HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Abdulqadir Gilani q.s -1-
Abdulqadir Gilani həzrətləri (1078 -1166) buyurur:
“Üsyanınız nəfsinizə, itaətiniz Rəbbinizə olsun”.
Allaha qul ola bilməyənlər nəfslərinin həva və həvəsinə kölə olmaqdan qurtula bilməzlər. Allah-Təala ayeyi-kərimədə belə buyurur:
“(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü?..” (əl-Furqan, 43)
Hədisi-şərifdə də:
“Allah nəzərində göy qübbə altında, ibadət olunan saxta ilahlar arasında ardınca düşülən həvadan (nəfsani arzulardan) daha ağırı və daha pisi yoxdur”, - buyurulmuşdur. (Heysəmi, I, 188)
Bu səbəblə də həva və həvəslərinə qarşı mücadilə edən saleh bəndələr başqa bir hədisdə belə təriflənir:
“(Əsl) mücahid nəfsinə qarşı cihad edən kəsdir”. (Tirmizi, Fəzailul-Cihad, 2/1621; Əhməd, VI, 20)
Nəfsin var olma hikmətini, insana verilmə qayəsini bilməyən, onun hiylə və tələlərindən bixəbər olanlar Rəblərinə qulluqlarını da layiqli şəkildə dərk edə bilməzlər. Bu səbəblə “Nəfsini tanıyan Rəbbini də tanıyar”, - buyurulmuşdur.
Həqiqətən, nəfs hiyləsinin ardı-arxası kəsilməz. Hətta nəfs insanı ibadət edərkən belə tələyə sala bilər. İnsanı etdiyi əməllərə görə qürur və təkəbbürə sövq edərək həmin əməllərin içinin boşalmasına və əcrinin zay olmasına səbəb ola bilər. Ona görə də insan saleh əməl işləməklə kifayətlənməməli, nəfsini susdurmağa çalışmalıdır. Yəni “mən bu qədər xeyir əməl işlədim” deyə qürrələnməkdən çəkinməli, həmin əməlləri işləyə bilməyin də Allahın lütfü olduğunu düşünməlidir.
Böyüklər belə buyururlar:
“İki şeyi unut: Biri, sənə edilən pislik, digəri isə etmiş olduğun yaxşılıqdır”.
Çünki xam və nadan nəfs etdiyi yaxşılıqları, ibadətləri və saleh əməlləri insanın gözündə böyüdüb onları lovğalıq və təkəbbür sərmayəsinə çevirmək istəyər. Bu tələyə düşən insan əməlinə güvənmək qəflətinə düşər. Halbuki insanı qurtaracaq olan əməli deyil, Allahın rəhmətidir. Bütün əməllərimiz eynilə dualarımız kimi Allahın qəbuluna möhtacdır.
Necə ki, Xalid Bağdadi həzrətləri qardaşına yazdığı bir məktubda bu hissiyyatını belə dilə gətirmişdir:
“Allaha and olsun ki, anamın məni dünyaya gətirdiyi gündən bu günə qədər Allah qatında məqbul və mötəbər bir əməl işlədiyimə inanmıram…
Əgər öz nəfsini bütün xeyir işlərdə müflis görmürsənsə, bu, cəhalətin ən son nöqtəsidir. Əgər özünü müflis sayırsansa da, Allahın rəhmətindən naümid olma. Çünki Allah-Təalanın fəzli-kərəmi qul üçün insanların və cinlərin (bütün saleh) əməllərindən daha xeyirlidir”.[1]
Deməli, əməllərini gözündə böyüdərək onları əbədi qurtuluş üçün kifayət saymaq nəfsin tələsinə düşməkdir.
Hz. Peyğəmbər r də:
“Allahım, sənin rəhmətini umuram. Bir göz qırpımı qədər də olsa, məni nəfsimin həvası ilə baş-başa qoyma!..”[2] – deyə dua etmiş və nəfsinin tələlərinə qarşı daima ayıq-sayıq olmağın əhəmiyyətinə işarə etmişdir.
Mənəvi tərbiyə yolu ilə nəfsin təzkiyə olunub pisliklərdən təmizlənməsi hədsiz dərəcə vacibdir. Riyazət və mücahidə üsulları ilə, yəni nəfsinin ehtiraslarını cilovlayıb onu bəyənmədiyi saleh əməllərə məcbur etmək surəti ilə ram etmək şərtdir. Çünki kəlmeyi-şəhadətin həqiqətinə də, məqbul qulluğa da yalnız bu sayədə nail olmaq mümkündür.
Allahın rizası əsasən nəfsin xoşuna gəlməyən və əda etməkdə çətinlik çəkdiyi əməllərdə gizlidir. Necə ki, Abdurrahman bin Əvf t bu həqiqəti belə ifadə etmişdir:
“İslam nəfsə xoş gəlməyən çətin əmrlərlə gəlmişdir. Biz xeyirlərin ən xeyirlisinin nəfsin xoşuna gəlməyən çətin əmrlərdə olduğunu gördük. Məsələn, Rəsulullah r ilə Məkkədən ayrılıb hicrət etmişdik. Nəfsimizə ağır gələn bu hicrətimizlə bizə üstünlük və zəfər yolları açıldı.
Həmçinin Allah-Təalanın Qurani-Kərimdə:
“(Onların bu halı) möminlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər”, (əl-Ənfal, 5-6) buyuraraq ifadə etdiyi kimi, Allah Rəsulu ilə birlikdə Bədir döyüşünə çıxmışdıq. Allah-Təala burada da bizim üçün zəfər və üstünlük lütf etmişdi.
Bir sözlə, biz ən böyük xeyirlərə daima nəfsimizə ağır gələn bu kimi əmrlər sayəsində nail olduq”. (Heysəmi, VII, 26-27)
Deməli, Zünnun Misri həzrətlərinin buyurduğu kimi, daima “Allahın dostu, nəfsinsə düşməni olmaq lazımdır; Nəfsin dostu olub, Allahın düşməni olmaq deyil!..”
Adulqadir Gilani həzrətləri buyurur:
“Ey oğul, nəfsinə qarşı cihadında sənə yardım edənlə yoldaş ol, onun söhbətində ol, dostluğunu qazan. Nəfsinin azmasına yardım edənlə yoldaş olma!”[3]
İnsanı doğru yola da, yanlış yola da aparan əsasən birlikdə olub münasibət qurduğu kəslərdir. Necə ki, hədisi-şərifdə:
“İnsan dostunun dini üzrədir. Hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin” – buyurulmuşdur. (Əbu Davud, Ədəb, 16/4833)
Ən xeyirli dost “Qardaşım, gəl, əldə fürsət varkən Allah üçün saleh bir əməl işləyək, tənbəlliyin daşını atıb bir az qulluq cəhdimizi artıraq…” kimi xeyrə təşviq edən əməlisaleh kəsdir.
Tabeun nəslindən Bilal bin Sad g belə buyurmuşdur:
“Sənin dindarlığını artıran dost hər qarşılaşdığında ovucuna bir qızıl qoyan dostdan daha xeyirlidir”.
Ən pis dost isə “Ey dost, gəl, əldə fürsət varkən dünyadan bir az da zövq alaq. Günümüzü keçirək, dünyaya bir dəfə gəlirik, əylənib həzzini görək…” deyərək qəflət və nəfsaniyyətə çağıran səfeh kəsdir.
Unutmayaq ki, bizi yoldan çıxarmaq üçün üzümüzə gülüb xoş sözlər deyən, nəfsimizi cəlb edən şeylərə çağıran biri əslində dostumuz deyil, əbədi xüsrana düçar olmağımızı istəyən düşmənimizdir.
Bunun əksinə, bizi doğru yola gətirmək üçün nəfsimizə xoş gəlməyən sözlərlə də olsa xəbərdarlıq edən kəs əsl səadətimizi, əbədi qurtuluşumuzu, bir sözlə yaxşılığımızı istəyən həqiqi dostumuzdur.
Necə ki, Həzrət Ömər t belə buyurmuşdur:
“Ən çox sevdiyim adam mənə ayıb və qüsurlarımı xəbər verəndir”.
Mövlana həzrətlərinin “Məsnəvi”sində hikmətlərlə dolu belə bir hekayə nəql edilir:
Bir nəfər yatarkən ağzından içəri ilan girir. Bunu görən arif bir zat həmin adamı qusdurub içindəki ilanı çıxarmaq üçün ona səbəbini söyləmədən əziyyət verməyə başlayır. Çünki nə olduğunu izah etsə, qarnına ilan girən adamın qorxusundan düşdüyü haldan çıxmağa macalı qalmayacaq. Arif zat içinə girən ilandan xəbərsiz olan zavallının ağır sözlərinə və təhqirlərinə əhəmiyyət vermədən onu qusdura bilmək üçün çürük meyvələr yedirir, qamçı ilə vurur, üstəlik atının önünə qatıb qovur. Nəhayət, qaçmaqdan taqəti kəsilən zavallı adamın ürəyi bulanır və zorla yediyi çürük meyvələrlə birlikdə ilanı da qusur. Ağzından çıxan qapqara ilanı görən adam arif zata minnətdar olur. Qəflətlə söylədiyi acı sözlərə görə əməlisaleh bəndənin ayağına qapanıb əfv diləməyə başlayır.
Anlaşıldığı kimi, qissədəki ilan nəfsi təmsil edir. İnsanı nəfsin təhlükələrindən qoruyub, halını islah edə bilmək üçün -əziyyətverici müalicə yolu seçsə də- onu əbədi zəhmətdən qurtarmağa çalışan mənəvi rəhbərsə ömürlük təşəkkürə layiq dostdur.
Qafil insan daxili aləmində özünə yuva quran ilanların fərqində olmaz. Onları özündən uzaqlaşdırmadan da nə qədər təhlükəli olduğunu dərk etməz.
Hz. Musa u zamanında gizli elmlər, xüsusilə də sehrbazlıq çox inkişaf etmişdi. Bu səbəblə Hz. Musa da əsasını yerə atanda ilana çevrilmişdi.
Təsəvvüf alimləri Həzrət Musanın əsasının işari mənada nəfsə dəlalət etdiyini söyləyirlər. Hz. Musa həmin əsaya söykənərdi. Allah-Təala onu yerə atmasını söylədikdə nəfsinin nə qədər böyük bir canavar olduğunu görüb qorxdu. Çünki Rəbbi hər şeyi ən yaxşı bildiyi halda Hz. Musadan soruşmuşdu:
- Əlindəki nədir?
- Əsadır, ya Rəbb.
- Onunla nə edirsən?
- Ona söykənirəm…
- Məndən başqa arxalanacaq, sığınacaq bir şey olmadığını bilmirsənmi? At onu əlindən!..
Həzrət Musa əsasını atdığı vaxt nəfsin həqiqətini nəhəng ilan surətində gördü. Lakin o böyük Peyğəmbər nəfsini islah edib onun həqiqətini idrak etməsi nəticəsində həmin əsa ilə qövmünə qurtuluş yolu açmış və fironun sehrbazlarını aciz qoymuşdu…
Xülasə, əsl dost səni nəfsinin təhlükəli tələlərindən xilas edən dostdur. Mənəvi və əbədi həyatının əmin-amanlığını maddi və fani mənfəətlərindən öndə tutan kəsdir. Bu uğurda lazım gələrsə, nəfsinin xoşuna gəlməyən nəsihətlər etməkdən çəkinməyən kəsdir. Nəticə etibarı ilə həmin saleh dostdan gələn acı xəbərdarlıqların belə əslində ruha şəfa və rəhmət resepti olduğunu unutmayıb onu baş tacı etmək lazımdır. Belə bir sadiq dostu olan adam böyük sərvətə sahibdir.
Abdulqadir Gilani həzrətləri buyurur:
“Ey oğul, əgər cahil, ikiüzlü, münafiq, nəfsi istəklərinin ardınca gedən bir “şeyx” ilə dost olar, onun söhbətində iştirak etsən, nəfsinin azmasına yardım edər. Bu kimi “şeyx”lərin söhbəti sənin zərərinə olar.
Əsl şeyxlər dünya və dünyalıq üçün söhbət etməzlər. Əksinə, axirət üçün, mömini Allaha qovuşdurmaq üçün söhbət edərlər”.[4]
İnsan içində olduğu mühitdən təsirlənər. Qəlb ülfət və ünsiyyət etdiyi adamların xasiyyət və xarakterinə bürünər.
İmam Qəzali həzrətlərinin buyurduğu kimi, fasiq və qafillərlə bərabərlik zamanla zehni bərabərliyə, zehni bərabərlik də bir müddət sonra qəlbi bərabərliyə çevrilər. Bu isə insanın addım-addım həlaka sürüklənməsi deməkdir. Necə ki, Nuh və Lut peyğəmbərin xanımı bu səbəblə cəhənnəmə sürükləndi.
Elə isə mömin xüsusilə əbədi həyatına aid xüsuslarda kimlərin təsir dairəsində olduğuna hədsiz dərəcədə diqqət etməlidir. Dostlarının Quran və Sünnə istiqamətində yaşayan, təqva əhli, saleh insanlar olmasına cəhd etməlidir.
Rəsulullah r çox sevdiyi səhabələrindən Abdullah bin Ömər (r.a)-ə, onun şəxsində qiyamətə qədər gələcək bütün ümmətinə mühüm xəbərdarlıq etmişdir:
“Ey İbn Ömər, dinindən möhkəm yapış, dinindən möhkəm yapış! Çünki o, sənin həm ətin, həm də qanındır. Dinini kimdən öyrəndiyinə çox diqqət et. Dini elmləri və hökmləri istiqamət sahibi olan alimlərdən al, istiqamətdən ayrılanlardan alma!” (Xatib əl-Bağdadi, əl-Kifayə fi İlmir-Rivayə, s. 121)
Çünki bir adam zahirən alim də olsa, Quran və Sünnə istiqamətində təqva üzrə həyat yaşamırsa, xüsusilə mənəvi həyatın inşasında onun verəcəyi fikirlərə, edəcəyi təlqinlərə etibar etməmək lazımdır. Çünki nəfs və şeytan özünü haqq tərəfdarı kimi göstərərək bu kimi insanları tələyə sala bilər. Sonra insanlar arasında fəsada səbəb olmaları üçün onlardan istifadə edər.
Din pərdəsi altında dinə və dindarlara zərər vuran bu kimi insanları tanımaq üçün ən qəti ölçü Quran və Sünnədir. Cüneyd Bağdadi həzrətləri belə deyir:
“Bir adamın havada uçduğunu görsəniz, halı və yaşayışı Kitab və Sünnəyə uyğun deyilsə, bu bir kəramət deyil, istidracdır”.[5]
Necə ki, qiyamətin böyük əlamətlərindən biri olan Dəccal da bəzi fövqəladə hallar göstərəcək, bu sayədə aldadacağı bir çox insanı fəlakətə sürükləyəcək. Bu etibarla əshabi-kiramın dini xüsuslarda daima Kitab və Sünnəni diqqətə alma həssaslığı hamımıza nümunə olmalıdır. Belə ki, hədis raviləri bir hədis almaq üçün uzun yollar qət edib yanına getdikləri bir adamın heyvanını yanına çəkmək üçün boş yem torbası göstərərək aldatdığını gördükdə onun əxlaqını kifayət görməmişlər. Bir heyvanı da olsa aldadan adamı Allah Rəsulunun hədisləri istiqamətində yaşamadığı üçün hədis nəqlinə layiq görməmişlər.
Tabeun nəslinin böyük imamlarından Əbul-Aliyə g belə deyir:
“Biz hədis almaq üçün yanına getdiyimiz adamın əvvəlcə namazı necə qıldığına baxardıq. Əgər namazını gözəl qılarsa, digər işləri də gözəl olacağı qənaətinə gələrdik. Namazında xüşu və tədili-ərkana riayət etmədiyini görsək, digər işlərinin də nöqsan olduğunu düşünərək yanından uzaqlaşardıq”. (Darimi, Müqəddimə, 38/429)
Bu gün də dini sahədəki elminə müraciət edəcəyimiz adamları bu ölçülərlə dəyərləndirməliyik. Çünki Əbul-Həsən Haraqani həzrətlərinin buyurduğu kimi:
“İki nəfərin dində çıxardığı fitnəni şeytan belə çıxara bilməz: Dünya ehtirasına qapılmış din alimi və elmdən məhrum sufi”.[6]
Xülasə, mənən təkamül etmiş elm və irfan sahibləri ilə ünsiyyət, dostluq və yaxınlıq qurmalıyıq ki, bizi də mükəmməlliyə aparsınlar. Əks təqdirdə irşad yerinə zəalalət təhlükəsi ilə qarşı-qarşıya olarıq.
Həmçinin təəssüf hissi ilə qeyd etməliyik ki, zəmanəmizdə bəzi cahillər “Filan böyük zatın ətəyindən yapışdım, o axirətdə məni qurtaracaq” kimi sözlər söyləyirlər. Halbuki ətəyindən yapışdıqları həmin zatın son nəfəsini imanla verəcəyi xüsusunda heç bir zəmanəti yoxdur. Allahın rəhmətinə sığınmaq yerinə fanilərə arxalanmaq böyük bir aldanışdır.
Necə ki, Həzrət Peyğəmbər ən yaxınlarına belə bu barədə xəbərdarlıq etmişdir:
“Ey Rəsulullah Muhammədin qızı Fatimə, ey Safiyyə, Allah qatında məqbul olacaq əməllər işləyin! Çünki mən (qulluq etməyəcəyiniz təqdirdə) sizi Allahın əzabından qurtara bilmərəm”. (İbn Sad, II, 256; Buxari, Mənaqib, 13-14; Müslim, İman, 348-353)
Səhabeyi-kiramın məşhur abid və zahidlərindən olan Osman bin Məzun t vəfat etdiyi zaman bir qadın:
“Ey Osman, şahidlik edirəm ki, indi Allah sənə ikram edir”, - dedi.
Rəsulullah r onun bu sözünə müdaxilə edərək:
“Allahın ona ikram etdiyini hardan bilirsən?” – dedi.
Qadın:
“Vallahi, bilmirəm”, - dedikdə Allah Rəsulu r belə buyurdu:
“Baxın, Osman vəfat etmişdir. Şəxsən mən onun üçün Allahdan xeyir ümid edirəm. Lakin mən peyğəmbər olduğum halda mənə və sizə nə ediləcəyini (yəni başımıza nə kimi hallar gələcəyini) bilmirəm…” (Buxari, Təbir, 27)
Abdulqadir Gilani həzrətləri buyurur:
“Hər kim dinin əsaslarını öz həyatında tətbiq etmədiyi halda qəlbində hikmət nurları olduğunu iddia edərsə, o, yalançıdır. Bunu bilin ki, dinin / şəriətin şahidlik etmədiyi hər hal zındıqlıqdır”. [7]
Hər bir insanın daxilində zaman-zaman müəyyən təzahürlər, ilhamlar hiss oluna bilər. Lakin bunların Rəhmani, yoxsa şeytani olduğunu yalnız şəriət ölçüləri ilə öyrənmək mümkündür.
Necə ki, Abdulqadir Gilani həzrətləri başına gələn bir hadisəni belə nəql edir:
Bir gün gözümün önündə bir nur peyda oldu və bütün üfüqü bürüdü. Onun nə olduğuna baxarkən bir səs eşidildi:
“Ey Abdulqadir, mən sənin Rəbbinəm. Bu günə qədər işlədiyin saleh əməllərdən o qədər razıyam ki, bundan sonra haramları sənə halal etdim”.
Həmin an səsin sahibinin şeytan olduğunu anladım və:
“Uzaqlaş burdan, ey məlun. Göstərdiyin nur mənim üçün əbədi zülmətdir”, - dedim.
Şeytan:
“Rəbbinin sənə verdiyi hikmət və fərasətlə bu dəfə də əlimdən qurtuldun. Halbuki mən yüzlərlə adamı bu üsulla yoldan çıxarmışdım”, - deyərək uzaqlaşdı.
Əllərimi uca dərgaha açdım, bunun Rəbbimin fəzli-kərəmi olduğunu dərk edərək ona şükürlər etdim”.
Bunu dinləyənlərdən biri soruşdu:
- Onun şeytan olduğunu hardan bildiniz?
Abdulqadir Gilani həzrətləri bu cavabı verdi:
- Haramları sənə halal etdim, - deməsindən.
Bu, hər bir möminin ömrü boyu möhtac olduğu fərasətdir. Çünki bir insan saleh əməlləri və gözəl əxlaqı səbəbi ilə halal-harama riayət məsuliyyətindən azad edilsəydi, əlbəttə ki, hamıdan əvvəl insanlığın Allaha qulluqdakı zirvəsi olan Rəsulullah r bundan azad edilərdi. Belə bir imtiyaz ona tanınmadığı üçün başqasına da tanınmayacaq.
Xülasə, namaz, oruc, zəkat, həcc və digər dini mükəlləfiyyətləri yerinə yetirməyib “Mənim qəlbim təmizdir, əsas budur” kimi qafil sözlərlə ilahi əmr və qadağalara qarşı saxta sərbəstlik cığırı açmağa çalışan zındıqlara əsla etibar olunmamalıdır.
Onu da unutmamaq lazımdır ki, hər dövrdə Allahın dinini pozub könülləri bulandırmaq istəyən din təhrifçiləri daim olmuşdur. Bu kimi hallarda möminlərin doğrunu əyridən, yaxşını pisdən ayırd edə bilmə fərasəti böyük əhəmiyyət kəsb edir. Bu səbəblə biz də, xüsusilə gənc nəsillərimizlə birlikdə Quran və Sünnədən daha möhkəm yapışaraq din təhrifçilərinin fəndlərini boşa çıxarmalıyıq.
Allah-Təala hər birimizə haqqı haqq bilib ona tabe olmağı, batili də batil bilib ondan uzaq durmağı nəsib etsin. Bütün hiss, fikir, niyyət və əməllərimizi daima rizası ilə birləşdirsin. Quran və Sünnənin nurlu iqlimində, razı qaldığı kimi qulluq həyatı yaşayıb axirətdə də salehlərlə birlikdə həşr olunmağı ehsan eyləsin.
Amin!..
[1] Məktubati-Mövlana Xalid, 28-ci Məktub.
[2] Əbu Davud, Ədəb, 100-101.
[3] Fəthur-Rəbbani (Abdulqadir Gilaninin Söhbətləri), Tərcümə: Yaman Arıkan, s. 335, İstanbul 1987.
[4] Fəthur-Rəbbani, s. 335.
[5] İstidrac: Kəramətin ziddidir. Kafir, münafiq, fasiq və yalançı şeyxlərdən meydana gələn bəzi qeyri-adi hallardır. Bu kimi hallar ilahi imtahan olaraq onları addım-addım həlaka aparar.
[6] Əttar, Təzkirətul-Övliya, s. 624.
[7] Fəthur-Rəbbani, s. 303.
ŞƏRHLƏR