İŞİD-in sonu, yoxsa?

İŞİD-in sonu, yoxsa?

Bəlli olduğu kimi, bu ay həm Rusiya, həm də ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp rəsmi şəkildə öz  ölkələrinin İŞİD üzərində qələbə əldə etdiklərini dünya ictimaiyyətinə bəyan etdilər.

 Artıq aparıcı kütləvi informasiya vasitələri də təkzib edilməsi mümkün olmayan bir faktda eyni fikirdədirlər: bu terror təşkilatı istər Suriya, istərsə də İraq ərazisində demək olar ərazilərinin 98-99 faizini itirmişdir. Ən əsası da Mosul, Tikrit, Ramadi, Tel-Əfar, Rəqqa, Deir-əz-Zor kimi iri şəhərlər bu terrorçulardan təmizlənmişdir.

Bütövlükdə İŞİD terror təşkilatının tutduğu ərazilərin azad edilməsi, psevdodövlətə və ya psevdoxilafətə vurulan sarsıdıcı zərbələr özlüyündə müsbət hadisə kimi sayıla bilər. Çünki əgər böyük dövlətlər bütün güclərini və səylərini sırf Əsəd rejiminə və ya digər müxaliflərə qarşı yönəltsəydilər, onda biz indinin özündə belə bu bəla ilə üzləşməli olacaqdıq.

Keçən yazılarımızdan birində qeyd etdiyimiz kimi, İŞİD müəyyən mənada “ən pis” variant olduğundan supergüclər məhz öz qüvvələrini ona qarşı yönəltdilər. Paradoks orasındadır ki, bu qurum əməlləriylə eyni zamanda özü bilmədən Əsəd rejiminə xidmət etmiş oldu. Yadımıza Rusiyanın 2015-ci ilin sentyabrında Suriyaya hərbi müdaxiləsini salaq. Bu ölkə “İŞİD terroru ilə mübarizə” devizi altında münaqişəyə qoşulsa da, əməliyyatların ilk mərhələsində hava zərbələrini məlum olduğu kimi, müxalif Suriya Azad Ordusu və “Cəbhət-ən-Nusra” qruplaşmalarının mövqelərinə endirdi.

İŞİD-in bir neçə illik fəaliyyətinə nəzər salanda, aşağıdakıları söyləmək olar. Bu təşkilat ancaq pis əməlləri ilə yadda qaldı. Birincisi, avtoritar Əsəd rejiminin süquta doğru getdiyi bir vaxtda terror qruplaşması müxalifətlə vuruşmaqla faktiki olaraq, rejimin həyatını uzatmış oldu. İkincisi, yersiz, şəriətə uyğun olmayan edam cəzaları keçirməklə, kütləvi qırğınlar və zorlamalar kimi mənfur əməllər törətməklə, bir vaxtlar mövcud olmuş xəvaricliyin yeni formada peyda olmasına səbəb oldu və bununla, istər-istəməz İslamın dünyadakı imicinə zərbə vurdu. Biz nə qədər desək də ki, “İŞİD-in İslama dəxli yoxdur, İslam sülh dinidir”, terror təbliğatı öz işini görür. Məhz bu baxımdan, bu terror qurumunun Suriya və İraq ərazisində tutduğu ərazilərdən məhrum olması müsbət hal sayıla bilər.  

Məlum hadisələrin kontekstində ilk ağla gələn sual budur: İŞİD üzərində tam qələbədən söhbət gedə bilərmi? Aparıcı ekspertlərin əksəriyyətinin də gəldiyi qənaət budur ki, sözügedən terror təşkilatı supergüclər tərəfindən güclü zərbəyə məruz qalsa da, hələ ki, bir müddət müəyyən aksiyalar keçirmək iqtidarında olacaq. Məsələn, biz hal-hazırda bu qurumun Əfqanıstan və Filippində kiçik uğurlarının şahidi oluruq. Hətta İraqda belə İŞİD bütün ərazilərdən məhrum olsa da, son aylar ərzində yenə də Bağdadda insan itkisinə səbəb olan terror aktlarıyla bağlı xəbərləri hələ də eşitməkdəyik.

Ona görə tam qələbədən söhbət gedə bilməz. Ümumiyyətlə, bu cür qurumların bütövlükdə aradan qaldırılması üçün onu doğuran səbəblərin, eləcə də terrora haqq qazandıran ideologiyanın məhv olması vacibdir ki, biz hələ ki, bunu görmürük.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz