MÖMİN İZZƏT VƏ ŞƏRƏF SAHİBİDİR

MÖMİN İZZƏT VƏ ŞƏRƏF SAHİBİDİR

Allaha iman - izzətin və şərəfin qaynağı olduğu üçün deyə bilərik ki, imanlı insan izzətli və şərəfli insandır. İzzət və şərəf onun fitrətində və xarakterində vardır. İman həqiqətlərinin ən üstünü də budur. İzzət və şərəf Allaha, Onun Əziz Elçisinə  və bu elçinin izindən gedən möminlərə aiddir. Allah (c.c) istədiyini əziz edib yüksəldər, istədiyini də zəlil edib alçaqların daha alçağı səviyyəsinə endirər. Təbii ki, əziz edib ucaltması da, zəlil edib alçaltması da insanın iman edib etməməsi, yaxşı və ya pis əməlləri və günahları səbəbilə baş verər.

Üstünlük və şərəf, möminin qəlbindəki imanından yediyi-içdiyi qidasına qədər hər bir işdə özünü göstərməkdədir. Mömin yeməyində-içməyində, geyimində, insanlarla münasibətində fərqlilik göstərən bir insan olmalıdır. Mömin fəqirliklə, yoxsulluqla, xəstəliklə mübarizə apararkən də, zənginlik və bolluq içində olarkən də izzət və şərəfini qorumalıdır.

Allahın (c.c) əmrlərini yerinəyetirmək və qadağalarından çəkinmək yönündə qurulmuş bir həyat anlayışı içində olan mömin daima üstün əxlaqın və fəzilətli əməllərin ardına düşəcəkdir. Onun danışmasında, əsəbiləşməsində, mübahisə və münazirəeləməyində Rəbbindən qorxan insanın heybətiolmalıdır. Onun dilini, gözünü, qulağını, bir sözlə bütün orqanlarını kontrol altında tutan bir Rəbbi olduğunu yadından heç vaxt çıxartmamalıdır. Əlini bir başqasına aid olan mala-pula uzadanda bunu daha çox xatırlamalıdır. Allah Rəsulu (s.ə.s) buyurur; “Ey İnsanlar! Allahdan qorxun; gözəl və faydalı işlərlə məşğul olun! (Bilin ki) Heç kim, gec də olsa, öz ruzisini əldə etmədən ölməz. Allahdan qorxun; gözəl və faydalı işlərlə məşğul olun! Halala yönəlin və haramı tərk edin!”(İbni Macə, Ticarət, 2)

Bütün məxluqatın ruzisini verənin Allah (c.c) olduğunu dərk edən insan təvəkkül və təslimiyyət şüuru içində həyatını yaşayar. Harama meyl etməz, zillətə düşməyə razı olmaz, insanların əllərinə göz dikməz, özünə bəxş olunan qədərə və həyata razı olar. Bu da onu izzətli və şərəfli edər. Bir hədisdə belə buyurulur; Dünyadan və dünya malından üz çevir ki, Allah səni sevsin. İnsanların əlində olanlardan üz çevir ki, insanlar da səni sevsin.” (İbni Macə, Zöhd 1)

Bu hədissəhv anlaşılmamalıdır. Buradakı dünyadan və dünya malından üz çevirmək tərki-dünyalıq yox, həddən artıq həris olmamaq mənasındadır.

Gözü və nəfsi tox olmaq insana şərəf və izzət qazandırar. Haramlara bulaşan, insanların malında-pulunda gözü olan həddən artıq həris bir insan, izzət və şərəfini qoruya bilməz. Yenə bir hədisi-şərifdə buyurulur:“Şərəfli yaşamaq istəyənə Allah bunu mütləq nəsib edər. İnsanlara üzünün suyunu tökərək istəməyəni Allah (c.c) zəngin edər. Səbiretmək istəyənə səbir verər. Heç kimə səbirdən daha xeyirli və daha geniş bir nemət verilməmişdir.” (Buxari, Zəkat, 50)

Bu gün psixoloji bir savaşla qarşı-qarşıyayıq. İslamı və müsəlmanları mürtəce, asan-kəsən, partladıb dağıdan, uşaq və qadınları qətl edən qəddar bir tip kimi göstərməyə çalışırlar. Buna alət olan və dəstəkləyən, müsəlman kimi görünən güclər də az deyil. Müsəlman qaçqınları, mühacirləri xristian avropanın qapılarına üz tutduranlar da içimizdə müsəlman kimi görünən, lakin daxildən şeytana və şeytanlaşmış qüvvələrə qulluq edənlərdir. Bir vaxtlar, digər dinlərin mənsubları müsəlman-türk dünyasından kömək və yardım istəyərdilər. Və bu yardımı da həmişə görüb,  hiss edərdilər. O zamanlar müsəlmanların izzətli və şərəfli olduqları vaxtlar idi. Çünki o zamanlar izzət və şərəfi Allahda və Onun kitabında, fəzilətli əməllərdə axtarırdılar. Bunun üçün də daim yüksəlir və zirvədə olurdular. Ancaq son bir neçə əsrdir izzət və şərəf dünyada və maddiyyatda axtarılmağa başlandı və elə buna görə də müsəlmanların izzəti də, şərəfi də,igidliyi də, gücü də yox olub getdi.

Allah azzə və cəllə bizləri və bütün İslam dünyasını əvvəlki kimi izzətli və şərəfli etsin! Amin!  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz