Ramazanın Ardından
Bu il də on bir ayınsultanı, rəhmət, məğfirət və bərəkət ayı Ramazani-Şərifi bitirərək geridə qoyduq. Ömrümüzdən bir Ramazan ayı və bayramı da belə azaldı.
Bu rəhmət ayı Ramazanda gücümüz çatdığı qədər vəzifələrimizi yerinə gətirməyə, oruclarımızı tutub, namazalarımızı qılmağa, yenə imkanımız nisbətində ehtiyac sahiblərinə yardım edib əl uzadaraq, beləcə dinimizin əsaslarını qəlbimizə yerləşdirməyə və İslamın ruhuna, Quranın əxlaqına uyğun bir həyat yaşamağa çalışdıq. Ardından da Allaha qarşı qulluq vəifələrimizi yerinə yetirməyin və nəfsani arzularımıza da qalib gələrək, mənəvi bir qələbə qazanmağın sevinci içərisində Ramazan bayramına qovuşduq. Xoş əhval-ruhiyyə ilə bayramı da qeyd etdik. Başqa mənada desək, ruhani və nəfsani tərbiyə məktəbi olan oruc ayını yaşayaraq və o mücadilə dolu çətin mərhələləri keçib bayram şəhadətnaməsini aldıq və bu günlərə qovuşduq.
Bəli, Ramazan və bayram sona çatdı, amma bayramla bərabər hər şey bitmədi. Çünki həyat davam edir. Nəfsani arzularımız və şeytan yenə hərəkətə başlayır. Yetimlər, çarəsizlər yenə yardım gözləyir. Dini həyatımız, dini həyata verilən əhəmiyyət, məscid və camaat namazına davam, yardım və sədəqələr sadəcə Ramazana aid olan ibadətlər və gözəl əməllər deyildir. O günlərdə yaşadığımız gözəl həyatımız bütün ömrümüzə örnək təşkil etmək baxımından bir nümunə olmalıdır. Ramazanda etdiyimiz, qazandığımız gözəl adətlərimiz, vərdişlər bütün həyatımıza əks olunmalıdır. Ona görə də nəfsimizin cilovlanması, ibadətlərimizə olan həssas yanaşma, yəni ibadətlərimizi vaxtında yerinə yetirmək, bu cəhətdən səhlənkarlıq etməmək lazımdır. Necə ki, Ramazanda daha diqqətli, daha həssas və ibadət mövzusunda ciddi idik, bu vərdiş və adətlərimizi indi də, Ramazandan sonrakı həyatımızda da qorumalıyıq, davam etdirməliyik. Dini həyat tərzi, ibadətlərə verilən əhəmiyyət sadəcə Ramazana aid və sadəcə Ramazan ayına xas olmamalıdır. Unutmayaq ki, bizdən istənən bütün ömür boyu belə həssas, təmiz və ibadətlərə diqqətli bir həyat yaşamaqdır. İbadət uca Allahın varlığını, birliyini və böyüklüyünü təsdiq etmək, Ona təslimiyyətlə boyun əymək, Onun qulu olduğumuzu bilmək və hörmət ilə Ona itaət etmək deməkdir. Diqqət edin ibadət qəlbdəki imanın bir əlaməti və çölə sirayəy edən bir görüntüdür. İbadət imanın qidasıdır. İbadət insanın əsil vəzifəsidir. İnsana yaraşan da bu ülvi vəzifəni daimi olaraq yerinə yetirməkdir. Ramazan isə bizim üçün sadəcə bir yenilənmə, nöqsan və xətalarımızı düzəldərək həyatımıza yenidən şəkil verə bilmə fürsətidir. Çünki bütün etdiklərimizdən, danışdığımız sözlərin hər bir kəlməsindən hesaba çəkiləcəyimiz bir hesab günümüz var. Və buna da sidq ürəkdən inanırıq. Allah-Təala bu mövzudakı xəbərdarlığını belə bildirməkdədir: “Ey iman gətirənlər! Allahdan qorxun! Və hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) günahkarlardır!” (əl-Həşr 18-19)
Bu əmri yerinə yetirənlər özlərini hesaba çəkə bilənlərdir.
Geridə qoyduğumuz mübarək Ramazan ayında etdiklərimizi, nələr qazandığımızı, qazana bilmədiyimizi və ya nələr itirdiyimizi düşünməliyik. Bu ayda pis və yanlış xasiyyətlərdən və davranışlardan nə qədərini tərk edə bildik? Görəsən, pis vərdişlərdən uzaq qala bilirikmi? Nə qədər yaxşı vərdişlər, əməllər qazana bildik, nə qədər pis vərdişlərimizi tərk edib onları yaxşılığa çevirə bildik. Yoxsa, hələ nəfsimizin əmrində, əsarətində yaşamağa davam edirik, hələ də onun əsiriyik, hələ də nəfsimiz bizi idarə edir? Bu suallara laqeyd qalmayaq. Mütləq düşünək. Bu sualları özümüzə tez-tez verib düşünməli, nəfsimizi hesaba çəkməliyik. Gözəl bir vərdişimiz, qazandığımız gözəl əməlimiz varsa, bu nailiyyətimizi davam etdirməliyik, davam etdirməyə çalışmalıyıq. Əgər orucla əldə edilməli olan hədəfə çata bilmişiksə, bu, bizim üçün ən böyük zəfər və sevinc haqqıdır. Çünki pis və doğru olmayan əməllərdən, vərdişlərdən və onların əsiri olmaqdan qurtularaq Allahın rizasına, Onun razılığını qazanmaq xoşbəxtliyinə çatmış olarıq. Yox əgər hələ də nəfsimizin sözü keçir, biz də onun əlində aciz və əsir isək, hələ də bizi nəfsimiz yönləndirib idarə edirsə, o zaman yenə də ümidsizliyə düşmədən nəfslə mücadiləyə, mübarizəyə davam edilməlidir, ta ki, Rəbbimizin razı olacağı bir səviyyəyə gələnə qədər. Unutmayın, məqsəd Rəbbimizin razı olduğu bir insan ola bilməkdir. Ömrümüz var olduqca, bu fürsət əlimizdə ikən bir daha özümüzü düzəltməyə səy göstərməliyik. Ancaq ölümün nə vaxt gələcəyi bilinmədiyi üçün bu işə laqeyd qalıb çox uzaltmamalı, sabah daha sonra deyərək gecikdirməməli və yaşadığımız hər anımızı, özümüzü düzəldə bilmək üçün fürsət və qənimət bilməli, Allahın lütf, rəhmət və məğfirətindən faydalanmağa çalışmalıyıq. Bizim üçün ən əsas olan qazanmaqdır, itirmək deyil. İtirəcək nəyimiz var ki?!
Allahın evi qəbul edilən məscidlər bölgə xalqının müsəlman olduğunu göstərən İslamın əlamətlərindəndir. Ramazanda olduğu kimi, Ramazanın bərəkətilə qazandığımız vədişlərimizə yenə də davam edək, səmimiyyətimizə, gözəl əməllərimizə, dilimizi qorumağa, gözəl əxlaqımıza, vaxt namazlarımızın camaatla qılınmasına yenə də həssaslıq göstərək. Yaradılışımızın məqsədinə uyğun hərəkət edək, verilən nemətlərə qarşı ən böyük şükür olan ibadətlərimizi ixlasla yerinə yetirək, etdiyimiz hər işdə Allahın rizasını qazanmağı düşünək. Haqdan, ədalətdən, doğruluq və səmimiyyətdən ayrılmayaq ki, hər iki dünyada xöşbəxtliyi dada bilək. İbadətlərimizin günahlarımızın bağışlanmasına vəsilə olacağını da unutmayaq.
ŞƏRHLƏR