Heydər Əliyev

Heydər Əliyev

Heydər Əliyev 20-ci əsrdə Türk dünyasının yetiştirdiyi ən önəmli dövlət xadimi və siyasətçisi kimi tarixə öz adını qızıl hərflərlə yazdırmışdır.  Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev öz şəxsiyyəti ilə türkçülük düşüncəsini SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmışdır. Kremldən dünyanın böyük bir coğrafiyasının taleyini müəyyən edən bir neçə nəfər arasında Heydər Əliyev yeganə türk idi. O, türk dünyasının birliyi uğrunda çox böyük mübarizələr aparan bir şəxsiyyət olub. Heydər Əliyev SSRİ-də yaşayan türklərin qeyri-rəsmi şəkildə lideri idi. SSRİ-də yaşayan türklərin dövlət başçılarının arasında müəyyən əlaqələrin yaranmasında, dostluq münasibətlərinin qurulmasında və türklərin özünü tanımasında Heydər Əliyev vaxtilə çox böyük rol oynayıb.  80-ci illərin ortalarında Heydər Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan xalqının deyil, ümumilikdə ittifaq tərkibində yaşayan çoxminli türk xalqlarının lideri kimi mübarizə aparır, türk dünyasının həm strateji, həm də taktiki problemlərinin həlli missiyasını şərəflə yerinə yetirirdi.

Heydər Əliyev  xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra türkdilli  respublikalar arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və sağlamlaşdırılması sahəsində gərgin fəaliyyət göstərmişdir. O, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan qardaş Türkiyə ilə münasibətlərə xüsusi əhəmiyyət verimişdir. "Bir millət, iki dövlət" deyərək Ulu Öndər Heydər Əliyev bu qardaşlıq əlaqələrini necə də gözəl ifadə etmişdir.

Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. 1994-cü il 20 sentyabrda “Əsrin Müqaviləsi”ni imzalamış xarici neft şirkətləri konsorsiumunda “Türk Petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının təzahürü idi. 1997-ci ildə Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında strateji əməkdaşlığın dərinləşməsi haqqında bəyannamə və s. mühüm sənədlərin imzalanması da iki ölkənin yaxınlaşmasına xidmət edirdi.  İndiyə qədər ölkələrimiz arasında 100-dən artıq böyük əhəmiyyətə malik olan mühüm sənədlər imzalanıb. Türkiyənin Qars vilayətində Baş Konsulluğun açılmasının siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşməsindəki rolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Ərzurum qaz kəməri iqtisadi inkişafla bərabər bütün dünyada bizim mövqelərimizi daha da möhkəmləndirib.

1999-cu ildə Azərbaycan prezidenti Heydər Əliyevin Türkiyə dövləti tərəfindən Atatürk adına yüksək mükafata layiq görülməsi Azərbaycan - Türkiyə əlaqələrinin möhkəmləndirilməsinin bariz nümunəsidir.

Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf müqabilidir. Azərbaycan-Türkiyə əlaqələrini bu gün ölkə başçısı İlham Əliyev uğurla davam etdirir. Artıq iqtisadiyyat, mədəniyyət, təhsil və başqa sahələrdə ölkələrimiz arasında elə sıx münasibətlər mövcuddur ki, bunu asanlıqla yox etmək heç cür mümkün deyil. Ulu Öndər H.Əliyevin əsasını qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyət göstərir. Dövlət başçısı İ.Əliyevin apardığı uğurlu siyasətin nəticəsində gerçəkləşən Bakı-Tbilisi-Ərzurum qaz xətti ölkələrimiz arasında yaranmış mənəvi körpünün daha da möhkəmlənməsinə xidmət edir. Bütün maneələrə baxmayaraq, yalnız onun təkidi ilə çəkilən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin zamanından və siyasətindən asılı olmayaraq ölkələrimizi daim birləşdirəcəyinə əminik.

Heç şübhəsiz gənclik bir millətin yaşaması, inkişafı üçün əsas rol oynayır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından, asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən Ulu Öndər Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyini yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər forumu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə gənclər günü kimi yazdı. Sonralar mütəmadi keçirilən forumlarda Ulu Öndərimiz cavanların fikrini öyrənir, azad, sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı. Bəli, Heydər Əliyev bu tərbiyə üsulu ilə gəncləri Sovet düşüncəsi təsirindən qurtarır, söz sahibi olan azad düşüncəli insalara çevirirdi. Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Ancaq eyni zamanda gənclərə vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Bu isə onun Azərbaycan gəncliyinə verdiyi böyük dəyərin göstəricisidir.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərə münasibətdə yeni mərhələnin başladığını inkar etmək mümkün deyildir. Bu mərhələ eyni zamanda Azərbaycan xalqının mənəvi mədəniyyətində yeni intibah dövrünün başlanğıcı hesab olunmalıdır. Çünki bu dövrdə insan hüqüq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların əsasən də gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verilirdi. Ulu Öndər ölkə gənclərinin milli ruhda tərbiyə olunmasına xüsusi diqqət və qayğı ilə yanaşmağı vacib sayırdı. Ümumiyyətlə, “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”- deyən Heydər Əliyev cənabları mənəvi dəyərlərimizə həm də gələcəyin təməli kimi baxırdı.

Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir. Çünki burada bir tərəfdən milli substansiyanın özünüdərk təcrübəsi, digər tərəfdən isə bu substansiyanın nisbətən güclü və aydın mənəvi təzahürləri cəm olmuşdur.

Bütün bunları müdrik bir filosof kimi nəzərə alan Heydər Əliyev 5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Məhəmməd peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxış edərək demişdir: "Biz bir dövlət kimi… Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq." Möhtərəm Prezident bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmamışdır. 8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mir Möhsün ağanın ziyarətgahında keçirilən bir görüşdə qeyd etmişdir ki: "İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir… Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır".

1998-ci ilin dekabr ayında Bakıda təşkil olunmuş “İslam Sivilizasiyası Qafqazda” adlı beynəlxalq simpoziumda Heydər Əliyev transmilli münasibətlərdə və cəmiyyət həyatında din amilinin, dünyada gedən mürəkkəb etno-siyasi proseslərdə İslam dininin yeri və rolunu, bəşəriyyətin gələcəyi naminə sivilizasiyalararası dialoqun zəruriliyini ön plana çəkərək demişdir: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünə məxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur  etməmişik.” Heç şübhəsiz bu  tarixi kəlamlar bu gün olduğu kimi həmişə öz  aktuallığını qoruyacaqdır.

Ulu Öndərin həyatı və fəaliyyətləri haqqında bu gün ölkə xaricində də kifayət qədər əsərlər yazılmış və beynəlxalq ictimaiyyətə təqdim olunmuşdur. Biz bütün dünyada yaşayan türklər mənsub olduğumuz millətin yetişdirdiyi belə övladlarla fəxr etməliyik. Heydər Əliyevin Türk dünyasının biriliyi, strateji maraqlarının qorunması, Türkiyə və digər türkdilli xalqlar arasındakı münasibətlərin inkişafı sahəsində, eyni zamanda gələcəyimiz olan gənclərə verilən böyük dəyər və onların milli-mənəvi dəyərlərə bağlı yetişməsi sahəsində gördüyü işlərə, mənəvi mədəniyyətin inkişafına töhfələrinə görə mübaliğəsiz demək olar ki, Heydər Əliyev yalnız Azərbaycanın yox, bütün Türk dünyasının fəxri və  XX əsrdə yetişdirdiyi ən önəmli dövlət xadimi və siyasətçisidi.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz