Elmə Can Atmaq
Hər il sentyabr ayının gəlişi ölkəmizdə, eyni zamanda dünyanın bir çox ölkəsində məktəblərin açılması ilə yadda qalır.
Məktəblilərin sevinclə elm ocaqlarına axın etdiyi ilk dərs günü məhz “bilik günü” kimi qeyd olunur. Elm bəşəriyyət üçün əvəzsiz bir nemətdir. Qaranlıqlar elmin ziyası ilə aydınlanır. Dahi şairimiz Nizami Gəncəvi öz şeirində deyir:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
İnsanın bu dünyada başqalarından üstünlüyü və fərqlənməsi yalnız elmlə mümkündür. Elmi səviyyəsi yüksək olan dövlətlər və xalqlar hər zaman güclü olmuşlar. Gəncləri elm arxasınca gedən millətlər hər zaman inkişaf etmişdir.
Dinimiz elmə, oxuyub-öyrənməyə böyük qiymət vermiş, elm təhsilini hər müsəlmana fərz qılmışdır. İnsanlara doğru yolu göstərən, əyri ilə düzü bir-birindən ayıran, qaranlıqları nura qərq edən müqəddəs kitabımız Quranın ilk nazil olan ayəsinin “Oxu!” olması İslamın elmə verdiyi qiyməti ortaya qoyur. Rəbbimiz bizə kitablardakını, kainatda gördüklərimizi və özümüzü oxumağı, beləliklə həqiqəti taparaq cəhalətdən xilas olmağı əmr edir. Qurani-Kərimin 725 yerində elm və elmə dəlalət edən kəlmələr yer almaqdadır. Bir mövzu haqqında bu qədər çox bəhs edilməsi əlbəttə ki, onun əhəmiyyətindən xəbər verir.
Allah-Təala Qurani-Kərimdə Həzrət Peyğəmbərə belə buyurur:
“De: Ey Rəbbim! Mənim elmimi artır!” Allah-Təala Rəsulullah (s.ə.s)-ə elm xaricində heç bir şeyin artırılması üçün dua etməsini əmr etməmişdir. Çünki elm bitməz-tükənməz bir xəzinədir. Elm sahibləri hər zaman Allah qatında yüksək mövqeyə sahibdirlər. Elmin insan üzərindəki təsirini göstərən Uca Allah belə buyurur: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alarlar!” (əz-Zümər, 9) Həmçinin Quranın başqa bir ayəsində elm sahiblərinin Allah qatında dərəcələrinin yüksəldiləcəyi belə buyurulur:
“Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar.” (əl-Mücadilə, 11)
Dinimiz cəhalətin hər növünü qınamışdır. Elmsizliyin başqa bir adı olan cəhalətdə küfr və üsyan vardır. İslamdan əvvəlki dövrə “Cahiliyyə Dövrü” deyilməsinin səbəbi bütün cəmiyyətin şirkə düşməsi və bütlərə sitayiş etməsi idi. Həqiqi elm insanı şirkdən uzaqlaşdıraraq Allaha qul olmağa istiqamətləndirir. Gördüyümüz kimi əgər bir elm insanı Allaha aparmırsa, ya o insanda qüsur var, ya da öyrəndiyi elm nöqsandır. Elm ağılla mütənasiblik təşkil etməlidir. Ağıl kainatı oxuyub yaradanı tapar. Həqiqi elm bunun ziddini söyləyə bilməz. Əgər belədirsə, dinimizə görə o elm faydasız sayılmış də Rəsulullah da dualarında: “Faydasız elmdən Allaha sığınıram” –buyurmuşdur (Əbu Davud, İbn Macə). Elmin zirvəsi irfandır, yəni Allahı tanımaqdır. Bütün elmlər mərifətullaha-Allahı tanımağa gedən yol olmalıdır. Həqiqi elm insana kimliyini və Rəbbini öyrədir. Bunun əksi boş yerə zəhmət çəkmək və yorulmaqdır. Yunus Əmrə nə gözəl söyləyir:
Elm elm bilməkdir,
Elm kəndin bilməkdir.
Sən kəndini bilməzsən,
Ya necə oxumaqdır.
Oxumaqdan məna nə?
Kişi, Haqqı bilməkdir,
Çün oxudun biləmədin,
Ha bir quru əməkdir.
Həzrət Peyğəmbərin elm haqqında yüzlərlə hədisi vardır. İslamın ikinci qaynağı olan hədislərin toplandığı böyük hədis kitablarına baxdığımız zaman orada elm üçün ayrılmış xüsusi fəsillərin mövcudluğuna şahid olarıq. Bu da Rəsulullahın sırf elmlə bağlı hikmətli kəlamlarının nə qədər çox olduğuna dəlalət edir. Bu hədisi-şəriflərdə elmin fəziləti, faydası, elm adamının xüsusiyyəti, eyni zamanda insanları elm öyrənməyə həvəsləndirmə vardır. Bir neçə hədisi-şərifi burada birlikdə oxuyaq:
“Hər kim Allahın rizasını qazanmaq üçün elm tələb edərsə, Allah onun rusizinə heç ummadığı yerdən kəfil olar.” (Süyuti)
“İnsan öldüyü zaman əməllərinin savabı kəsilər. Ancaq üç əməlin savabı davam edər. Özündən sonra qoyduğu sədəqeyi-cariyyə, insanların faydalandığı elm və arxasınca dua edən əməlisaleh övlad.” (Müslim, Vəsiyyət, 14)
Əbu Dərda Rəsulullah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir:
“Kim elm öyrənmək üçün bir yol tutarsa (yola çıxarsa) Allah da onu cənnətə gedən yollardan birinə daxil edər. Mələklər elm öyrənməsindən razı qalaraq onu qoruyarlar. Elm öyrənən adam üçün yerdə və göydə olanlar, hətta dənizdəki canlılar da istiğfar edərlər. Alimin abidə olan üstünlüyü bədirlənmiş ayın digər ulduzlara olan üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoyarlar. Onlar yalnız elm miras qoyarlar. Kim elmə sahib çıxarsa, böyük bir nəsib əldə etmiş olar.” (Ənu Davud, Elm, 1 (3641); Tirmizi, Elm, 19)
Məhz belə bir dinin mənsubu olan bizlər bu gün elmi olan hər şeyə sahib çıxmalı, oxumalı, öyrənməli və başqalarına öyrətməliyik. Həzrət Peyğəmbər cəmiyyətin elmsiz qalmasına, insanların cəhalətinə əsla razı olmamışdır. Onun Bədir döyüşündə məkkəli əsirlərdən oxuyub-yaza bilən müşrikləri on mədinəliyə oxuyub-yazmağı öyrətməsi müqabilində azad etməsi bu baxımdan çox ibrətlidir. O əsirlər İslamın qatı düşmənləri olmasına baxmayaraq və ələ keçirildikləri halda sadəcə elm öyrətmək müqabilində azad edilirdilər. Deməli on mədinəli uşağın elmli olması daha mühüm idi. Çünki elmli olmaq daha böyük güc deməkdir. Dinimizə görə ata-anaların övladları qarşısında əsas vəzifələrindən biri də onları elm sahibi etməkdir. Burada Hz Peyğəmbərin azyaşlı Abdullah ibn Abbasa etdiyi duadan da söz açmaq yerində olardı. Rəsuli-Əkrəm azyaşlı Abdullah üçün “Allahım, onu dində fəqih (dərin elm sahibi) et və təfsiri öyrət!”, -deyə dua etmişdir. Övladlarımızın elm sahibi olması üçün hər zaman duamızda bu kimi cümlələrə yer verməliyik. Bununla yanaşı bütün gücümüzü səfərbər edərək lazım olan elmləri öyrənmələri üçün onlara dəstək olmalıyıq. Çünki onlar bizim gələcəyimizdir. Gələcəyimizin parlaq olması üçün onları elmdən məhrum etməməliyik. Bu gün təəssüflə qeyd etməliyik ki, bəzən azyaşlı uşaqların məktəbdən yayınaraq küçə alveri ilə məşğul olduğunu, maşınların şüşəsini silərək pul qazandığını müşahidə edirik. Ömürlərinin ən bərəkətli, zehinlərinin ən münbit vaxtında elmdən uzaqlaşaraq qəpik-quruş üçün onların hədər olmasına razı olmamalıyıq. Əlimizdən gəldiyi qədər bu kimi neqativ halların önünə keçməli, gələcəyimizi qaraltmamalıyıq.
ŞƏRHLƏR