Qurani-Kərimə Nə Qədər Vaxt Ayiririq?

Qurani-Kərimə Nə Qədər Vaxt Ayiririq?

Quranı oxumaq ən fəzilətli zikirlərdən biridir. Müsəlman olan hər bir şəxs istər gecə olsun? istərsə gündüz, istər evində osun? istərsə də səfərdə daima Quranı yanında gəzdirməli və fürsət düşən kimi oxumalıdır. 

Oxumaqla yanaşı əzbərləməyə və mənasını da qavramağa çalışmalıdır. İlk dövür müsəlmanları Quranı çox xətm edərdilər. Bunun üçün də hər biri ayrı bir adət etmişdi. Bəziləri iki ayda bir, bəzisi ayda bir, bəzisi isə on gündə bir xətm edirmiş. Hətta bəziləri bir gündə iki dəfə xətm edirmiş. Çox təəccüb doğuran bir məsələdir. Amma o insanlar bu kimi halları normal bir iş kimi qəbul edirdilər. Çünki o insanlar Quranla bərabər yaşayırdılar. Səhabələr arasında bir rükətdə Quranı xətm edənlər də vardır. Bunlar Osman ibn Əffan (r.a), Təmimi Dari (r.a), Said ibn Cübeyr (r.a)dir. Bu şəkildə Quran oxumaq təbii ki, səhabələrin vaz keçmədikləri adətləri idi. Onlar həm sürətlə oxuyur, həm də mənasını anlayırdılar.

Təbii ki, Quran xətmində əsas olan onu sürətlə oxumaq deyil, anlayaraq oxumaqdır. Hər bir şəxs oxuduğunu anlamağa da çalışmalıdır. Bunun üçün  Rəsullullah (s.v.s) belə buyurmuşdur: “Üç gündən daha qısa bir zamanda Quranı xətm edən şəxs onu tam mənası ilə anlaya bilməz.” (Əbu Davud, Sünən, 1394) Yenə Əbu Davudun rəvayət etdiyinə görə əsabələr başladıqları bir xətmi gecənin ilk qismində və gecənin ilk saatlarında sonlandırmağı xoş görürdülər. Tabiundən Talha ibn Musarrif (rəh.ə) demişdir ki; “Hər kim gündüz hər-hansı bir vaxtda Quranı xətm edib bitirərsə, axşam olana qədər mələklər ona dua edər və bağışlanmasını diləyərlər. Gecə hər hansı bir vaxtda bitirərsə, eyni şəkildə sabaha qədər dua və istiğfar edərlər.” (İmam Nəvəvi, əl-Əzkar)

            Xətm etdikdən sonra və xətm əsnasında dua etmək də müstəhəb əməllərdəndir. Rəvayət olunur ki, İbn Abbas (r.a) Quran oxuyan birini görəndə onun yanında xətmi bitirənə qədər gözləməsi üçün bir nəfər təyin edirdi. Xətm oxuyan adam sona çatanda həmin növbətçi gəlib İbn Abbasa (r.a) xəbər verərdi. O da gəlib bu məclisdə iştirak edər və sonunda dua edib ayrılardılar.” (Darimi, Sünən, 2-468) Hümeyd əl-Arac (rəh.ə) demişdir ki, “Hər kim Quranı oxuyar və sonra da onunla dua edərsə, onun duasına tam dörd min mələk amin deyər.” (Darimi, Sünən, 2-470)  Qurani-Kərimi davamlı oxuyub xətm etməyin nə qədər fəzilətli bir əməl olduğunu Əziz Peyğəmbərimiz (s.ə.s) də bir hədisində belə açıqlamışdır: “Əməllərin ən fəzilətlisi hal və mürtəhildir və ya (rəhildir) buyurdu.” Əshab bununla nəyi nəzərdə tutduğunu soruşduqda belə cavab verdi: “Quranı xətm edib bitirən, sonra təkrar başa dönəndir.” (Tirmizi, Sünən, 2948) Rəsulullah (s.ə.s) və səhabələr adət halına gətirdikləri Quran oxuma işini bitirmədən yatmazdılar. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Hər kim hizbini və ya cüzünü oxumamış yatarsa, onu sübh namazı ilə günorta namazı arasında oxuyarsa, ona gecə oxumuş kimi savab yazılar.” (Müslim, 747) Qurani-Kərimi oxumağı adət halına gətirməklə yanaşı onun bəzi surələrini əzbərləməyə və əzbərlərini unutmamağa da səy göstərmək lazımdır. Yenə bu haqda Rəsulullah (s.ə.s) belə buyurdu: “Bu Qurandan möhkəm yapışın və onu (zehinlərinizdə) qoruyun. Məhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, Quranın hafizələrdən qaçması (itməsi) bağlı dəvələrin ipini qoparıb qaçmasından daha sürətlidir.” (Buxari, 5033) Yenə başqa bir hədisində belə buyurur: “Ümmətimin savabları mənə ərz olundu, hətta məscidi təmiz saxlamaq üçün götürüb atdıqları bir çöp belə… Ümmətimin günahları da mənə ərz olundu. Bir insanın Qurandan əzbərləyib daha sonra unutduğu bir ayə və ya bir surədən daha böyük bir günah görmədim.” (Əbu Davud, Sünən, 461) Allah bizləri bağışlasın. Görün nə qədər də qorxulu bir xəbərdarlıqdır. Bir insanın əzbərlədiyi hər hansı bir surəni unutması onu göstərir ki, bu insan ona əhəmiyyət göstərmir və vaxtlı-vaxtında oxuyub xatırlamır. Buna görə də günah etmiş olur. Başqa bir hədis də var ki, bu, əvvəlkindən daha qorxuncdur. Rəsulullah (s.ə.s) buyurdu: “ Hər kim Quranı oxuyar (əzbərləyər), sonra onu unudarsa, qiyamət günü Allah-Təalanın hüzuruna əlləri, qolları kəsik və cüzamlı bir vəziyyətdə gətirilər.” (Əbu Davud, Sünən, 1474) 

            Bu kimi hallara düşməmək üçün Rəbbimizin kitabını çox oxumalı, əzbərlərimizi təkrarlamalı, vaxtımızı onunla keçirməyə çalışmalıyıq. Unutmamaq lazımdır ki, Quransız keçən ömür peşmançılıqdan başqa bir şey deyildir.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz