“QULAĞINI DİŞLƏ!”

“QULAĞINI DİŞLƏ!”

Bir hekayə oxumuşdum. Sonralar o hekayəni axtardım, amma tapa bilmədim. Yəqin ki, çox da məşhur olmayan bir hekayə imiş. İnternetdə axtarışa verdim, “öz qulağını dişləyən molla Nəsrəddin” lətifəsindən qulağını kəsən rəssam Van Qoqa, məşhur jokeylərin atlarla rəftarına qədər 37000 nəticə sıralandı. Bir sual verdim; min deyil, 37000 cavab gəldi. Bəzən internetdə bir şey axtarmaq samanlıqda iynə axtarmaq kimi çətin olur. 37000 nəticəni didikləməkdənsə hekayəni bildiyim şəkildə danışaram, daha yaxşı olar.

Bir bəyin külək kimi sürətli, yorulmaq bilməyən bir atı var imiş. Atın sanki görünməz qanadları var idi. Yarışlarda o atı keçə bilən olmazmış. Bəyin atı bir ömür toz uddurmuş, amma toz udmamışdı. Belə də ki, atın heç qaçmağına ehtiyac yox imiş; çünki o qədər görkəmli, şux əndamlı imiş ki, onun adi yerişini görənlər baxmaqdan doymurmuş. Bənzərsiz gözəlliyi ilə at təkcə bəylik daxilində deyil, bütün dünyada məşhur olubmuş. Ata “dünya gözəli” desələr, yeri imiş. Günlərin bir günü bir oğru atı oğurlamaq qərarına gəlir. Günlərlə müşahidə etdikdən sonra, nəhayət, bir gün əlinə fürsət keçir və atın belinə sıçrayıb var gücü ilə təpib çapmağa başlayır. Səs-küyə eşiyə çıxan bəy görür ki, atı yerində yoxdur. Küçədən atının nal səslərini eşidib tanıyır. (İnsan sevdiyinin səsini, qoxusunu uzaqdan hiss etməzmi? Yaqub (ə.s) Yusufun köynəyini kilometrlərlə uzaqdan hiss etməmişdimi? Texnologiya ağıl kimidir; köynəyin şəklini uzaqlara göndərə bilər, amma qoxusunu yox. Şəklin uzaqlara göndərilməsi üçün hər iki cihazın internetə qoşulmuş olması lazımdır. Əks halda şəkil göndərilə bilməz. “Könül fərman dinləməz” deyə ifadə edilən həqiqət də məhz budur.)

Tələm-tələsik həyətdəki atlardan birinə minən bəy heç adamlarına da xəbər salmadan sevimli atının arxasınca düşür. Oğru ya at minməyi yaxşı bacarmadığı üçün, ya da at özü yad adamın altında qaçmağa həvəsli olmadığı üçün olduqca yavaş getməkdədir. Arxalarınca gələn bəy onlara yaxınlaşır və çataçatda oğruya belə səslənir: “Atın qulağını dişlə, qulağını!..”

Oğru baxır ki, ələ keçməyinə az qalıb, bunu etməklə heç nə itirməyəcək. Əyilib atın qulağını dişləyir və həmin an canı yanan at dəlicəsinə qaçmağa, getdikcə sahibindən uzaqlaşmağa başlayır. Bunu görən oğru var gücü ilə atın qulağını dişləməyə davam edir. Oğruya “atın qulağını dişlə” deyən bəy arxada qalır və ən çox sevdiyi atı oğru ilə birlikdə gözdən itir. Hekayə də burada bitir.

“Qissədən hissə” deyə bir ifadə var. Qissəni (hekayə, rəvayət...) danışırlar, hissə (mənasını başa düşüb ibrət götürmək) isə dinləyicinin öhdəsinə buraxılır. Sözün tamamı ya axmağa, ya da uşağa deyilərmiş. Bu hekayəni dost-tanışa danışdığım zaman “Bəy niyə oğruya dedi ki, atın qulağını dişləsin? Bəy niyə atının qaçaraq ondan uzaqlaşmasına baxıb qaldı?” kimi suallar verdilər. Bu zaman ağlıma bir-birindən maraqlı cavablar gəldi. Başa düşdüm ki, qissədən alınan hissələr onun haqqında deyilən yorumlara bağlı olaraq, şəxsiyyət vəsiqəsinin nömrəsi kimi, hər kəsin özünə xas olurmuş.

Oxuyan və ya dinləyən kəs bir az zəhmət çəkib başa düşməyə çalışmalıdır. Yelnən gələn, selnən gedər. Rahat gələn, rahat gedər. Zəhmətlə əldə edilən isə rahat-rahat tərk edilməz. Bir çox insan mənfəət və zövqlərinə, şəhəvi arzularına görə hərəkət edər. Bəzi insanlar isə müəyyən prinsiplərə və gözəl əxlaqa əsasən hərəkət edərlər.

Ezop belə bir hekayə nəql edir: Bir kəndlinin bağçasında bar gətirməyən, amma üstündə sərçələrin yuva qurduğu, çəyirtkələrin daldalandığı alma ağacı var idi. Kəndli ağacı kəsməyə qərar verib baltanı əlinə götürdü, ağacın gövdəsinə bir zərbə endirdi. Sərçələr və çəyirtkələr dərhal hay-küy salıb uçuşmağa, onlar üçün sığınacağa çevrilmiş olan bu ağacı kəsməməsi üçün kəndliyə yalvarmağa başladılar. Qarşılığında hər gün onun üçün gözəl nəğmələr oxuyacaq, könlünü şad edib işlərini yüngülləşdirəcəkdilər. Kəndli onların təklifinə məhəl qoymadı; ağaca ikinci və üçüncü baltanı endirdi. Ağacın oyuq yerinə çatanda arılarla dolu bir şan tapdı. Balın dadına baxanda baltanı yerə atdı. Ağaca müqəddəs ağac kimi diqqətlə baxaraq qayğı göstərməyə başladı. “Mənfəət təkbaşına insanı hərəkətə keçirər”. “Mənfəət bəzən insanı dayandırar”.

Dünyada 7500 növ alma var imiş. Hər gün fərqli növ bir dənə alma yeyən insan təxminən 20 ildə dünyadakı bütün alma növlərinin dadına baxmış olar. Həmçinin dünyada 1000-ə yaxın gənə növü var imiş ki, bunların 36 növü zəhərli imiş. Alma 7500, gənə 1000 növ olursa, insan bir növ ola bilərmi? Bütün insanlar eyni ola bilərmi? Ətrafınıza nəzər yetirin; atı oğurlanmasın deyə həddən çox tədbir alan, atı oğurlayanı vuran, qaçırdılan atına yenidən qovuşduğu zaman heç bir şey olmamış kimi yaşayan nə çox insan var. Sizcə niyə bəy oğruya “qulağını dişlə” deyərək ağıl verib atından oldu?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz