"20 yanvar" sadəcə bir təqvim yarpağıdırmı?
Təqvim yarpaqlarının arasında elə bir yarpaq var ki, o mütləq digərlərindən rənginə, xüsusiyyətinə, ona verilən əhəmiyyətinə görə fərqlənir.
Günlər ötdükcə, zaman sürətlə axıb getdikcə bəzi hadisələrin mənaları həm daha qabarıq şəkildə özünü büruzə verir, həm də həmin təqvim yarpağının həyatımızda yeri olmasaydı, hansı xüsusiyyətlərə və dəyərlərə sahib bir cəmiyyətin parçası olduğumuzu tam mənası ilə qavraya bilməzdik. Həyatımızda baş verən hadisələr arasında kritik əhəmiyyətə malik bu cür təqvim günləri vardır. O gün sıradan bir gün deyil, məhz bütün bir millətin gələcək taleyinin tam mənası ilə təməlinin atıldığı və gələcək müqəddəratının həll edildiyi gündür...
20 yanvar 1990...
O qanlı gecədə ölümü gözə alaraq, gözünü qırpmadan düşmən üzərinə yürüyərək vətəni, milləti, istiqlalı uğrunda şücaətlə şəhid olmuş bütün bacı və qardaşlarımızı daim yad etmək, heç bir zaman xatirimizdən çıxarmamaq hər birimizin vətəndaşlıq borcudur. Dərin hörmətlə yad edərək onlara Allahdan rəhmət diləyirik. Qoy onların əziz ruhları şad olsun ki, bu gün canları bahasına başa gələn istiqlalımız daha da möhkəmlənərək inamla zirvələrə doğru irəliləyir. Həmin gecə yazılan bu qəhrəmanlıq dastanı gələcək nəsillərə doğru şəkildə ötürülməlidir ki, müstəqilliyimizə nə cür çətinlik və müsibətlərdən keçərək nail olduğumuz həmin nəsillərcə bilinsin və bu şərəfli yolda yürüyən nə qədər sağlam iradəli vətən övladlarımızın olduğundan xəbərdar olsun.
Xalqımız əsrlərdən bəri yaşadığı bu misilsiz coğrafiyada tarixə elə bir köklü iz qoymuşdur ki, heç bir əcnəbi ünsür -müxtəlif cəhdlər göstərsə də- o izləri silə bilməmiş, millətimizin mənəvi gücü və birliyi sayəsində bütün mənfi cəhdlərin öhdəsindən layiqincə gəlinmişdir.
Geriyə dönüb baxdığımız zaman, həqiqətən, o qanlı gecədə yüksək mətanət və cəsarət nümunəsi sərgilənməsəydi, gecənin bir yarısı tərəddüd etmədən ata-anasından halallıq alaraq, “bu gün olmasaq, artıq heç bir zaman olmayacağıq” deyərək evindən ayrılan cəsur qardaşlarımız olmasaydı, bu gün bir çox millətlərin həsrətlə arzuladığı istiqlal arzumuz gerçəkləşərdimi? Zənnimcə bu sualın bir cavabı var: xeyr! Məhz belə bir dastanın, belə bir tarixi əsərin adıdır “20 yanvar”.
20 yanvar hadisəsi eyni zamanda keçmiş Sovet İttifaqının tabeçiliyində olan digər respublikaların və xalqların da müstəqilliyini qazanmasına ilham qaynağı oldu. Məhz o dövrdən etibarən digər xalqlar da artıq bir mənada bu tarixi hadisədən cəsarət alaraq müstəqillik qazanmaları üçün xalq hərəkatını başlatdı və buna nail ola bildilər.
Həmin illərdə baş verən hadisələri açıq-aydın xatırlayan bir vətəndaş olaraq hər il hadisə qurbanlarının əziz xatirələrinin yad edildiyi 20 yanvar günü qeyri-adi bir ruh halına bürünür insan. Tən ortamızdan keçən “onlar olmasaydılar, bu gün həqiqətən biz olardıqmı?” duyğu yüklü sualı qeyri-ixtiyari olaraq kədərləndirir insanı. Kədərləndirməklə qalmayıb, bizə ərməğan etdikləri istiqlala sahib çıxma şüuru və məsuliyyətini iliklərinə qədər hiss etdirir insana. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəldilər, əlbəttə! Ancaq bu gün bizlər sözün əsil mənasında, vəzifəsindən və statusundan asılı olmayaraq, “vətəndaşlıq borcumuzu içimizi rahatladacaq dərəcədə yerinə yetiririkmi?” sualını öz-özümüzə yönəltməliyik.
Bu möhtəşəm ölkəmizin çiçəklənməsi, inkişafı, bayrağımızın daha da yüksəklərdə düşmənə qorxu salaraq dalğalanması üçün, hər baxımdan ölkəmizin haqq etdiyi yerə gəlib çıxması üçün əlimizi daşın altına nə dərəcədə qoyuruq və ya daşın verdiyi bu acı bizi vəzifəmizi layiqincə yerinə yetirməyə nə qədər ruhlandırır?
Vətən torpağımızın düşmən tapdağı altında olduğu bir zaman dilimində haqqımız çatırmı işimizi əskik görməyə?
Üçrəngli bayrağımızın vüqarla dalğalanmasının əsil səbəbkarları olan şəhidlərimizin bütün dünyaya verdiyi bu ibrətlik dərsdən hansı nəticələri çıxara bilirik?
Veriləcək sual çoxdur; cavabı isə sədaqət və səmimiyyətlə atacağımız addımlarda gizlidir.
ŞƏRHLƏR