BAĞLARI QOPARMAYAQ

BAĞLARI QOPARMAYAQ

Ailələr cəmiyyətin ana sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyət də o qədər sağlam olar.

 Ailə iki nəfərin qurduğu bir müəssisədir. Ailə sağlam bir cəmiyyətin formalaşması üçün qoyulan bir kərpicdir; necə ki, sağlam daşlardan sağlam bir qala inşa edilir. Ailə kralların belə girə bilmədiyi bir qaladır.

Ancaq çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə bu ailə qalası yıxılmaqda, boşanmaların sayı sürətlə artmaqdadır. Məhz elə bu səbəbdən yazımızın mövzusu bu barədə olacaqdır.

Ailənin dağılmasını yalnız İslam deyil, digər səmavi dinlər də xoş qarşılamamışdır. Hətta kitab əhli sayılan xristianlara görə kişi həyat yoldaşını yalnız əxlaqsızlıq səbəbilə boşaya bilər. Digər səbəblərdən dolayı qadını boşamaq xristianlıqda qadağandır. Ancaq İslam bütün sahələrdə orta yolu tutduğu kimi, bu mövzuda da orta yolu tutaraq nə xristianlar kimi boşanma hadisəsini bu qədər mümkünsüz etmiş, nə də yəhudilər kimi heç bir ciddi səbəb olmadan belə boşanmağı mübah görmüşdür. Dinimizə görə bir kişinin müəyyən səbəblərdən dolayı həyat yoldaşını boşaması hər nə qədər halal olsa da, bu, digər halallardan çox fərqlənir. Belə ki, Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Halalların Allaha ən sevimsiz olanı boşanmadır”.[1] Yəni hər nə qədər boşama caiz olsa da, bu hadisə heç də Allahın razı qaldığı bir əməl deyildir.

Ümumiyyətlə, İslama görə heç bir ciddi səbəb olmadan qadını boşamaq ən azından məkruhdur. Hətta bəzi alimlərə görə haramdır, həddi aşmaqdır, günahsız bir müsəlmana edilən zülmdür. Halbuki Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Müsəlman müsəlmana əsla zülm etməz…” buyurmaqdadır. Heç bir ciddi səbəb olmadan kişinin həyat yoldaşını boşaması qadına qarşı haqsızlıq etməkdir. Təbii ki, boşanma hadisəsinə səbəb yalnız kişi deyil, bəzən qadın da ola bilər. Ailənin qorunub saxlanmasında qadının rolu çox böyükdür. Hətta heç bir ciddi səbəb olmadan boşanmağı istəyən qadına çox böyük bir xəbərdarlıq edilmişdir. Belə ki, Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Heç bir zərurət olmadan ərindən boşanmaq istəyən qadına cənnətin qoxusu haramdır”.[2]

Hər bir ailədə bəzi problemlər, kiçik münaqişələr ola bilər. Heç bir problem, kiçik də olsa münaqişə, söz-söhbət olmayan uzunömürlü ailə tapmaq, hər-halda, mümkün olmayacaq dərəcədə azdır. Hətta mən deyərdim ki, nəinki azdır, ümumiyyətlə, heç yoxdur. Demək ki, ailədə baş verən bəzi kiçik söz-söhbətlərin olması təbii bir haldır. Əsas məsələ ailə zəminində baş verən kiçik münaqişələri böyütməməkdir; xırda bir hadisəni dağa çevirməməkdir. Bunun üçün tərəflərin bir-birlərinə güzəştə getmələri şərtdir. Əks halda xırda bir məsələ daha da böyüyər və ailənin dağılmasına gətirib çıxarar.

Hər hansı bir səbəbdən dolayı boşanmağı çarə olaraq görən ər-arvad əsasən bir-birlərini günahkar görərlər. Qadın kişini, kişi də qadını günahkar olaraq görər. Deyək ki, tərəflərin hər hansı birinin günahı səbəbilə ailə boşanmağa qərar verdi. Bəs bu ailədən dünyaya gələn, Allahın onlara bir əmanət olaraq verdiyi uşaqların nə günahı?!.. Himayəyə, sevgiyə, şəfqətə ehtiyacı olan bu körpələrin günahı nədir?! Ata şəfqətindən, ana məhəbbətindən məhrum böyüyən bu uşaqların vəbalını kim daşıyır?! Öz tay-tuşları içərisində boynubükük gəzən, özünü atalı yetim hiss edən bu uşaqların günahı nədir?!

Aparılan statistikaya görə boşanma səbəblərinin başında maddi sıxıntı gəlir. Əslində məsələ bir az daha dərindən araşdırıldığı zaman görülür ki, əsas səbəb heç də bu deyildir. Bu, yalnız səbələrdən biri ola bilər. Əsas səbəb bizcə mənəvidir. Maddiyyatı bəhanə gətirərək daha lüks bir həyat yaşamaq üçün ailəni dağıtmaq mənəviyyatsızlıq deyilmi? Öz ehtiraslarına əsir düşərək zina etməsi və bu səbəbdən ər-arvadın boşanması mənəvi səbəb deyilmi? Teleserialların təsirində qalaraq ər-arvadın bir-birini bəyənməməsi, bunun nəticəsində ailənin dağılması mənəvi səbəb deyilmi? Milli-mənəvi dəyərlərimizə zidd olan televiziya proqramlarının təsiri ilə bir çox ailələrin uçurumun kənarında olması mənəvi səbəb deyilmi?

Güclü bir qala olan ailənin dağılmaması yalnız və yalnız dini və milli dəyərlərimizə qayıtmaqla mümkündür... İslamın ailəyə nə qədər dəyər verdiyini yaxşı anlamaq və bu dəyəri ayaqlar altına atmamaqla mümkündür... Quranın et dediklərini etmək, etmə dediklərini etməməklə mümkündür... Hz. Peyğəmbərin (s.ə.s) yoluna tabe olmaqla mümkündür...

 Uca Allah hər birimizi ailəsini keçilməz bir qala olaraq görən və bu qalanın dağılmaması üçün hər cür fədakarlığa qatlanan qullarından eləsin.


[1] Əbu Davud, Talaq, 3; İbni Macə, Talaq, 1.

[2] Tirmizi, Talaq 8 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz