İlahiyyatçı Ələddin Sultanovla Reportaj

İlahiyyatçı Ələddin Sultanovla Reportaj

İlahiyyatçı Ələddin SULTANOV:

Qurani-Kərim həyatımızın ayrılmaz parçasına çevrilməlidir.

İrfan: Əvvəlcə özünüz haqqında qısa məlumat verərdiniz mümkünsə.

Ələddin Sultanov: Əslində özüm haqqında danışmaqdan bir o qədər də xoşum gəlmir. Ancaq qısaca deyə bilərəm ki, 1981-ci ildə Şəki rayonunun Şorsu kəndində anadan olmuşam. Orta məktəbi həmin kənddə oxumuşam və məktəb illərindən etibarən islami elmləri və ərəb dilini öyrənmişəm. Həmin illərdə Şəki Cümə məscidində fəaliyyət göstərən türkiyəli müəllimlərin üzərimizdə əməyi böyük olub. 1998-ci ildə orta məktəbi bitirdim və həmin il Türkiyə Cümhuriyətinin Konya şəhərində yerləşən Səlçuq Universiteti Ədəbiyyat fakültəsinin Ərəb dili və Ədəbiyyatı şöbəsinə daxil oldum. İki il bu universitetdə oxuduqdan sonra İstanbul Universitetində həmin sahə üzrə təhsilimi davam etdirdim və 2002-ci ildə buradan məzun oldum. Həmin il tale məni təkrar Konyaya qaytardı və Səlçuq Universitetində Ərəb dili və Ədəbiyyatı ixtisası üzrə magistraturaya daxil oldum. Magistraturanı 2005-ci ildə, “XX əsrdə Azərbaycandə ərəb dili sahəsində görülən işlər və ərəb dilinin tədrisi” adlı dissertasiyamı müdafiə edərək bitirdim. Onu da qeyd edim ki, magistraturada oxuduğum illər də daxil olmaqla 2002-2006-cı illərdə Şəkidə yerləşən Şəki Pedaqoji Texnikumunun Milli Əxlaq və İslamşünaslıq şöbəsində ərəb dili müəllimi olaraq işləmişəm. 2006-cı ildə təkrar Türkiyəyə qayıtdım və Marmara Universitetində Təfsir elmi üzrə doktoranturaya daxil oldum və hal-hazırda, bu sahədə götürdüyüm “Fəxrəddin Razi və Cövhəri Tantavinin Kövni Ayələrə baxış tərzləri” adlı dissertasiya mövzusu üzərində çalışıram. Eyni zamanda Şəki İslam Mədrəsəsində müəllim kimi fəaliyyət göstərirəm.

İrfan: Bildiyimiz kimi Azərbaycanda ilk dəfə “Sözbəsöz Quran Tərcüməsi” kimi bir əsər hazırlamısınız. Necə oldu ki, belə bir fikrə gəldiniz?

Ələddin Sultanov: Bilirsinizmi, bu fikrə gəlməmişdən əvvəl hələ Türkiyədə oxuduğumuz illərdə, Türk dilində hazırlanmış kəlmə məalları ilə qarşılaşmışdım və bu kimi kitablara böyük rəğbət göstərirdik. Həmçinin Azərbaycana gəlib-gedərkən bir çox azərbaycanlı din qardaşlarımız bizdən bu kimi kitabları Türkiyədən gətirməmizi xahiş edirdi və əlimizdən gəldiyi qədər onlara yardımçı olurduq. Ancaq belə bir tələbatı bu şəkildə ödəmək heç cür mümkün görsənmirdi. Həm də türk dilini bilməyənlər türk dilində yazılmış əsərləri tam olaraq anlaya bilmirdilər. Və bundan tam üç il əvvəl, yəni 2009-cu ildə hələ İstanbulda doktoranturanın birinci kursunda oxuyarkən qərara gəldim ki, Azərbaycanda belə bir Quran tərcüməsinə böyük ehtiyac var və mən bu işin öhdəsindən gələrəm. Üç il ərzində Allaha həmd olsun ki, bu çalışmanı bitirə bildik. Bunu da deməliyəm ki, hər bir ilahiyyatçının və Quranla dərindən maraqlanan hər müsəlmanın kitabxanasında bu kitab olmalıdır.

İrfan: Qeyd etdiniz ki, hər bir ilahiyyatçının şəxsi kitabxanasında bu kitab mütləq olmalıdır. Elə isə bir az da kitabın necə hazırlandığı haqda danışın mümkünsə.

Ələddin Sultanov: Bu kitabı hazırlamazdan əvvəl türk dilində nəşr edilmiş bu kimi əsərləri tədqiq etdim. Əlbəttə, Türkiyədə bu kimi fəaliyyətlərə bizdən daha əvvəl başladıqları üçün bir çox formada kəlmə məalları ilə qarşılaşırıq. Əvvəllər kəlmə məalları hazırlanarkən ayələrin tərcüməsindəki kəlmələr bir cümlə içində yox, ayrı-ayrı göstərildiyi üçün oxuyucular bu kəlmələrdən bir cümlə kimi məna çıxara bilmirdilər. Buna görə də ən son olaraq ayələrin mənalarını cümlə halında verib hər bir kəlmə və ərəbcəsini ayrı bir rəngdə rəngləndirmə metodunu seçiblər və bu oxuyucuların böyük rəğbətini qazanıb. Biz də bu kimi çalışmaları müqayisə etdik və ən son istifadə edilən metodu seçdik ki, azərbaycanlı müsəlmanlar yuxarıda qeyd etdiyimiz çətinliklərlə üzləşməsinlər. Kitabın necə hazırlandığına gəldikdə, əvvəlcə Qurani-Kərimin dijital formasını əldə etdik. Eyni zamanda akademik Vasim Məmmədəliyev və mərhum Ziya Bünyadovun birlikdə hazırladıqları Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi başda olmaqla bir çox Quran məallarından faydalandıq. Daha sonra kompyuterdə Fatihə surəsindən başlayaraq hər bir Quran ayəsinin altında Azərbaycan dilindəki tərcüməsini yazdıq. Burada onu da qeyd edək ki, tərcümədə əsas olaraq Vasim Məmmədəliyev və Ziya Bünyadovun hazırladıqları Quran tərcüməsinə üstünlük verdik və ondan sonra həmin tərcümə üzərində işlədik. Akademiklərlə eyni fikirdə olduğumuz tərcümə hissələrini eynilə saxladıq, digər hissələri daha uyğun olacağına qənaət gətirdiyimiz bir şəkildə dəyişdirdik. Bütün bu fəaliyyət əsnasında həm Azərbaycan, həm də Türk dillərinə edilmiş Quran tərcümələrini və ərəb dili lüğətlərindən istifadə etdiyimi də ifadə etməliyəm.

   Hər bir səhifədə ayələrin altında həmin ayələrin tərcüməsinin  yerləşdirilməsi işi bitdikdən sonra ərəb dilində və Azərbaycan dilində onun tərcüməsi olan kəlmələrin eyni rəngdə rəngləndirilməsinə başladıq. Uzun cümlələrlə qarşılaşdığımız zaman bu cümlələri bir neçə hissəyə bölmək məcburiyyətində qaldıq. Hər cümlədə maksimum 7-8 rəngdən istidadə edə bildik. Hazırladığımz kitabdakı səhifələrin digər Qurani-Kərim kitablarındakı səhifə sayı və cüz sistemləri ilə eyni olmasına da xüsusi diqqət yetirdik ki, oxucular başqa bir Qurani-Kərimdə qarşılaşdıqları sözün mənasını öyrənmək istədikdə çətinlik çəkməsinlər. Üç ilin tamamında Allaha sonsuz şükürlər olsun ki, bu iş xeyirlə nəticələndi. Azərbaycanda insanlara belə bir yolla xidmət edə bildiyimə görə özümü xoşbəxt sayıram.

İrfan: Ümumiyyətlə bir müsəlman üçün Quran nə ifadə edir, gündəlik həyatımızdakı yeri nədir?

Ələddin Sultanov: Onu deyim ki, əslində Qurani-Kərim bizim həyatımızın ayrılmaz hissəsi olmalıdır. Həyatımızın bütün sahələrində Qurana yer verməliyik. Çünki o, həyat kitabıdır. Bütün həyatımızı necə yaşayacağımızı bizə göstərən bir kitabdır. Allah-Təala Qurani-Kərim haqqında “müttəqilər üçün hidayət”dir buyurur. Yəni Allahdan qorxan kimsələr üçün hidayət rəhbəridir, doğru yolu göstərəndir. İnsan həyatının hər bir anında ağlıyla düşünərək özü üçün ən doğru yolu axtarmağa çalışır. Deməli, hər zaman Qurani-Kərimə müraciət edib onun göstərdiyi yolla getməliyik. Böyük türk şairi Mehmet Akif Ersoyun bununla bağlı məşhur bir sözü var: “Enməmişdir hələ Quran bunu haqqıyla bilin; Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün!” Təəssüf ki, bir çox müsəlman Qurana sadəcə ölülərinə oxunan və evlərinin baş ucunda qoyulan bir kitab olaraq yanaşır.  Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm) bir hədisində buyurur ki: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir.” Buradakı öyrənmək və öyrətmək sadəcə üzündən oxunmasının öyrənilməsi deyil əlbəttə. Həzrət Peyğəmbər Quranın ehtiva etdiyi elmləri və buyurduqları da öyrənməyimizi tələb edir. Qurana sarıldığımız müddətdə insan və cinlərdən olan şeytanlar bizə qələbə çala bilməzlər.

İrfan:  Yeri gəlmişkən, hal-hazırda üzərində çalışdığınız yeni bir kitab, əsər varmı?

Ələddin Sultanov: Sualınıza cavab verməzdən əvvəl atalarımızın məşhur bir sözünü xatırlatmaq istəyirəm: “İnsan ölər əsəri qalar, heyvan ölər səməri qalar”. Buna görə hər insan çalışmalıdır ki, bu fani dünyada bəşəriyyət üçün faydalı olacaq hər hansı bir əsər qoyub getsin. Bu, da onun üçün sədəqeyi-cariyyə olar. Buna görə də Allaha hər zaman şükür edirəm ki, az-çox faydalı bir iş görə bilmişəm.

Söhbətimizin əvvəlində də dediyim kimi Türkiyədə təfsir sahəsində doktoranturada dissertasiya işimi yazmaq ərəfəsindəyəm. Bunun üçün də hələlik ilk hədəfim inşallah bu dissertasiyanı yazıb başa vurmaqdır. Daha sonra Allah qismət edərsə, təfsir sahəsində Azərbaycanda ehtiyac hiss edilən bir təfsir əsəri üzərində işləməyi düşünürəm.

İrfan: Vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.    

Ələddin Sultanov: Mən də öz növbəmizdə sizə təşəkkür edirəm. Fürsətdən istifadə edərək hazırladığımız kitabın ərsəyə gəlməsi üçün əməyi keçən hər kəsə, xüsusilə İpəkyolu Nəşriyyatına və rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz