İzzətdən Zillətə

İzzətdən Zillətə

Şair Əbu Tayyib belə deyir:

“Kim alçalarsa zillət ona asan gələr, çünkü ölüyə yara əziyyət verməz.”

 Şair burada alçalan insanı ölüyə bənzədir. Belə olunca da zillətin həmin adama təsiri olmayacağını deyir.  Bu şeiri ilk dəfə oxuyan kimi diqqətimi çəkmişdi. Çünki bu şeir mənə “muhacirlik ölümdən betərdir” hikmətli sözünü xatırlatmışdı. Bu iki vəciz kəlamı birləşdirdiyimiz zaman ortaya bu nəticə çıxır.

Muhacirlik (məcburi köçkünlük) ölüm kimi bir şeydir,

Alçalan insan da ölmüş kimidir,

Deməli, məcburi köçkünlük alçalmağın, dolayı yolla zillətin yolunu açır.

Yuxarıdakı nəticəni oxuyan hər kəsin ağlına təbii olaraq iki fikir gələcəkdir. Birincisi; bu məntiqi sonu puça çıxardan əsri səadət dövrü. İkinci də; torpağı işğal altında olan xalqımız. Səhabələr Məkkədən Mədinəyə hicrət etdikləri zaman zillətə düçar olmamalarının ən böyük səbəbi Peyğəmbərimizin yanlarında olması və yenə Peyğəmbərimizin məkkəli muhacirlərlə mədinəli ənsarı qardaş elan etməsi olmuşdu. Bunun üçün xalqımızın zillətə düçar olmamaları üçün Peyğəmbərimizin sünnəsinə sarılmağa bu gün daha çox ehtiyac duyulmaqdadır.

Bu gün qaçqınlara bəzi insanlar tərəfindən arsız və üzsüz deyilir. Bunu  söyləyən insanların sözünü doğru çıxaran qaçqınlar əlbəttə vardır. Amma bunun səbəbini araşdıranda bəzi həqiqətlər qəhər olub boğazımızda düyünlənir.   

Kəndimizdə əsil-nəcabətli, hər zaman geyim-keçiminə çox diqqət edən, hər kəsin hörmət bəslədiyi, sözü qanun olaraq bilinən bir ağsaqqal vardı. Hər kəs üzləşdiyi problemi onun məsləhəti ilə həll edərdi. Torpağımız erməni işğalçıları tərəfindən zəbt edildikdən sonra həmin ağsaqqalın taleyinin nə olduğundan xəbərim olmadı. Çünki kimin hara qaçıb getdiyindən heç kimin xəbəri yox idi. Aradan 16 il keçmişdi. Bir gün nar almaq üçün Göyçayın bir kəndinə getmişdim. Maşını 6-7 nəfər nar alverçisinin yanında saxladım. Bunlardan 10 metrə kimi uzaqda tək başına üstü-başı toz içində, saçı saqqalına qarışmış, daşın üstündə oturan bir adam diqqətimi çəkdi. Bu adamı üzdən kiməsə bənzədirdim. Onu izlədiyimi fərq etmişdi. Demə, o da gözucu məni izləyirmiş. Qəflətən oturduğu daşın üstündən qalxıb sürətlə oradan uzaqlaşmağa başladı. Onun bu hərəkəti hamının diqqətini çəkdi. Arxasından Əli kişi, xeyir ola, hara tələsirsən, bir şeymi oldu deyə səslənsələr də bizə tərəf çevrilmədi. Bayaqdan diqqətlə süzdüyüm bu adamın kim olduğu artıq mənə məlum idi. Bu, kəndimizdə hörmət bəslədiyimiz həmin Əli dayı idi. Əli dayını tanısam da oradakılardan  kim olduğunu soruşdum. Əli dayının qaçqın olduğunu, müharibədə dörd övladından üçünün əsir düşdüyünü, bir oğlunun da şəhid olduğunu, hal-hazırda yoldaşıyla birlikdə kəndin məktəbində yaşadıqlarını, imkanları olmadığı üçün kənd camaatının onlara baxdıqlarını söyləyəndə yerimdə donub qaldım. Adamlardan biri belə davam etdi: “İlk günlər ona köməklik niyəti ilə evlərinə getdiyimizdə çox pərt olurdu. “Bu qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm, amma xahiş edirəm bir də bizi belə utandırmayın” deyərdi. Ancaq zamanla bu vəziyyətə alışdı.” Bir an kəndimizdəki Əli dayı gözümün önündə canlandı. O Əli dayı ki, bəy kimi dolanar, heç kimə əl açmaz, əksinə hər kəsin əlindən tutar, ağsaqqallığı ilə seçilərdi. Əli dayının oradan nə üçün uzaqlaşdığı artıq məlum idi. Buna mən səbəb olmuşdum. Çünki Əli dayı məni tanımış və onu bu şəkildə görməyimə dayana bilməmişdi.

            Gəlin anlayaq ki, qaçqın həyatı yaşamaq özü böyük bir əzabdır. Buna görə onlara mənəvi əzab verməyə heç kəsin haqqı yoxdur. Bütün bunlarla bərabər biz inanırıq ki, Azərbaycan dövləti hansı vasitə ilə olursa-olsun torpaqlarımızı azad edəcək, qaçqın və məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz