Həyata Xoş Gəldiniz!
“Həyat səhər oyandığımız zamandan axşam yatana qədər etdiyimiz seçimlərdən ibarətdir”. Tez-tez eşitdiyimiz bu sözün nə qədər də doğru olduğunu qəbul edirik.
Amma növbə onu həyatımıza tətbiq etməyə gəldikdə seçimlərimiz nədənsə arxa plana atılır. İçimizdən “SONRA” səsi yüksəlir. Necə olsa hələ önümüzdə çox saatlar, günlər, aylar və illər var. Atacağımız addımların, edəcəyimiz seçimlərin bir anlıq olduğunu və bunun əhəmiyyətini unuduruq. Zaman keçdikdən sonra və nəyinsə əldən çıxdığını gördüyümüz zaman da “KAŞ Kİ” səsi yüksəlir.
Həyatımızın yeknəsək olduğundan şikayət edər, elə hey eyni işlərlə məşğul olduğumuzu düşünür, öz-özümüzə günlərimizi zəhər edirik. Düzəltmək üçün heç bir zəhmət çəkmirik. Ancaq ətrafımızdakıların hərəkətlərinə nəzarət edir, onların bizi sıxışdırdığını və həyatımıza qarışdığını, bizə yol göstərmək istədiklərini düşünərək onları günahkar bilirik.
Həqiqətən də belədirmi? Biz nə istədiyimizi, nəyi necə edəcəyimizi bildiyimiz halda vəziyyət bu cür qalacaqmı? Dəyişməyə nə deyirsiniz?
Həyatımızın yeknəsəkliyindən bezmək yerinə “bu dəqiqə nə etsəm və ya harada olsam xoşbəxtliyi əldə edərəm” deyə özünüzə sual verin. Cavab üçün özünüzü əziyyətə salmayın. Çünki düşüncələriniz görünməyə başladı... “Kinoya, teatra getsəm...”, “Dostlarımla görüşsəm...”, “filan kursa getsəm”, “yemək və ya tort bişirsəm” və s. Bunlar ilk anda ağlımıza gələnlərdir. Çox bəsit görsənsə də ehtiyacımız olduqda bizə dərman kimi faydalı olan vasitələr. İlk növbədə kiçik bir addım, bəlkə daha sonra...
Xoşbəxt olmaq üçün edəcəyimiz seçimlərə, fəaliyyətlərə “həyatımız rəngləri” desək necə olar sizcə? Bütün rənglər əlimizdədir: qırmızı, qara, ağ, sarı, yaşıl, göy... Hansı rəngdən harada, nə zaman, nə üçün istifadə edəcəyimiz də bizim əlimizdədir. Biz güclüyük, çünki həyatımıza rəng qatmaq öz əlimizdədir.
“Düşüncə tərzimiz” bizim rənglərimiz ola bilərmi sizcə? Beynimizi neqativ düşüncələrlə boyasaq, bədbin; müsbət düşüncələrlə boyasaq, nikbin olarıq. Bəli, əlimizdəki boyalarla özümüzü və ətrafımızdakıları istədiyimiz rəngə boyayıb onlara kənardan baxa bilmə fürsətimiz var. bu, bizim əsərimiz, həyatımız, nəzər nöqtəmizdir… Dediyim kimi rəng seçimi bizə aiddir.
Nailiyyətsizlik, bədbinlik, çətinliklərə görə başqalarını və özümüzü günahlandırmaq “YOX”! Hərəkətə keçib həyatımızın rənglərini araşdırmaq və fəaliyyətə başlamaq “VAR”! “SONRA” siz “KAŞ Kİ”siz bir həyat üçün “Həyatımızın Rəngləri”ni tapmağa dəvət olunursunuz. Buna inanıb dəvəti qəbul etdiyiniz an Həyata Xoş Gəldiniz!
ŞƏRHLƏR