HESABA ÇƏKİLMƏDƏN

HESABA ÇƏKİLMƏDƏN

Uca Rəbbimiz kainatı mükəmməl bir nizamla yaratmışdır. Heç bir canlı təsadüfən var olmamışdır. Bütün varlıqların öz nizamı və öz vəzifəsi vardır. Toxumlar, çəyirdəklər, ağaclar, quşlar, heyvanlar, yer və göylər möhtəşəm bir nizam-intizam içində çalışmaqda və öz vəzifələrini layiqincə yerinə yetirməkdədir. Milyonlarla ulduz fəza boşluğunda, öz yollarından heç çıxmadan, bir-birləriylə toqquşmadan hərəkət etməkdədirlər. 

İşığında yaşadığımız, istisindən faydalandığımız günəş, hal-hazırda olduğu yerdən dünyaya bir az daha yaxın olsaydı, bütün yer üzü alışıb yanar və buxar halına gələrdi. Əgər bir az daha uzaq olsaydı bütün yer üzü buzla örtülər və heç bir canlı yaşaya bilməzdi.   Orta hesabla üc min metr yüksəklikdən yerə düşən yağış damcısı, “yerin cazibə qüvvəsinə görə” getdikcə artan bir sürətlə yerə ensəydi, toxunduğu hər şeyi bir güllə kimi deşib keçərdi. Halbuki yağış damcısı, artan bir sürətlə deyil, sabit və dəyişməz bir sürətlə yerə düşməkdə və rəhmət olmaqdadır.

    Kainata bu müəzzəm nizamı verən Uca Allah Qurani-Kərimdə belə buyurmaqdadır:

 “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq”.[1]

  “Günəş və ay müəyyən bir ölçu ilə (hərəkət) edər”.[2]

       Elə isə kainatda olan bütün bu varlıqların nizam və intizamla hərəkət etməsinin məna və hikməti nədir?

     Ayə və hədisi-şəriflərdə bildirildiyinə görə, bütün kainat Allaha səcdə etməkdədir. Hətta varlıqların kölgəsi belə Ona səcdə etməkdədir.

      Bu barədə Qurani-Kərimdə  belə buyurulur: 

   “Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək  sağa-sola əyilir?! Göylərdə və yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!”[3]

“(Ey insan!) Məgər göylərdə və yerdə olanların  (bütün canlıların), günəşin, ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (yəni möminlərin) Allaha səcdə etdiklərini görmürsənmi?”[4]

“(Ya Peyğəmbər!)  Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin) qanadlarını açıb (qatar-qatar)  uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi? Allah onlardan hər birinin duasını, şükr – sənasını bilir”.[5]

      Kainatda olan bütün varlıqlar Allaha dua və səcdə etdikləri halda, kainatın ən üstün  varlığı olan insanın  Allaha dua və səcdə etməməsi cahillikdən başqa bir şey deyildir. İnsanın əsas vəzifəsi, onu yaradan Allahı tanımaq və Ona qulluq etməkdir. Allaha tam mənasıyla qul olmaq üçün də, Allahın istədiyi şəkildə müsəlman olmaq şərtdir. Buna görə hər müsəlman özünü daxilən hesaba çəkərək bunları düşünməlidir:

    Qəlbim nə qədər Allahla bərabərdir? Sözlərim və əməllərim Quran və Sünnəyə uyğundurmu? Ömrümü harada və necə keçirirəm? İslam, həyatımda nə qədər yer alır? İş yerimdə, evdə, ticarətdə dinimi nə dərəcədə yaşayıram? Ticarətdə hər axşam haqq-hesab apardığım kimi “bu gün Allah üçün mən nə etdim və nə etmədim” deyərək özümü hesaba çəkirəmmi?

    Hər birimiz gündə dəfələrlə “Lə iləhə illəllah - Allahdan başqa heç bir ilah yoxdur”  kəlməsini söyləyir və onu təsdiq edirik. Elə isə gəlin görək bu kəlməni nə dərəcədə təsdiq edir və onu nə qədər həyatımızda tətbiq edirik?  Həqiqətən həyatımızda yalnız bir ilahmı var? Yoxsa ilahlarmı var? Uca Rəbbimiz Qurani-Kərimdə: “Nəfsini, həva-həvəsini özünə ilah edəni gördünmü?[6] – deyə buyurur. Yoxsa biz də nəfsimizə uyaraq onu özümüzə ilah etmişik? Heç düşündükmü?!

    Allah-Təala bir ayədə belə buyurur:  “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız”.[7]

    Elə isə gəlin bir düşünək: mübahisə edən iki qardaşımızın arasını düzəltməyə çalışırıqmı? Yoxsa, mənə nə, hər kəs öz ayağından asılacaqdır, - deyib kənardan seyr edirik? Qurani-Kərimdə buyurulur:  “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[8]

   O halda bir düşünək: yaşadığım bu müddət ərzində sui-zənn etdiyim kimsələrdən halallıq aldımmı? İndiyə qədər qeybətini etdiyim qardaşlarımla halallaşdımmı?

   Allahın Rəsulu (s.ə.s) dedi-qodu etməyi, fitnə-fəsad çıxarmağı, zülm etməyi və zülm edən zalımlara yardım etməyi qadağan etmişdir. Bütün bu qadağalardan çəkinirəmmi?

   Uca Allah Qurani-Kərimdə, yaxşı və pis bütün əməllərimizin mələklər tərəfindən yazıldığını  xəbər verməkdədir. Elə isə mənim əməl dəftərimdə xeyirli əməllər nə qədərdir və  bu əməllərimlə mən cəhənnəmdən qurtulub cənnətə girməyi haqq edirəmmi?

   Bəli, hər ağıllı insan Əzrayıl (ə.s) gəlmədən, nəfəslər tükənmədən əvvəl, bu və bu kimi sualları soruşaraq özünü hesaba çəkməli və cavabını hazırlamalıdır. Son olaraq Peyğəmbərimizin  (s.ə.s) bu barədə bir hədisi-şərifini xatırlamaq bizim üçün ən gözəl nəsihət olar:

   “Ağıllı insan, özünü (daima)  hesaba çəkən kimsədir”.[9]


[1] Qəmər: 49.

[2] Rəhman: 5.

[3] Nəhl: 48, 49.

[4] Həcc: 18.

[5] Nur: 41.

[6] Furqan. 25/43

[7] Hucurat, 49/10

[8] Hucurat, 49/12

[9] Tirmizi, R. Salihin Tərc. C. 1, Sh. 1001. Nö: 66. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz