“Bir millət, iki dövlət!”
Yanvar ayında əlamətdar olan hadisələrdən biri də Azərbaycan – Türkiyə diplomatik münasibətlərinin yaranmasının 30 illiyinin qeyd edilməsi idi. 1992-ci il yanvarın 14-də Azərbaycanla Türkiyə arasında ilk diplomatik əlaqələr qurulmuşdu. Bununla, 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğal etməsi ilə dayandırılan münasibətlər bərpa edilmiş oldu. 1991-ci ilin noyabr ayında elan edildikdən sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə də məhz Türkiyə Cümhuriyyəti olmuşdur.
1918-ci ildə erməni quldur dəstələri bolşeviklərin dəstəyi ilə Azərbaycanın bir sıra bölgələrini işğal etmiş, burada yaşayan dinc sakinləri soyqırıma məruz qoymuşdu. Bundan sonra Osmanlı dövlətinin təsis etdiyi Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə təqribən 14 min nəfərlik əsgər və zabit heyəti ilə Azərbaycan türklərinin yardımına gəlmişdi. Müxtəlif cəbhələrdə erməni quldur dəstələrini darmadağın edən Qafqaz İslam Ordusu 1918-ci ilin noyabr ayına qədər Azərbaycanda qalmışdır.
SSRİ-nin süqutundan sonra Azərbaycan müstəqilliyini əldə etsə də, onun əraziləri Ermənistan və onun dəstəkçiləri tərəfindən işğala məruz qalmışdı. Bu müddət ərzində Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, bütün beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir.
Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana diplomatik münasibətlərin 30 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda da bu gerçək vurğulanıb: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq”.
Bunun kimi rəsmi Bakı da beynəlxalq tədbir və təşkilatlarda Türkiyənin mövqeyini, ərazi bütövlüyünü və terrorçulara qarşı mübarizəsini dəstəkləmişdir. Bu da Prezident İlham Əliyevin məktubunda öz əksini tapmışdır: “Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidən qurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik”.
2021-ci il iyunun 16-da Şuşa Bəyannaməsinin qəbul edilməsi Azərbaycan və Türkiyənin Zəfər Gününü birgə qeyd etməsinin məntiqi nəticəsidir. Bu sənəd iki dövlət arasında yeni dünya düzənində əməkdaşlıq və əlaqələrin də əsasını qoyub. Bəyannamə regional və beynəlxalq təhlükəsizlik üçün də qarant sayılır. Çünki Azərbaycan və Türkiyə müttəfiqliyi əməkdaşlığa, sülhə, inkişafa əsaslanır və bölgədə təhlükəsizliyi, dövlətlərin ərazi bütövlüyünü, suverenliyini təhdid edənlərə qarşıdır: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər”.
Həmçinin Azərbaycan - Türkiyə münasibətləri beynəlxalq iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə müxtəlif ölkələr arasında əlaqələrin yaranmasına kömək edir. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlayıb. 1992-ci il noyabrın 1-də iki dövlət arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında” imzalanan saziş 1993-cü il yanvarın 23-dən qüvvəyə minib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP və ”Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihələri iki dövlət arasında bütün sahələrdə əlaqələrin qlobal iqtisadiyyatın inkişafına verdiyi töhfənin göstəricisidir. Ölkələrimiz bu cür əməkdaşlıq ilə beynəlxalq energetika təhlükəsizliyinə də yardım edir.
Azərbaycan və Türkiyənin qardaşlıq və dostluq əsasında yaranan münasibətləri Orta Asiya türk dövlətləri ilə birgə əməkdaşlığa stimul verdi. Bu əlaqələr və münasibətlər nəticəsində Türk Dövlətləri Təşkilatı yarandı. Azərbaycan və Türkiyənin mövcud münasibətləri türk dövlətlərinin bir-birinə yaxınlaşmasına və etibar etməsinə təkan verdi.
Ölkələrimizin münasibətləri region ölkələrinin əməkdaşlığına da töhfə verməkdədir. Bunu, Gürcüstan, İran, Türkmənistan, Qazaxıstan, Rusiya ilə ayrı-ayrılıqda üçtərəfli formatda əməkdaşlıq çərçivəsində regional təhlükəsizlik, sabitlik və inkişaf tempində görməkdəyik.
Torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra regionda yaranmış yeni şərait əməkdaşlıq üçün daha münbit vəziyyət yaradır. Azərbaycan və Türkiyənin irəli sürdüyü “3+3” formatında əməkdaşlıq təşəbbüsü buna örnək olar bilər. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsün Türkiyə tərəfindən dəstəklənməsi də bu istiqamətdə atılan mühüm addımlardan sayılır.
Beləliklə, Azərbaycanla Türkiyə arasındakı diplomatik əlaqələrin inkişafı 72 il əvvəl yarımçıq qalmış planların, layihələrin daha geniş formada həyata keçirilməsidir. Osmanlı və Xalq Cümhuriyyətinin varisləri bu müqəddəs yolu uğurla addımlayırlar.
ŞƏRHLƏR