BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَاِذْ تَاَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَاَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِى لَشَدِيدٌ

 “Bir zaman Rəbbiniz bildirmişdi: Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım çox şiddətlidir”.   (İbrahim surəsi, 7)

Qurani-Kərimin bu ayəsi Həzrət Musanın (ə.s) öz qövmünə verdiyi öyüd-nəsihətlərdən birini bizə xəbər verir. Unutmayaq ki, bütün peyğəmbərlər tövhid dinini və Allaha şükür etməyi təbliğ etmiş, küfrə və nankorluğa qarşı mübarizə aparmışlar. Buna görə də o peyğəmbərlərin şükür və nankorluqla bağlı verdiyi nəsihətlər bizə də şamildir. Şükür və nankorluq məna etibarilə bir-birinə zidd məfhumlardır. Şükür etmək Allah-Təalanın bəxş etdiyi nemətləri dərk etmək və ondan sonra lazımi şükrü əda etməkdirsə, nankorluq bunun əksinə, Uca Allahın verdiyi nemətlərə laqeyd yanaşmaq və əvəzində şükür etməməkdir.

Bir çox ayeyi-kərimə bizə necə şükür etməyimiz gərəkdiyi və şükrün əhəmiyyəti haqda xəbər verir. Qurani-Kərimin dörd ayəsində isə Uca Allah: قَلِيلًا مَا تَشْكُرُونَ  “Nə qədər də az şükür edirsiniz!”[1] – buyuraraq həm bunun mühüm və ağır bir iş olduğunu bildirmiş, həm də insanın ən zəif nöqtələrindən birinin Allaha qarşı naşükürlük olduğuna işarə etmişdir. Lakin yuxarıdakı ayədə ifadə edilən fərqli cəhət odur ki, Uca Allah şükür edən qullarına olan nemətlərini artıracağını vəd edir. Nemətlərin artması həm maddi, həm də mənəvi cəhətdən ola bilər. Bu nemətlər, ən başda iman neməti olmaqla, ibadət, sağlamlıq və dünyadakı mal-mülk kimi nemətlərdir. Mömin bir insan onu bilməlidir ki, o şükür etdikcə Allah-Təala ona həm dünyada, həm də axirətdə daha çox nemət bəxş edəcəkdir. Sağlığına şükür edənin sağlamlığı artar, sərvətinə şükür edənin malı artar, ibadətinə şükür edənin ibadəti çoxalar. Sərvətə görə edilən şükür möhtacların ehtiyacını təmin etməklə, elmin şükrü həmin elmi insanların faydası üçün işlətməklə, sağlamlığın şükrü isə Allaha qulluq və insanlara xidmət etməklə əda edilər.

Burada Allah-Təala verdiyi nemətlərə qarşı nankorluq edən bəndələrinin acı bir əzaba düçar olacağını da xəbər verir. Nankorluq həmin neməti verəni tanımamaq və inkar etmək surətilə ona şükür etməməkdir. İnsanın ona verilmiş mal-mülkə görə təkəbbürlənməsi və ondan pis yolda istifadə etməsi də naşükürlükdür. Bu ayənin sonunda nankorlar üçün vəd olunan əzaba gəldikdə, bu, axirət cəzası ilə yanaşı, dünyada həmin nemətin onun əlindən alınmasını da ehtiva edir. Bu mənada da qul əldə olan nemətin azalmaması və əldən çıxmaması üçün şükrünə davam etməlidir.

 


[1] Əraf, 7/10; Muminun, 23/78; Səcdə, 32/10; Mülk, 67/23.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz