Birdən Birə!

Birdən Birə!

İnsan həyatında insanla birgə yaşayıb, onun çətin anlarında hər zaman yanında olan bəzi doğma ifadələr var ki, o ifadələrin özündə belə həyata yön verən dəyərli prinsiplərin qiymətli açarları vardır. Belə ifadələrdən biri də mövzumuzla yaxından əlaqəsi olan “birdən-birə” ifadəsidir. Hər birimizin müəyyən hadisələrdən sonra istifadə etdiyimiz “birdən-birə” ifadəsi bir hadisənin anidən olmasının həqiqətini qarşımızdakı şəxsə bildirməyimizdə bizə köməklik edir. Bununla yanaşı bu sözün digər ifadə etdiyi “birdən birə” mənası işığında mövzumuzu sizə təqdim edəcəyik.

 Özümüzün və ətrafımızda olan insanların həyatına baxdığımız zaman görərik ki, bir gün ərzində birdən-birə həyatımızda nə qədər dəyişikliklər baş verir. Bu zaman dilimini daha da qısaltmaq mümkündür. Belə ki, həyat çarxının istiqamətinin dəyişilməsi bəlkə də bir anın içində də mümükün ola bilir. Bir anın içərisində minlərlə insanın dünyaya gəlib, minlərlə insanın dünyadan köçməsini nəzərə alsaq, bu həqiqətin daha çox fərqinə vara bilərik. Burada sadəcə bir anın içərisində dünyaya gələnləri və ya ölüm adı altında dünyanı tərk edənləri qeyd etmək doğru olmazdı. Çünki bir anı  sadəcə dünyaya gələnlər və dünyadan köçənlər təşkil etmir. Bir anın içində birdən-birə minlərlə insan qazanır, minlərlə insan müflisləşir. Şahlar öz taxtından enir, miskinlər şahlıq quşuna sahib olur. İnsan həyatında baş verən bütün hadisələri digər varlıqlarla müqayisə etsək görərik ki, digər varlıqların həyatında baş verən hadisələr müəyyən zaman çərçivəsində baş verdiyi halda, insan həyatında baş verən önəmli hadisələrin əksəriyyəti bir anın içində təzahür edir. İstər nəbatat, istərsə də heyvanat aləmində olan dəyişikliklərin müəyyən zaman müddətində baş verdiyinin hər zaman şahidi oluruq.  Ancaq insan həyatında olan əksər hadisələr öz aniliyini qoruyub saxlayır.

İnsan övladı olaraq çox zaman heç ölməyəcəyimizi düşünüb əməllərimizin keyfiyyətinə məhəl qoymuruq. “Burda mənəm, Bağdadda kor xəlifə” deyərək xəyallarımızın istiqamətləndirdiyi fikirlərdən doğan əməllərimizin arxasından getməyə üstünlük veririk. Kəmiyyətinə arxalandığımız keyfiyyətsiz fikirlərimizin nəticəsi olan əməllərimiz bizi qaranlıqdan aydınlığa çıxara bilirmi? Xəyallarımızı öz yalançı gözəlliyi ilə bəzəyən faydasız əməllərimiz, faydaya ehtiyac duyan ruhumuza nə qədər fayda verir, heç bunu düşünürükmü? Bu sualları hər birimiz öz-özlüyümüzdə təhlil edib, faydalı nəticələr əldə etməliyik. Əgər bunu bacarmırıqsa ən azından xəyallarımızda canlandırdığımız müsbət düşüncələri həyata keçirməyə çalışaq. Kainatın ən şərəfli varlığı olan insan olaraq öz həyatımızın dəyərini qiymətləndirməyə çalışaq. Bunaları söyləmək çox gözəldir. Bəs görəsən bunu həyata keçirmək üçün hər hansı bir cəhd edirikmi?

Mənə elə gəlir ki, uşaqlıq illərində  keçirdiyimiz boş zamanlar, gənclik dövrlərində zövq-səfa içində yaşadığımız həyat tərzi, qocalığımızda da stolüstü oyunlarla ayrılmaz dostluğumuz bizi faydalı həyat tərzinə yiyələndirməyəcək. Bu həqiqəti bildiyimiz halda körpə balalarımızı əxlaqa zidd televiziya verilişlərindən, faydasız kompyuter oyunlarından uzaqlaşdırıb, elmlə, biliklə məşğul olmalarına şərait yaratmırıqsa günahın böyük bir hissəsini biz özümüz yüklənmiş oluruq. Gəncliyimiz vətənpərvərlik ruhunda yetişməyib, milli-mənəvi dəyərlərinə sahib çıxmırsa, deməli bu dəyərli anlayışların yerini dünyanı cənginə alan narkomaniya aludəçiliyi, spirtli içkilərin qəbul edilməsi və ən əsası AİDS kimi təhlükəli xəstəliklər alacaqdır. Ağsaqqal yaşlarında olan insanların təqaüdə ayrılıb işsiz, peşəsiz qalaraq parklarda, küçələrdə, yol kənarlarında özlərini stolüstü oyunlara aludə etmələri də bir o qədər ürək açıcı hallardan deyil. Ölüm mələyinin nə zaman gələcəyini bilmədiyimiz halda öz ömrümüzü ölümsüz həyat kimi qiymətləndirməyimiz ən böyük qüsurlarımızdandır. Adına ölüm dediyimiz həqiqət bizi uşaq ikən kompyuter oynayarkən, gənc yaşlarımızda eyş-işrət məclislərində olarkən, ömrün son çağı sayılan  ağsaqqal yaşlarında nərd oynayarkən haqlaya bilər. Hər birimiz bir həqiqəti bilməliyik ki, insan həyatında birdən-birə baş verən hadisələrdən ən əsası ölümdür. Ölüm hadisəsi birdən-birə baş verməsiylə bərabər, özü ilə birlikdə insan həyatını birdən-birə endirir. Biz elə bir həyat tərzi yaşamalıyıq ki, birdən-birə gələn ölüm, bizim həyatımızı birdən-birə endirdiyi kimi, əməllərimizlə qazandığımız savablarımızı da birdən 1-ə endirməsin. Son olaraq bu duanı bütün müsəlman ümməti üçün etməyimiz yerinə düşərdi. Uca Yaradan hər birimizi son nəfəsimizdə kəlmeyi-şəhadəti deyib, müsəlman olaraq Haqq dərgahına qovuşan qullarından etsin. Əgər dərəcəmiz aşağıdırsa, birdən birə yüksəltsin. Amin.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz