Bayronun Türk Sevgisi Və Intiqamı
Qəlbimdə vardı Bayronu bədbəxt edən məlal
Gəzdim o yastı dağları, xülyam içində lal...
- bu məşhur beyt görkəmli türk şairi Yahya Kamal Bayatlının (1884-1958) söz mülkündən gələn bir xatırlamadır. İngilis ədəbiyyatı tarixində inqilabi romantizm dövrünün şairi Corc Qordon Bayronun (1788-1824) qəlblərdə yaratdığı və onu bədnam edən məlalı bu sətirlərin müəllifini də düşündürməyə və öz düşüncələrini yazmağa sövq etdi.
Əvvəla, Bayronun Türk dünyasına, tarixinə və mədəniyyətinə olan hədsiz marağı otuz altı illik ömrünün çox erkən çağında başlamışdır. “Türkiyə tarixi hələ uşaqlıqdan mənə ləzzət verən ilk kitablardan biri olmuşdur” (C.Q.Bayron). Həqiqətdə onun hələ 10 yaşı tamam olmamışdan əvvəl Yaxın Şərq ölkələrinə, o cümlədən Türkiyəyə dair çox-çox səyahət və tarixi kitabları diqqətlə öyrənməsi gələcək həyatına və səyahətinə bir cığır açmışdır. Və beləliklə Bayron bir sıra Yaxın Şərq ölkələrin, o cümlədən Türkiyəyə səfərə çıxmışdı. “Mən... xristian saraylarından çox Məhəmməd (Müsəlman) saraylarında olmuşam” yazan Bayron Türkiyədə keçirdiyi həyatına dair “bir neçə ən parlaq və ən tutqun, amma həmişə ən canlı xatirələri” olduğunu etiraf etmişdir.
Bayronun Xristianlığın çəkdiyi xərclərlə müqayisədə İslam dininin fəaliyyətinə önəm verməsi təsadüfi deyildir. İngilis alimi Filip Mansel 2003-cü ilin mart ayında lordlar Palatasının Bayron cəmiyyətində söylədiyi “Bayron və Osmanlı imperiyası” adlı məruzəsində də bu məsələyə toxunmuşdur. Alim, şairin gündəliyindən aşağıdakı mühakiməsini nümunə gətirmişdir:
“Siz artıq müşahidə etməlisiniz ki, rəhmli və qonaqpərvər olmaq Məhəmmədin (Peyğəmbərin) məsləhət bildiyi ilk vəzifədir. Və həqiqəti desək, bütün mömin bəndələr qeydsiz-şərtsiz buna əməl edirlər.”
Yaxud yenə Bayronun yazdığı aşağıdakı mühakiməyə diqqət yetirək:
“Sakit axşam çağı eşidilən müəzzinin gözəl səsi bütün xristian dünyasında çalınan kilsə zənglərindən daha təsirli olur.”
İngiltərədən ayrılıb Şərq ölkələrinə yola düşməyə hazırlaşan Bayron müasiri Hanson adlı bir nəfərə yazdığı məktubunda qeyd edirdi: “... mənə lənətə gəlmiş bu ölkədən (İngiltərədən-Ş.X.) çıxıb getməyə izin verin. Mən sizə söz verirəm ki, müsəlmanlığı qəbul edərəm, amma geri qayıtmaram.”
Şərq ölkərində romantik bir şair kimi gördüyü, şahidi olduğu hadisələr həmin illərdə onun yazıya aldığı şeir və poemalarına müəyyən təsir göstərmişdir. Xüsusilə şairin müsəlman adət-ənənələrinə, ata-övlad münasibətlərinə, qadın ləyaqətinə dair bilgiləri Şərq poemalarında poetik fikir və obrazların yaradılmasında xüsusi rol oynamışdır.
Bayronun “Abidos gəlini (Türk hekayəti)” adı ilə təqdim olunmuş məşhur poemasından aşağıdakı təsvirə diqqət yetirək:
Peyğəmbərin üzünün nuru kimi qoy sənin
Üzündə cilvələnsin şəfəqlər dərin-dərin.
Yorğun zəvvarlar üçün o Məkkədən yüksələn
Müəzzinin azanı xeyir-duadır həmən.
(Tərcümə xalq şairi Bəxtiyar Vahabzadənindir).
Yaxud yenə həmin poemada:
And içirəm, Züleyxa, Peyğəmbərin qəbrinə
Qoy mənim bu niyyətim dərdinə məlhəm olsun.
Qılıncıma yazılmış
Qadir Quran ayəsi qoy mənə həmdəm olsun.
- yazan Bayronun ilhamla qələmə aldığı, təsvir etdiyi hadisələrin hər birində onun türk aləmi, türk ruhani dünyası ilə yaxından tanışlığı hiss olunur.
“Korinfin mühasirəsi” poemasında xristianlığı rədd edib müsəlmanlığı qəbul etmiş Alp obrazının mənəvi dünyasında baş verən sarsıntılar şairin öz arzu və ideyaları ilə səsləşir. Aşağıdakı misralar fikrimizin əyani sübutu ola bilər. Bayron yazırdı:
Keçmişdə xaçpərəst olmağı Alpın
Onların qəlbini salır dəhşətə.
Nə üçün yetərmiş bir gənc nazarın
Müsəlman adıyla şana-şöhrətə.
Onlar nə bilsinlər, söyləyin bunu,
Bir eşqin axırı çıxınca boşa.
İnsan itirərmiş öz qürurunu;
Qəzəb döndərərmiş ət qəlbi daşa,
Onlar nə bilsinlər gələndə məqam.
Hətta vətənini atan bir adam
Sonsuz ehtirasla, dərin qəzəblə
Coşub çağırarmış:”Qisas! İntiqam!”
(Tərcümə mərhum şairimiz Aslan Aslanovundur)
Əslində Bayronun Alp obrazı elə onun şair mənini, varlığını təmsil edir. Sonralar o, Türk dünyasına qarşı çıxaraq ürəyində gəzdirdiyi türk sevgisini qisas və intiqama təslim etmişdir.
Bütövlükdə isə Corc Qordon Bayronun həyatında və yaradıcılığında Türk tarixinə, həyatına, mübarizəsinə və mədəniyyətinə olan hədsiz məhəbbətinin nə olduğunu təfəkkür edib tez qərar verməyin aldadıcı olduğuna inandım. Elə düçündüm ki, sevimli şairimiz Yahya Kamalın “Bayronu bədbəxt edən məlal”ın nə demək olduğunu anlamaq və anlatmaq üçün hər kəs Türk tarixini yaxşı bilməlidir. Və XIX yüzilliyin əvvəllərində baş verən ictimai-siyasi hadisələrin Türk dünyası üçün nə qədər məşəqqət, ağrı-acılar gətirdiyini öyrənməyə, düçünməyə dəyər.
ŞƏRHLƏR