İrfan – Yetmiş – Elm

İrfan – Yetmiş – Elm

İrfan jurnalının 70-ci sayı əlinizdədir. “Jurnalın bir ayı bir ildir” hesabına görə İrfan 70 yaşına qədəm qoydu. “Yaş yetmiş, iş bitmiş” sözünü irfana aid etmək olmaz.

 İrfan səfəri Hz. Adəm ilə başlamışdır və qiyamətə qədər də davam edəcək. İrfan sahibləri ölsə də irfan davam edər.

“Elm Çində də olsa ardınca gedin” -sözü hamımıza məlumudur. “Tətil Çində də olsa gedən”, “idxalat Çindən də olsa edən”, “qadın Çində də olsa görən” insanlar  var zəmanəmizdə.  Həyatın mərkəzinə qoyulması lazım olan elm, irfan, ədəb və məhəbbətin yerini tətil, əyləncə, texnologiya, idman və musiqi kimi müasir (!)  bütlər aldı.

Yaxşı insan axına düşən ölü balıq kimi olmamalıdır. Elm, irfan və xidmət qoymaq lazımdır ortaya. Təəssüf ki, heyvanlar xidmətdə, insanlarsa pozğunçuluqda çox irəliləmişlər.

İbrətamz bir lətifə var: Özündən razı bir adam çəmənlikdə otlayan inəyə baxıb: “İnək qardaş, sən nə işlə məşğulsan?”, -deyərək gülümsədi. Xor görülərək məsxərəyə qoyulan inək  dilə gəldi: “Bunu məndən soruşmaqdansa get soyuducunu aç, bax. Oranı mən doldurdum; süd məndən, pendir məndən, yağ məndən, qatıq məndən, qaymaq məndən, ət məndən. Mən olmasam, soyuducunu necə dolduracaqsan?” Sonra davam etdi: “Bağ-bostanın üçün gübrə,  ayaqqabın və dəri görəkçən məndən. Peyinimi sobada yandırıb isinirsən…”

Ən sonda bunu soruşur: “Bəs sən nə işə yarayırsan? Dünyaya nə faydan var?

Həyatının mərkəzinə elm, irfan, ədəb və məhəbbət qoymayan hər bir insan ortaya xidmət qoya bilməyəcəyi üçün “yaş yetmiş, işi bitmiş” sözü rahatlıqla deyilə bilər.

“Yaşı yetmiş, işi bitmiş” insanları tamamilə bioloji bir həyat yaşayarkən görərsiniz. Yeganə dərdləri dərman, xəstəxana, yeyib-içmək və yuxudur. Parklarda günəşə qarşı  heykəl kimi hərəkət etmədən dayanan, yeganə gündəmləri  iqtisadiyyat, siyasət və sağlamlıq olan, dili və əli təsbehsiz insanlar da yaşları  yetmiş, özləri irfana və məhəbbətə çatmamışdır.

Əbu Əyyub əl-Ənsarı (r.a) var. Yaşının yetmişi keçməsinə baxmayaraq işi bitməmiş bir insan. Yaşının doxsan olmasına baxmayaraq İstanbulun fəthi üçün yola çıxacaq ordunun xəbərini alan kimi döyüşə hazırlaşr. Məqsədi “nə gözəl komandirdir o komandir, nə gözəl əsgərdir o əsgər” iltifatına nail olmaqdır. Özünə “sən getmə, yaşlısan, evində otur” deyənlərə baxmayaraq  atına minir və yola çıxır. Bir ara yaşlılıq səbəbiylə tarazlığını itirərək atdan yıxılmaq təhlükəsi  yaşayır. Bundan sonra özünü bir çuval kimi atın üstnə bağlatdırır. Kim deyə bilər, Əbu Əyyüb əl-Ənsarinin yaşı yetmiş, işi bitmiş? Deyil uzaq diyarlara, evindən çıxıb məscidə, yetimxanaya, qocalar evinə gedə bilməyən insanların yaşları yetmiş olmasa da, işləri  çoxdan bitmişdir.

Çox uzaqlara getmədən zəmanəmizdə “yaşının yetmiş olmasına baxmayaraq, işləri bitməmiş insanlara baxaq. İrfan oxucularının tanıdığı, hər ay yazıları ilə bizlərlə görüşən bir könül insanının həyatına baxaq. Ayın dəyişik zamanlarında dünyanın müxtəlif yerlərində görünməsi kimi Anadolu, Afrika, Asiya və Balkanlarda görünür. Susuzluğunun fərqində olmayan, duzlu və asidli içkilərlə susuzluğunun getdiyini zənn edən milyardlarla insanla dolu dünyada o, Əbu Əyyüb əl-Ənsarı həzrətləri ilə eyni mənbədən su içmişdir. Həm də doya-doya… Hər kəsin könül kasası nə qədərdirsə, o nisbətdə su alar, könül kasasının təmizliyi və ya çirkliliyi suyun rənginə qoxusuna dadına və keyfiyyətinə təsir edər.

Şəms bir gün Mövlananın qarşısına çıxıb bu sualı verir:

“Həzrət Məhəmməd böyükdür, yoxsa Bəyazid Bistami?” Mövlana: “Bu necə sualdır, şübhəsiz ki, Həzrət Məhəmməd böyükdür”, -deyir. Şəms davam edir: “Amma Həzrət Məhəmməd: “Ey Allahım biz səni tam olaraq tanıya bilmədik”, dediyi halda Bəyazid Bistami: “Mən sultanların sultanıyam, hər cür elmə vaqifəm”, -deyirdi.” Mövlana belə cavab verir: “Bəyazid Bistaminin susuzluğu bir qurtumla doyacaq qədər kiçikdir. Həzrət Məhəmmədin susuzluğu dərindir, genişdir, sonsuzdur.”

“Biri Mövlana, digəri Şəms, ikisi də zirvədəki insandır. Mən isə qum dənəsi qədərəm”, deyərək kənara çəkilməmək lazımdır. Özümüzə bu sualları soruşmalıyıq:

Mənim ibadətə, irfana, məhəbbətə olan susuzluğum nə qədərdir? Elm, irfan və ruhaniyyətlə dolu məclislərə həsrətəmmi?

Suyu haradan və hansı qablardan içirəm?

Susuzluğunu küçələrdə, internetdə, gecə klublarında, qumar masalarında söndürməmək lazımdır. Suyun yerini sudan başqa heç nə verməz.

İrfan jurnalı 70 sayıdır ki, həqiqi suyun ünvanını göstərir. Həqiqi su kövsər  hovuzunun sahibinin (s.ə.s) əlindən içilir. Yəni əsil gözəlliyin əlindən.

 Qazax dilində gözələ su deyilir. Sululuq gözəllik deməkdir. Gözəlliyin su ilə ifadə edilib, susuzluğun  çirkinlik mənasını verməsində də incə bir irfan var. Suyun olmadığı torpaqlarda gözəllikdən əsər qalmadığı kimi könlündə  elm, irfan və Rəsulullah sevgisindən heç bir əsər saxlamayanların da gözəlliyi olmaz.

İrfan jurnalı  70 saydır elm, irfan  və məhəbbət  qübbəsinə dəstək olan bir sütun rolu oynadı. 70 il necə ayaqda durduğunu bu dialoq xülasə edir:

Bir dərviş Səlimiyyə Camesinin sütunlarından birinin qarşısında dayanır və “Bu qədər il keçməsinə baxmayaraq sən necə bu qədər gözəl qala bildin” -deyə soruşur. Sütun cavab verir:

“Dərviş qardaş, birincisi, mən ayağımı yerə möhkəm basıram. İkincisi, geri get, bir bax gör, məndə bir əyrilik görə biləcəksənmi? Üçüçüsü də, mən daima üzərimdə daşıdığım dəyərin fərqindəyəm”.

Son söz: İrfan: Hər reseptə yazılması lazım olan dərmandır.

 

“İrfan, səksən və tətil” yazısı ilə 2013-cü ilin iyul ayında görüşmək ümidi ilə...

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz