Ulu Öndər və xilas yolu
Vüqar İskəndərov. Milli Məclisin deputatı
Ulu Öndər və xilas yolu
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması bizim üçün olduqca əlamətdar bir hadisədir. Biz çox xoşbəxtik ki, Azərbaycanın varlığında, onun inkişafında müstəsna xidmətləri olan dahi liderimizin 100 illiyini arzusunda olduğu bütov Azərbaycanda qeyd edirik. Bu qalibiyyət Ulu Öndərin ruhunu şad edir.
Azərbaycanın incisi, mədəniyyət paytaxtı Şuşa bu il Türk dünyasının mədəniyyət paytaxtı kimi bir çox tədbirlərə ev sahibliyi edəcək. Bu tədbirlər azad Şuşada, işğaldan azad olunmuş Şuşada keçiriləcək. O Şuşada ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad edilib.
Bəli, bu gün Ulu Öndərin ruhu şaddır. Çünki məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, həm ordu quruculuğu, həm daxili və xarici siyasət, həm də iqtisadi sahədə silsilə uğurların əldə edilməsi sonda ən böyük uğurumuzun, ən böyük qələbəmizin, tarixi Zəfərimizin əldə olunması ilə nəticələndi.
Biz tarixə qısa ekskurs etsək, bu qələbənin əsas memarının, baş memarının məhz Ulu Öndər Heydər Əliyev olduğunu bir daha görərik.
Əslində, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələndən həmən sonra atdığı ilk addımlarla bu qələbənin əsasını qoymuşdu. Mən hətta deyərdim ki, hakimiyyətə gəlməzdən öncə. Bunu niyə deyirəm?
Məsələ burasındadır ki, müstəqil Azərbaycanda Ulu Öndərin rəhbərliyi ilə əldə edilən uğurların əsası bütün sahələrdə, o cümlədən siyasi sabitliyin əldə edilməsi ilə qoyuldu. Siyasi sabitlikdən danışarkən isə, heç şübhəsiz, diqqətimiz ilk olaraq Ulu Öndərin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasına (YAP) yönəlir. Çünki YAP həmin vaxt, müstəqilliyimizin ilk illərində xaos və anarxiya girdabında boğulan Azərbaycana hava, su kimi lazım olan siyasi mədəniyyət gətirdi. YAP əsl müxalifətin necə olduğunu nümayiş etdirdi. YAP təkcə siyasi anarxiyaya, xaosa son qoyulmasına təkan vermədi, eyni zamanda, hakimiyyətə silahlı çevrilişlə deyil, seçki yolu ilə gəlməyin nümunəsini ortaya qoydu.
Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasətçilərin idarəçiliyi nəticəsində Azərbaycan dağılmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz bunu görən xalqımızın ziyalı oğul və qızları, vətənpərvər aydınları artıq dərk edirdilər ki, ölkəni idarə etmək, xalqı fəlakətdən qurtarmaq üçün yeni siyasi liderə və siyasi idarəetməyə ehtiyac var. Həmçinin, o dövrdə belə bir yekdil fikir var idi ki, Azərbaycanı bu müsibətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. Ona görə də 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi.
Qeyd edək ki, Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olan həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Çünki Azərbaycana yeni siyasi partiya və Ulu Öndər kimi uzaqgörən bir siyasətçi lazım idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Hər zaman xalqının yanında olan Ulu Öndər bu dəfə də xalqın səsinə səs verdi. Ölkənin bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirildi.
Beləliklə, 31 il öncə, 1992-ci il noyabrın 21-i Azərbaycanın tarixində mühüm rol oynayan, demək olar ki, ölkə müqəddəratını həll edən günlərdən biri kimi tarixin yaddaşına həkk olundu. Həmin gün Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə sanki ulu tanrı Azərbaycan xalqına gələcək müsibətlərdən xilas olmaq üçün yeni bir yol, cığır açdı.
YAP-ın yaranması xalqın həyatında dönüş nöqtəsi oldu. Çünki artıq xalq Yeni Azərbaycan Partiyasını iqtidarda görmək istəyirdi. Yarandığı vaxtdan qısa müddət sonra hakimiyyətə gələn partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Bu məqamda yenidən girişdə toxunduğumuz məsələyə - Vətən müharibəsindəki tarixi qələbəyə aparan yola nəzər salmağımız vacibdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələndən həmən sonra atdığı ilk addımlarla bu qələbənin əsasını qoymuşdu. Əslində, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı işlərin hamısını sadalasaq, buna günlər lazım olar. Lakin bu yazımızda həmin işləri ümumiləşdirərək, qeyd edə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanda demokratik, müstəqil, dünyəvi və hüquqi dövlət qurmasıdır.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev isə inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurub və bir çox ölkə üçün örnəyə çevrilib. Milli inkişaf modelinin uğurlu tətbiqi və qarşıya qoyulan hədəflərə nail olunması, sosial-iqtisadi islahatların ardıcıl surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu yolunda atılan qətiyyətli addımlar Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdir. Bu gün Azərbaycanın inkişafı elə bir müstəviyə keçib ki, hər bir sahədə biz fərqi hiss edirik. Ölkəmiz siyasətdə də, hərbidə də, iqtisadiyyat və s. sahələrdə də hədəflərinə çatmaqla öz stabil inkişafını təmin edib.
Ötən illərin nəticələri bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu strategiya milli tərəqqini təmin edib. Cənab Prezidentin uzaqgörən xarici siyasət strategiyası nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə isə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib və bu qələbə sayəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Burada vacib bir haşiyə çıxmaq olduqca zəruridir. Bu da uğurla reallaşdırılan Ordu quruculuğu və vətənpərvər gənc nəslin yetişdirilməsi ilə bağlıdır ki, hər iki məsələdə də bünövrə məhz Ulu Öndər tərəfindən qoyulub.
Son olaraq qeyd etmək istəyirik ki, necə ki bu gün müasir ABŞ Corc Vaşinqtona, Fransa Şarll De Qola, Almaniya Konrad Adenauerə, Türkiyə Mustafa Kamal Atatürkə borcludur, Azərbaycan xalqı və dövləti də Ümummilli Lider Heydər Əliyevə borcludur. Çünki o, böyük insan, böyük azərbaycanlı bütün ruhunda, cismində, fikrində, ideyasında, həyat tərzində bir Azərbaycan daşıyırdı. Buna görə də Heydər Əliyev adı həmişə Azərbaycanla qoşa səslənəcək. Ulu Öndər 90-cı illərin ən çətin vaxtlarında xalqının yanında olmaqla, bütün təhlükələrə sinə gərməklə, gecə-gündüz Azərbaycanı işıqlı gələcəyə aparmağın yollarını axtarmaqla bu gün hər bir azərbaycanlının ürəyində taxt qurub. Hər bir azərbaycanlı bugünkü güclü dövlətdə yaşamağını məhz Ulu Öndərə borcludur.
ŞƏRHLƏR