NİYƏ QÜDS?

NİYƏ QÜDS?

Qüds dünyanın ən qədim şəhərlərindən biridir. Qədim ibrani və ərəb mənşəli sözlərin birləşməsindən  əmələ gələn şəhər adı  “Yerusəlim” (Barış şəhəri) olaraq da bilinir.

 Buna baxmayaraq, adının mənasıyla şəhərin taleyi heç də üst-üstə düşmür. Qüds şəhəri İsrail və Fələstinin arasında yerləşdiyindən ikisi üçün də əhəmiyyətlidir.

Əslində Qüds şəhəri hər üç səmavi dinə görə müqəddəs məkan olaraq qəbul edilir. Qüds həm yəhudi, həm xiristian, həm də müsəlmanların inancına görə bugünkü səmavi dinlərin çıxıb formalaşdığı məkan olduğu üçün insanların yaddaşında dərin izlər buraxmışdır.

Tarixən Qüds Assuriyalılar, Babil krallığı, Roma imperatorluğu, Bizans imperatorluğu, Sasanilər, Əməvilər, Qüds krallığı, Əyyubilər, Məmlüklər və Osmanlı İmperatorluğu tərəfindən öz sərhədlərinə daxil edilmişdir.

Rəvayətlərə görə, İbrahim peyğəmbər (ə.s) oğlu İsmaillə Kəbəni inşa etdikdən 40 il sonra digər oğlu İshaqla birlikdə Məscidül-Əqsanı tikmişdir. İsrail kralı Davud (ə.s) da miladdan min il əvvəl Qüdsü İsrail Krallığının paytaxtı elan edib və şəhərə 40 il hökmdarlıq etmişdir. Yəhudilərin Qüds şəhərini müqəddəs saymalarının bir səbəbi də Süleyman (ə.s) peyğəmbərin məşhur məbədini burada tikdirməsidir.

Xiristianlar üçün Qüdsün müqəddəs sayılmasında əsas səbəb Hz. İsanın (ə.s) burada çarmıxa çəkilməsinə inanmalarıdır.  Qüdsdə "Qiyamət kilsəsi" adlanan bir kilsə var. İsa Məsihin məzarının orada olduğu bildirilir. Dünyanın müxtəlif yerlərindən hər gün minlərlə insan oranı ziyarət edir. Bu səbəbdən kilsənin ziyarət edilməsinə "xristianların həcci" də deyilir. Kilsə xristian aləminin ən müqəddəs yeri olduğu üçün hər zaman xristian məzhəbləri arasında münaqişəyə səbəb olub. 1187-ci ildə Səlahəddin Əyyubi Qüdsü geri aldığı zaman ixtilafa son qoymaq üçün kilsə qapısının açarını iki müsəlman - Nusibeh və Coudeh ailələrinə verdi. O zamandan bəri bu iki müsəlman ailənin nümayəndələrindən biri hər gün bu kilsənin qapısını açır, digəri isə o açarı qoruyur. Bunun müqabilində isə 10-15 dollarlıq simvolik maaş alırlar.

Müsəlmanlar üçün tarixi və mənəvi əhəmiyyət kəsb edən Qüds şəhəri miladdan sonra 610-cu ildə müsəlmanların ilk qibləsi olmuşdur. Digər bir əhəmiyyəti bundadır ki, İslam Peyğəmbəri Muhamməd (s.ə.s) Meraca buradan yüksəlmişdir. Qüds şəhərində yerləşən Məscidül-Əqsanın və Qubbətüs-saxranın müsəlmanlar üçün böyük əhəmiyyəti var. Bununla əlaqəli Qurani-Kərimdə belə qeyd olunub: “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissalamı) bir gecə Məscidul-haramdan çevrəsini mübarək etdiyimiz Məscidül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pakdır. O, həqiqətən də (hər şeyi) eşidəndir, görəndir!” (əl-İsra, 17/1). Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra 3-cü müqəddəs şəhər qəbul edilir.

Müsəlmanlar tərəfindən şəhərin fəthi xəlifə Hz. Ömərin (r.a) dövründə (638-ci ildə) həyata keçirilib. Yəhudilərin digər dövrlərdə yaşadığı sıxıntılar və şəhərə girə bilməmək kimi məsələlər Hz. Ömər tərəfindən aradan qaldırılmış, yəhudilərin  şəhərə girməsinə icazə verilmişdir. Qüdsdə İslamın yayılması fəthdən daha əvvəl, 620-ci ildən başlamışdır.

İlk Xaçlı səfərləri zamanı şəhər yerlə bir edilmiş, müsəlmanların böyük bir qismi qətl edilmiş və şəhərə xiristian camaatlar yerləşdirilmişdir. Bu bölgədə xristian Qüds dövləti qurulmuşdur. Bu hal Səlahəddin Əyyubinin Qüdsü azad etməsinə qədər davam etmişdir. Osmanlının fəthinə qədər isə şəhər Məmlüklər dövlətinin himayəsində olub. Bundan sonra şəhər Osmanlının önəmli vilayətlərindən və din mərkəzlərindən birinə çevrilmişdir.

Qüds şəhərinin taleyi bu gün də bütün müsəlmanların diqqət mərkəzindədir. Şəhərin ətrafında baş verən münaqişələr, üzərində oynanan siyasi oyunlar nəinki müsəlmanları, bütün dünyanı narahat edir. Müsəlman dünyası birlik və bərabərlik içərisində olarsa, ümid edirik ki, bu kimi məsələlər tezliklə həllini tapacaq, sülh və əminamanlıq içərisindəki günlərinə yenidən qayıdacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz