Dünyalı...
Müqəddəs kitabımız olan Qurani-Kərimin bir çox ayəsində insanların varlıq qarşısındakı mövqeyi ələ alınmış və insanın özü də daxil olmaqla Allah, kainat, axirət və sairə haqqında bilgi sahibi olması istənmişdir. Bu bilginin əldə oluna bilməsi üçün Qurani-Kərim insanı yer üzünü gəzməyə, qarış-qarış dolaşmağa və araşdırmağa səsləyir. Hətta elm yolunda ölənlərin şəhid savabı alacaqları bəyan buyurulmuş, alimlər peyğəmbərlərin varisləri elan etmişdir. İslam alimlərinin hədis öyrənmək üçün çıxdıqları “rihlə” adlı yolçuluqların səbəbi də budur hər halda.
Allah təalanın müqəddəs sifətlərindən birinin “Sani” olması bizə bəzi həqiqətləri bildirir. Sani - hərfi məna etibarilə “qoruyucu”, “qurucu”, “yaradıcı” mənalarına gəlir. Saninin əsəri isə onun yaratmış olduğu kainatdır(sənət). Allah təala bəşər oğluna bu sənət əsərini vərəq-vərəq oxumağı, ondakı məna və hikmətləri dərk etməyi əmr etmiş, “insanlıq vəzifəsi” olaraq qarşısına qoymuşdur. Çünki “Sani”nin bilinməsi sənətinin bilinməsilə birbaşa əlaqəlidir. Sənət (kainat) nə qədər dərindən kəşf olunarsa, Sani də o qədər yaxından və haqqıyla tanınmış olacaqdır. Bu mənada bəşər idrakının ən zirvə nöqtəsi və ən böyük uğuru Yaradanı bilmək olmuşdur. Allahdan həqiqi mənada ən çox çəkinənlərin alimlər olduğunu bəyan edən Quran ayəsi də hər halda bu mənaya işarə etmişdir.
Qurani-Kərim insan idrakını müxtəlif sözlərlə ifadə edir. “Düşünmək” mənasında “təfəkkur”, “təəqqül”, “təəmmül”, “təzəkkür”, “tədəbbür” kimi sözlərin işlədilməsi, müqəddəs kitabımızın insan idrakıyla nə qədər dərindən bağlı olduğunu görməyə kömək etmişdir. “Görənlərlə görməyənləri (Bilənlərlə bilməyənləri) əsla bir tutmayan” müqəddəs kitabımız, özündən sonra gələn elmi tərəqqilərə və inkişaflara təməl təşkil etmiş, qaranlıq nəsillər üçün əvəzolunmaz nura çevrilmişdir. Qurani-Kərimin bir adının da “ən-Nur” olması əqli-səlim olanlar üçün düşündürücü olmalıdır.
Yuxarıdakı misallarda sadəcə bir neçə cümləylə ifadə edə bilmə iqtidarında olduğumuz bu sonsuz həqiqətlər toplusu bizə heç şübhəsiz söyləməyə əsas verir ki, Qurani-Kərimə görə, Allaha inanmaq, onun qurduğu düzəni kəşf etmək tamamilə əqli (rasional), bu həqiqətləri görə bilməmək isə elmsizlik və dolayısıyla irrasionalizmdir. Çünki var olan həqiqəti görməmək, görməkdən daha çətindir.
İrtica, bilgisizlik, cəhalət Qurani-Kərimə görə inan(a)mamaqdır və dinsizlikdir. Bu dünyadakı bütün hərəkətləri lüzumsuz və mənasız qəbul etmək, hər cür işi; inamı və küfrü, xeyri və şəri, yaxşılıq və pisliyi, comərdlik və xəsisliyi bərabər görmək deməkdir. Çünki hər hansı bir şeyi dəyərli edən, ona anlam qazandıran onun özü deyildir. Əksinə, ilahi bir duyğunun bunları mənalandırması, dəyər biçməsi və qiymətləndirməsidir. Bütün varlıq aləmini Yaradanı hesaba qatmadan düşünmək, aləmin fitrətsiz, ruhsuz, şüursuz, idraksız, məntiqsiz, hesab və hədəfsiz olduğunu iddia etməkdir ki, bu da ən az “intellektual intihar” sayıla bilər. Ancaq Haydegerin “təbiət çöllüyünə atılmış insanı”, Kamusun “təbiət içərisində boğulan bir insanı”, yaxud da Sartrın “məchul bir qaranlıq içərisindəki insanı” bu anlam dünyasından çox uzaqda qalmaqdadır. Bu, sadəcə və sadəcə əvəzsiz şair, dərin filosof, zahidanə sufi İqbalın “bütün kainatdan məsul” tutduğu müsəlmanvari zehniyyətin anlaya biləcəyi həqiqətdir.
Elə isə, elm sahibi olmaq, alim və arif olmaq iman imtahanından keçməkdir. Dolayısıyla, məşhur olan qənaətin əksinə, kainatın dini izahı daha çox elmi və əqli bir izahdır. Çünki mömin üçün bütün varlığın mənalı bir izahı, məqsədi və qayəsi mövcuddur. O, hər şeydə yaradıcısının hikmətlərini kəşf edir. O, var olan hər şeyi ağıl və məntiq çərçivəsində açıqlama iqtidarındadır. Onun üçün aləmdə bütün ünsürlərin nizami birliyi mövcuddur. İstər ən saf metafizki ünsürlər olsun, istərsə də ən aşağı torpaq ünsürü olsun tək ruhdan qida almaqdadır. Tək hərəkət, tək ağıl, tək hədəf hamısına hakimdir. Məhz bu mənada mömin, Allah təalanın yer üzərindəki xəlifəsi olaraq bütün dünyanı tanımaqda, onunla əvvəlcədən təqdir olunmuş bir ünsiyyət içərisindədir. O, yer üzündə qərib deyildir. Çünki nə üçün gəldiyini, harada olduğunu və haraya gedəcəyini tutarlı bir şəkildə izah edə bilməkdədir.. Qısacası o, dünya sakinidir. O, dünyalıdır...
Dr. Rafiz Manafov
rafiz_manafov@hotmail.com
ŞƏRHLƏR