Mənbələrimizdə Mehdi

Mənbələrimizdə Mehdi

Ərəb dilində “mehdi” kəlməsi “yol göstərən”, “hidayətə çat(dır)an”, “doğru yolu tapan”, “rəhbərlik edən” kimsə mənasına gəlir. İslam əqidəsində Mehdi adı ilə bilinən bir başçının qiyamətə yaxın dövrdə, zülm və ədalətsizliyin hər tərəfi bürüdüyü bir zamanda gəlib yer üzündə ədaləti bərqərar edəcəyinə və İslam dinini hakim qılacağına inanılır. Onun həmçinin əhli-beytdən biri olduğuna da inanılır.

      Hz. Mehdi  Hz. Peyğəmbərin (s.ə.s)  qiyamətə yaxın gələcəyini xəbər verdiyi saleh bir bəndədir. Mehdinin əsl adı Muhamməd, atasının adı isə Abdullah olacaq. “Mehdi” isə onun adı deyil, ləqəbidir. Necə ki, bir hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s) onu belə tərif edir: “Mənim əhli-beytimdən, adı mənim adım, atası da atamın adı olan bir kişi dünyanı ədalət və insafla doldurmayana qədər qiyamət qopmayacaq”. (İbn Hibban, Səhih,  6824)

Mehdinin zühuru qiyamətin əlamətlərindən sayılır. O, dini gücləndirəcək, yer üzündə ədaləti yayacaq və bütün müsəlmanlar birlik halında ona tabe olacaqlar. Mehdidən sonra Hz. İsa (ə.s) nazil olub Dəccalı öldürəcək. Hz. İsa da namazlarında Mehdiyə tabe olacaq.

Mehdinin zühurundan xəbər verən hədisi Əbu Davud, Tirmizi, İbn Macə, Bəzzar, Hakim, Təbərani, Əbu Rəbi rəvayət etmişlər.

Mehdinin axırzamanda çıxacağına və insanları xeyir və ədalətə yönəldəcəyinə dair bir çox hədislər (ahəd dərəcəsində) mövcuddur. Hz. Peyğəmbərdən (s.ə.s.) nəql edilən və İbn Macədə mövcud olan hədislərdə Mehdinin əhli-beytdən olacağı bu şəkildə bildirilmişdir:

“Mehdi bizdən, əhli-beytdəndir. Allah onu bir gecədə zəfərə çatdıracaq. Mehdi Fatimə övladındandır”. (İbn Macə, Fitən, 34; Darimi, Mehdi, 1)

“Biz Əbdülmüttəlib övladı Cənnət əhlinin əfəndiləriyik; Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Mehdi”. (Əbu Davud, Mehdi, 1; Tirmizi, Fitən, 52-53; İbn Macə, Fitən, 34)

“Dünya həyatının sona çatmasına bir gün belə qalsa, Allah zülmlə dolu olan dünyanı ədalətlə doldurmaq üçün əhli-beytdən birini göndərəcək”. (Əhməd ibn Hənbəl, II, 117-118)

Bu kimi hədislərlə yanaşı, digər mühəddislərin hədis məcmuələrində də buna bənzər bəzi xəbərlər mövcuddur. Lakin bu hədisləri möhkəmləndirəcək mütəvatir dərəcədə bir məlumat olmadığı kimi, bununla əlaqədar olaraq Quran nəssi də  mövcud deyil. Ayrıca Mehdi mövzusu Maturidi və Əşari kimi əhli-sünnənin əsasını təşkil edən əqaidə dair əsərlər təlif edən imamların əsərlərində işlənməmiş və bu mövzu ələ alınmamışdır. Bundan əlavə, fəri bir mövzu olduğuna və ahəd xəbərə söykəndiyinə görə bunu inkar etmək dindən çıxmaq sayılmır, küfrə səbəb olmur. Bunun üçün də bu mövzu ilk dövr əqaid kitablarında öz əksini tapmamışdır.

Əhli-sünnənin əqidəyə dair yazılan son dövr əsərlərində bu mövzudan bəhs olunmağa başlanmış və iman ilə arasında əlaqə qurulmuşdur. Bununla birlikdə şiəliyin bütün qollarında Mehdilik əhəmiyyətli bir məsələ olub, Mehdini gözləməkdən bəhs edən əqidənin  hakim olduğu görülmüşdür. Şiəliyin gizli imamı Mehdidir. İraqın Samarra şəhərində h.255(m.869)-ci ildə doğulduğu rəvayət edilir. Şiəliyə görə bu gizlilik mütləq bir gün sona çatacaq, yer üzündəki bu zülm və ədalətsizliklər yox olacaq və tarix boyunca haqsızlığa məruz qalan əhli-beytin intiqamı alınacaq. Onlar Qurani-Kərimdə Hud surəsi-8, Şuəra surəsi-4, Qasas surəsi-5 kimi ayələrin Mehdiyə dəlalət etdiyini söyləyirlər.

Əhli-sünnədə isə Mehdinin gələcəyinə dair inanc olmasına baxmayaraq, ona fövqəlinsan xüsusiyyətlər aid etmədən, cəmiyyəti İslama yönəldəcək bir idarəçi və ya elm adamı ola biləcəyi şəklində baxılır. Bir çox əhli-sünnə alimi Mehdi ilə bağlı əsərlər qələmə almışlar. Məsələn, İmam Süyuti “Kitabül-bürhan fi alamətil Mehdiyyil axir əz-zaman” adlı bir kitab yazaraq Hz. Mehdi haqqında bütün rəvayətləri cəm etmişdir.

Hz. Peyğəmbərimiz (s.ə.s) Mədinəyə gəldikdə ənsar və mühaciri bir-birinə qardaş elan elədi. Məkkəni və bir çox bölgələri fəth etməsinə baxmayaraq, Hz. Peyğəmbərimiz (s.ə.s) nə nəfsi üçün, nə də nəsli üçün kimsədən intiqam almamışdır. Hz. Mehdi də Hz. Peyğəmbərin (s.ə.s) nəslindən gəldiyinə görə intiqam almaq üçün deyil, ümməti birləşdirmək və din düşmənlərinə qarşı müsəlmanlarla bərabər, çiyin-çiyinə tək səf olaraq mübarizə aparmaq məqsədi güdəcəkdir. Ədalətli olmaq möminlərə qarşı mərhəmətli olmağı vacib edər.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz