Niyə İnanıram?
“İnanmaq” və “inanmamaq” adlı iki ucu olan bir incə ipin üstündə keçib gedir bütün həyatımız. Bəzən insanın beyninin heç gözləmədiyi tərəfindən, bəlkə də ruhunun dərinliklərindən bir sual gəlib-gedir ağlımıza: Niyə inanıram? Bu sual “nəyə inanıram” sualından daha vacibdir. Çünki insanın nəyə inanacağını seçməsi üçün ağıl yoluyla götür-qoy eləməsi asandır; ağlını düzgün işlədərsə. Amma niyə inanmalı olması onun bütün həyatını alt-üst edə biləcək bir seçimin ifadəsidir.
Üzü “bilinməyən” bir tarixə tərəf yol alıb gedirik, dünya gəmisində. Ucu-bucağı olmayan bu qaranlıq səmanın dərinliklərində süzən qalaktikamızla bərabər bu yolçuluğumuzun harada bitəcəyini bilmirik. Bir qara dəlikdə, bir göy cismi toqquşmasında və ya elə öz-özümüzə hazırlayıb ipini yavaş-yavaş çəkməkdə olduğumuz təbii fəlakətlərlə... Həyata aid əlimizdə olan tək ip ucu isə bizim hal-hazırda yaşamaqda olmağımızdır. Odur ki, nələr baş verdiyini başa düşməkdə, elmi izahını verməkdə çətinlik çəkən fikir adamları çətin də olsa bu yolu seçiblər: hara getdiyimizi bilmirik, heç olmasa haradan gəldiyimizi açıqlayaq.
Özlərini “münəvvər, ziyalı, oxumuş” olaraq görüb sanki daha ali bir ağıla sahib olduğunu zənn edən bəzi “elm” adamları, Allah inancını rədd edə bilmək üçün hələ də bezmədən, yorulmadan axtarışlarına davam edirlər. Bu axtarışlardan bir bölümü də, kosmosda başqa bir həyat mənbəyi axtarmaq və yerdə baş vermiş olan qeyri-adi hadisələri bu yolla açıqlamaq, - şəklində formalaşıb. Hər il, hər ay;“Kosmosda həyat izləri tapmağa çox yaxınlaşdıq”,- deyə sensasiyalı xəbərlər eşitməyi artıq adət eləmişik. Elə bu günlərdə “The Guardian” yeni bir məqalə yayımladı; Amerikanın Merilend universitetinin alimləri tərəfindən yer ilə təxminən eyni ölçülərə malik, üzərində su və havanın da olduğu bir planetin aşkarlandığı açıqlandı. Yerdən 39 işıq ili məsafədəki bu planetdə canlı həyatın olma ehtimalı yüksək imiş. Hadisəyə iki aspektdən baxmaq olar:
1. Məqsəd çevrə kirliliyi və sıxlıqdan qaçaraq o planetə yerləşməkdirsə, buna heç kim ümid eləməsin. Hələki, bu məsafəyə bizi sağ çatdıracaq bir vasitə icad edilməyib.
2. Məqsəd orada olan həyatı kəşf edərək həyatın öz-özünə meydana gəldiyini elan eləməkdirsə, bunda da yanılmış olarlar. Çünki bu hal əsla möcüzəvi kitab olan Allahın kəlamı ilə tərs düşməz. Allah-Təala özünün “göydəkilərin və yerdəkilərin rəbbi” olduğunu birçox ayələrdə ifadə etməkdədir. “Göylərin və yerin yaradılışı insanın yaradılışından daha böyük bir işdir, ancaq insanların çoxu bunu bilmirlər”(əl-Mumin, 57) buyrularaq oradakı ehtişama və gizli sirlərə diqqət çəkilmişdir. O ki qaldı başqa planetə yerləşib həyat sürməyə; əgər bir gün bu fikir reallaşarsa,buna Quranın cavabı bu şəkildə olacaqdır: “Siz bir qabdan digərinə mütləq keçəcəksiniz”(əl-İnşiqaq, 19), “...Yerin və göyün sərhədlərini keçib getməyə gücünüz çatırsa, yarıb keçin, bunu böyük güc (elm) olmadan edə bilməzsiniz...”(ər-Rəhman, 33). Yəni insan bu kosmosun bitdiyi yerə, sərhədinə çata bilmədikcə hər zaman Rəbbinin qüdrəti qarşısında böynubükük, aciz qalacaqdır. Onun qəlbini bu çıxmazın içindən çəkib rahat bir həyata qovuşdurmaq isə yalnız və yalnız xalis bir iman içində rəbbini zikr etməklə mümkündür.
Əslində yuxarıda zikr elədiyim ayənin təfsirində maraqlı tarixi-elmi məna çalarları var. Ərəbcəsindən hərfi tərcümə edəndə:“bir tabaq (boşqab)-dan digərinə mütləq keçəcəksiniz”- mənası daşıyan bu Quranayəsini ilk dönəm alimləri bir dönəmdən digərinə (uşaqlıq – cavanlıq – yaşlılıq – ölüm – diriliş) keçmək olaraq, bir haldan digərinə (imansızlıqdan imana, ...) yüksəlmək olaraq, daha sonrakılar bir səviyyədən, təbəqədən (quldarlıqdan, qəbilə dövlətindən) digərinə (sultanlıq, imperiya) keçiş olaraq yorumlamışdılar. Daha sonra Amerika qitəsi kəşf ediləndə bunu böyük qablar kimi yer səthində üzən bir torpaq parçasından digərinə keçiş olaraq yorumladılar. Yerin peyki olan Ay səthinə insanın endiyi xəbəri eşidiləndə isə bax bu ayənin mənasına necə də uyğundur deyildi. İndi başqa bir planetdə yaşama imkanı ortaya çıxsa və kimsə oraya gedə bilsə o zaman bu ayə yenə də öz geniş və dərin mənası ilə gündəmə gəlməzmi?
Bax, budur; tarixin hər səhifəsində insan elminin bir addım önündə olan ilahi möcüzə: Qurani-Kərim. Hər yeni böyük kəşfi, onsuz da bu, daha öncədən Quranda var idi, - dedirdən sirli rəhbər: Qurani-Əzimuşşan.
“İnsan; düşünən canlı növüdür” dedilər, düşünüb taparıq dedilər, amma... İnanmamaq üçün var gücü ilə çalışan və bütün iddiaları çürük çıxan, kosmosu incələdikcə kiçilən, insanı öyrəndikcə heyrətlər içində məəttəl qalan, ən xırda zərrədə belə üstün bir riyazi hesablama ilə quraşdırılmış mizanı, ölçünü başa düşdükcə heçliyini başa düşən,bu nizamın, bu kainatın, bu maddənin haradan gəldiyini heç bir şəkildə elmi izaha uydurub açıqlaya bilməyən, bir yaradıcının var olmadığını heç bir sübutu ilə isbat edə bilməyən insanın bu inadkarlığında israr edə bilməsi üçün bircə yol var: “inanmağı düşünməmək”. Çünki imanı axtarmaq üçün düşündüyün zaman bütün yollar bir üstün qüvvəyə, yaradıcıya, ilaha: Allaha çıxır.
İndi nə edə bilərik, axı biz düşünmədən dayana bilmirik?
ŞƏRHLƏR