BU GEDİŞ HARAYA?
İlin sonuna yaxınlaşarkən hamımız yeni bir yol ayrıcındayıq. Artıq dəftərimizə qeyd yazıb tarix qoyarkən bir daha 2015 yazmayacağıq. Əlimizi 2016 yazmağa öyrədənə qədər bir neçə gün çətinliyimiz olacaq.Amma bir il sonra ondan da vaz keçmək məcburiyyəti ilə üzləşəcəyik. Dekabrın 31-dən sonra bir daha yeni bir tarixi qeyd etmək üçün 2015 yazmayacağıq. Beləliklə,fani olan dünya 2015-i də tükətdi. İlin əvvəlində masamızın üstünə qoyduğumuz və ya divardan asdığımız qalın təqvim kitabçasının son səhifəsini cırıb atarkən əslində keçdiyimiz günlər ərzində həyatımızdan elə həmin təqvimin özü qədərini arxada qoyduğumuzu xatırlamaq nədənsə çətin gəlir hər birimizə.
Amma bir gerçək var, biz istəsək də, istəməsək də ömür qatarı yoluna davam edir və bir gün düşəcəyimiz stansiya yaxındır. Hər nə qədər bu gün çatdığımız stansiyada başqaları düşüb, biz qalsaq da, bizim də düşəcəyimiz bir gün gələcəkdir. Şair Necip Fazılın dediyi kimi bir gün biz də bu misranı pıçıldamaq məcburiyyətində qalacağıq:
“Dostlarım ev əşyamdı, bir-bir getdi diyorum
Artıq boş odalarda ölümü bəkliyorum”...
Bəs bu gediş haradır? Haradan gəlib hara gedirik? Bu sualın yaşı ən azı dünyanın yaşı qədərdir. Çünki ağıl sahibi olan hər kəs ətrafında və özündə baş verən dəyişikliklər qarşısında özünə bu sualı vermişdir: bu gediş haraya? İnsan haradan gəlir, hara gedir, bu səfərin mahiyyəti nədir? Bizə verilən və beşiklə tabut arasına sıxışdırılmış bu ömürdən məqsəd nədir axı?
Əlbəttə ki, bu suallara ən doğru cavab bizi də, dünyanı da, elə zamanın özünü də yaradandadır. Doğru cavabı tapmaq istəyən onun göndərdiyi kitablara və peyğəmbərlərə qulaq vermək məcburiyyətindədir. Çünki insan deyilən müəmma varlığın məchullarına yalnız onlar cavab verə bilərlər.
İslamdan əvvəl yaşamışərəb şairi və mahir xətib Qus bin Saidə məşhur xütbəsində dünyanın fani olduğunu dilə gətirərkən belə deyirdi:
“Ey İnsanlar! Gəlin, qulaq asın, ibrət alın... Yaşayan ölər, ölən fani olar, nə olacaqsa olar, yağış yağar, otlar bitər, uşaqlar doğulub ata-analarının yerini tutar. Sonra hamısı ölüb gedər. Hadisələrin ardı-arxası kəsilməz, bir-birini təqib edər.
Qulaq asın, diqqət edin. Göydə xəbər, yerdə ibrət alınacaq şeylər var. Yer üzü bir sarayın döşəməsi, göy üzü yüksək tavan.Ulduzlar axır, dənizlər durur, gələn qalmaz, gedən gəlməz. Əcəba, getdikləri yerdən razı qaldıqları üçünmü gəlmirlər, yoxsa orada yuxuya dalırlar?
And olsun, Allahın bir dini var ki, indiki dininizdən daha sevimlidir. Allahın gələcək bir peyğəmbəri var ki, onun gəlişi çox yaxındır. Kölgəsi başınızın üstündədir. Ona inanacaq insan necə də xoşbəxtdir. O, iman edənə doğru yolu göstərəcək. Ona üsyan edib, qarşı çıxanın vay halına! Ömürləri qəflətlə keçən ümmətlərin vay halına. Ey İyad camaatı, hanı ata-babalarınız? Hanı bəzəkli köşklər və daşdan ev tikən Ad və Səmud qövmü? Hardadır dünya malına aldanaraq qövmünə “Mən sizin ən böyük Rəbbinizəm” deyən Fironla Nəmrud?
Onlar sizinlə müqayisədə daha zəngin və daha güclü deyildilərmi? Bu torpaq onları dəyirmanında üyüdüb toz halına gətirdi, yox etdi. Sümükləri də çürüyüb darma-dağın oldu. Evləri yıxılıb xaraba qaldı. Yurd-yuvalarını indi köpəklər şənləndirir.
Onlar kimi etməyin, onların yolundan getməyin. Hər şey fanidir, əbədi olan yalnız Allahdır. Hansı ki, birdir, tayı-bərabəri yoxdur. İbadətə layiq olan Odur, doğmayıb, doğulmayıb. Bizdən əvvəl gəlib-keçənlərdən ibrət götürəcəyimiz çox şey var.
Ölüm çayının girəcək yeri çox, amma çıxacaq yeri yoxdur. Böyük-kiçik nə varsa köçüb gedir. Gedən geri gəlmir. Dərk edirəm ki, hər kəsə olan mənə də olacaqdır...”
Hər gün gördüyümüz, hər an yaşadığımız gerçəklər əsrlərin o tayından bu müdrik insanın dili ilə necə də gözəl ifadə edilmişdir. Əslindəgörən gözlər üçün alıb-verdiyimiz hər nəfəs dünya həyatının faniliyindən xəbər verir. Yazın gəlişi ilə canlanan torpaq, al-əlvan rəngə boyanan təbiət payızda xəzan olub tökülərkən ölümü yada salmırmı? Ətrafımızda baş verən hər şey bizə kainatın və içindəkilərin fani olduğunu xatırlatmırmı?Saatlar günü tamamlayır, gün ay olur, ay ilə çevrilir. Fəsillər bir-birini əvəz edir. Gözünü dünyaya yenicə açan körpə sabah böyüyüb övlad sahibi olur. Sonra yerini övladlara verir. Toxunmağa qıymadığımız zərif bir körpənin dərisi gün gəlir, cadar olmuş torpaqdan seçilmir. Hər an vücudumuzda hüceyrələr ölür, yerinə yeniləri gəlir, sonra onlar da yerini başqalarına verir. Hər gün vaxtı öyrənmək üçün dəfələrlə baxdığımız saat əslində dəyirman olub zamanın özünü üyüdür, fərqində deyilik. Hər saniyənin tamamında qulağımıza gələn saat tıqqıltısı əslində doldurmalı olduğumuz ömür kasamıza tökülən damlaların səsi deyilmi? Məgərhamımız əslində vədəsi tamam olanda dünya adlı limandan ayrılacaq yolçular deyilikmi?Şair nə gözəl deyir:
Artıq dəmir almaq günü gəlmişsə zamandan
Məchula gedən bir gəmi qalxar bu limandan...
Elə isə əbədi səadətimiz üçün qarşımızda iki məsələ durur: haradan gəlib hara getdiyimizi dərk etmək və fani dünya həyatında gələcəyimizi zəmanət altına almağın yollarını axtarmaq.
Səfərə çıxan yol tədarükü görər, özü ilə azuqəsini götürər. Həzrət Peyğəmbər hədisi-şərifində bizə ağıllı insanın tərifini verərkən belə buyurur:“Ağıllı insan nəfsinə hakim olan və öldükdən sonrası üçün çalışandır. Aciz insan da nəfsini arzularına tabe edən və Allahdan istəməklə kifayətlənən kəsdir”. (Tirmizi, Qiyamə, 25)
Bəli, ağıllı insan özünü hesaba çəkəndir. İki gününün eyni olmamasına çalışandır. Ağıllı insan yeni ili əyləncə masalarında qarşılayan deyil, əksinə, yola saldığı ilin götür-qoyunu edəndir. Hər gecə yatmazdan əvvəl özünə Həzrət Ömərin “Bu gün Allah üçün nə etdin?” sualını verəndir.
ŞƏRHLƏR