Ömür bir “an”dır...
İnsan oğlunun bəlkə də əlindəki ən qiymətli xəzinəsi - axirəti üçün qazanc sayıla biləcək bir sərmayə qoya bilməsi üçün - zamandır. Çünki xeyir əməllər insana bəxş edilmiş ömür yolçuluğuna nə qədər çox sığdırıla bilərsə, axirəti üçün o qədər sərmayə qoymuş sayılar. Odur ki, ağlı ilə hərəkət edən kəs bu qiymətli və məhdud imkanı ən gözəl şəkildə dolu-dolu keçirməyin yollarını axtarmalı və savab boğçasını faydalı şeylərlə doldura bilmək üçün həyatını ona görə nizamlamalıdır.
Maddi cəhətdən insanın öhdəsində olan çox şeyin, yenə maddi bir qarşılığı vardır. İtirəndə və ya dəyişdirmək istəyəndə maddi gücü ilə buna nail olma imkanı vardır. Ancaq həyatda elə şeylər də var ki, onu bir şeylə əvəz etmək, dəyişmək və ya geri gətirmək, heç bir şəkildə mümkün deyildir. Məhz bu xüsusiyyətidir zamanı ən qiymətli qılan və onu digərlərindən kəskin şəkildə fərqləndirən səbəb. Əfsuslar olsun ki, bəşər övladı zamanı düzgün istifadə etmək məsələsində hər zaman yanılmış və peşmançılıq duymuşdur. Peyğəmbərimizin (s.ə.s) də -“İnsanların hər zaman aldandığı iki şey vardır: səhhət və boş zaman”,- buyurması həqiqətən bu əvəzedilməz nemətin möminin axirəti üçün nə qədər dəyərli olduğunu izah etməsi baxımından önəmlidir. Allah-Təala lütf etdiyi maddi-mənəvi bütün nemətlərə görə axirətdə bəndələrini hesaba çəkəcəyini bir çox ayeyi-kərimə ilə açıqlayır:
“Zərrə qədər xeyir işləyən onun qarşılığını görəcək, zərrə qədər pis bir əməl işləyən də onun qarşılığını görəcəkdir.” (əz-Zilzal, 7-8)
“Xeyir iş olaraq nə etsəniz Allah onu mütləq bilir”. (əl-Bəqərə, 273)
Rəsulullahın (s.ə.s): “Mömin cənnətə girənə qədər heç bir xeyrə doymaz” (Tirmizi, Elm, 19),- buyurması iman sahibi insanların həm özünün, həm də digər insanların xeyrinə çalışması üçün həvəsləndirici mahiyyət daşıyır. Möminin bütün iş və planları xeyir üzərinə olmalıdır.
Başqa bir hədisdə:“Elə bir insan yoxdur ki, öləndən sonra peşman olmasın”- buyurulur. “O peşmanlıq nədir ey Allahın Rəsulu?”- deyə soruşulduqda Peyğəmbərimiz (s.ə.s):
“Ölən, mühsin (saleh əməl sahibi) bir kəs olsa, daha çox xeyir əməl işləmədiyinə, şərli və zərərli bir adam olsa, işlədiyi pis əməllərindən uzaq durub özünü islah etmədiyinə görə peşman olacaq”,- deyə cavab verdi. (Tirmizi, Zöhd, 59/2403)
Demək, insanın hər iki halda da peşman olacağı qaçınılmazdır. Odur ki, axirətdəki dərəcəsini yüksəltməyin, mükafatın ən layiqlisinə nail ola bilməyin yolu işlədiyi xeyirli əməllərin kifayət etdiyini düşünmədən daim onların sayını artırmaqdan keçir. Digər yandan əməl boğçası boş olan insan da heç olmasa günah işləməməli, özünü islah etmək üçün səy göstərməlidir.
Cüneyd Bağdadi həzrətlərinin bu nəsihəti nə qədər diqqət çəkicidir:
“Dünyanın bir günü, axirətin min ilindən daha xeyirlidir. Çünki dünyanın bir günündə Allahın razılığını əldə etmək üçün imkan vardır. Axirətdə isə dünyadakı kimi saleh əməllər işləyib savab qazanma imkanı yoxdur. Orada sadəcə və sadəcə hesab vardır”.
“Əsr” surəsində Allahın zamana and içməsi son dərəcə anlamlıdır. Fəxrəddin Razi bu surənin təfsirində bu cür izahat verir:
“Zamanın düzgün istifadə edilməsində insan həddindən çox zərərə düşmüşdür. Çünki, zərər sərmayənin əriməsidir. İnsanın sərmayəsi isə ömürdür. Onun, ömrünü boş yerə tükətmədiyi isə çox nadir bir hadisədir. Çünki, hər saniyə ömrünü alıb aparır. Əgər insan, ömrünü günahlarla keçirirsə böyük bir zərərə məruz qalmışdır. Hətta daha yaxşı, daha faydalı işləri eləmək mümkün olduğu halda bunları etmirsə, yalnız mübahlarla kifayətlənirsə yenə də zərərdədir…”
Mövlanə Cəlaləddin Rumi insana, ölümün eşiyində yaşamasına baxmayaraq günlərini, həm bu dünyada, həm də axirətdə fayda verməyəcək boş şeylərə həsr etdiyinə görə belə səslənir:
“Ağlını başına yığ ey yolçu! Özünə gəl! Axşam oldu, ömür günəşi batmaq üzrədir..
Gücün-qüdrətin var ikən bu iki gün içində də olsa səxavətli ol, gözəl işlər gör...
Əldə qalan bu qədər toxumu, yəni ömrünün geriyə qalan son illərini yaxşı ək becər, qalan zamanın dəyərini bil ki, iki nəfəslik fani dünyadan sonsuz bir cənnət ömrünü qazana biləsən..
Son dərəcə qiymətli olan bu ömür çırağı sönmədən ağlını başına al, fitilini düzəlt, yağını qoy, yəni xeyir və yaxşı işlər görərək son günlərini əməli-saleh və ibadətlə keçir, könül çırağını yandır!
Ağlını başına al, bu işi sabaha qoyma! Necə sabahlar gəldi keçdi. Dərhal tövbə et və əfv olunmanı istə ki, əkin mövsümün, yəni yaxşılıq edə biləcəyin bu zamanın əlindən axıb getməsin!”.
ŞƏRHLƏR