət olunmuşdur ki:

Lənətə gəlmiş İblis hər gün dünyanı iki əlində qaldırır və deyir ki; insana zərər verən, bir faydası olmayan, onu kədərləndirən və sevindirməyən bu dünyanı kim məndən satın alar? Dünya əhli olanlar deyərlər ki: “Biz alarıq.” Şeytan: “Tələsməyin!”-deyər. Onun bir neçə eyibləri var. Onlar: “Heç nə olmaz!”-deyərlər. Şeytan: “Qiyməti bir neçə dirhəm və ya dinar deyil, cənnətdəki nəsibinizdir. Çünki mən bunu dörd şey qarşılığında əldə etmişəm; Allahın lənəti, qəzəbi, əzabı və məndən əlaqəsini kəsməsi. Bundan ötrü cənnəti satdım. Əhli-dünya deyər ki: “Bununla bərabər qəbul edirik.” Şeytan: “Onda mənə bir qazanc verməyinizi istəyirəm. Bu da qəlblərinizdə dünyaya yer ayırıb onu əbədiyyən oradan çıxarmamanızdır.”-deyər. Onlar da: “Qəbul edirik!”-deyər və alırlar. Bundan sonra şeytan deyər ki: “Bu necə də pis bir ticarətdir.” (M.S. Ramazanoğlu, Fatihə surəsinin təfsiri, s. 15-16)

Əbədi həlakın pəncəsindən qurtulmaq üçün insan övladının atacağı ilk addım Qurani-Kərimin həqiqətinə yaxınlaşması və onunla həyat gündəliyini nizamlaması olmalıdır. Uca Allah qullarına zəmanəmizin bütün mənfiliklərinin ünvanını inanılmaz dəqiqliklə göstərərək onlardan birdəfəlik vidalaşmamızı istəyir:

“Ya Rəsulum! Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay verilənləri görmürsənmi? Onlar tağuta, kahin və maddə elmi ilə məşğul olanlara inanır, kafirlər üçün də: “Bunlar möminlərdən daha yaxşı yoldadırlar.”-deyirlər. Onlar Allah lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən.” (ən-Nisa, 51-52)

Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Məhəmmədin (s.ə.s) dünya ilə doğmalaşmış nəfsləri əbədi rəzalətdən qurtarmaq naminə apardığı mücadilənin hər birimiz üçün gözlənilən nəticəsi onun mübarək kəlamlarına sarılacağımız ölçüdə olacaqdır. Aşağıdakı hədisi-şərif məqalədə bəhs etdiyimiz məqamları əhatə edəcək ölçüdədir:

“Dünyaya vida edənin namazı kimi namaz qıl.” (İ.Cövzi, Ş.A., s. 494)

Elə bu məqaləni hazırlayarkən telekanalların birində seyr etdiyim hadisə məni həddən artıq təsirləndirdi. Efiopiya və Somalidə görünməmiş quraqlıq səbəbiylə aclıq içində çabalayan müsəlman əhali kütləvi şəkildə həlak və xəstəliklər səbəbiylə başlarına gələn olmazın müsibətlər qarşısında nəinki duruş gətirməkdə, eyni zamanda qida və suyun kəskin şəkildə çatmadığı bu ağır şəraitdə Ramazan orucunu tutmaq əzmindədirlər. Peyğəmbərimizin (s.ə.s) tövsiyələrini əllərində rəhbər tutan Afrika müsəlmanları bu dəyərli hərəkətləri ilə dünyanın fani və acı mahiyyətini bütövlüyü ilə dərk edərək ona vida edirlər. Allah-Təala cümləmizi qardaşlarımızın bu qətiyyətli addımları ilə son nəfəsə kimi həmrəy etsin. Amin!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz