Veysəl Qərani

Veysəl Qərani

Veysəl Qərani İslam dünyasının çox böyük simalarından biridir. Sağlığında cənnət ilə müjdələnmiş mistik, filosof, vəli, zahid və övliya məqamına ucalaraq təkamül tapmış mübarək abidə şəxsiyyət, din böyüyüdür. Muhamməd peyğəmbəri (s.ə.s) görmədən ilahi təcəllilərə nail olmuş, həqiqətə qovuşmuşdur.

Hazırda Azərbaycan ellərində Veyis Baba adlanan Həzrət Üveys ibn Amir ibn Cəzz ibn Malik ibn Murad və ya qısaca, Veysəl Qərani (m. 594-657) Yəmən ölkəsinin Qərni vilayətində anadan olmuşdur. 4 yaşında ikən atasını itirmiş və anası ilə kimsəsiz qalmışdır. Sonralar qoca anasının əlləri və ayaqları iflic, gözləri kor olaraq şikəst vəziyyətə düşmüşdür. Anasına son dərəcə bağlı bir oğul imiş. Ona görə də Veysəl Qərani uşaqlıqdan kəndin dəvələrini güdər, buna görə bəzən bircə axşam yeməyini yeyər, kim nə versə onu götürər, kasıblardan pul almaz, son dərəcədə kasıb olmasına baxmayaraq, onsuz da az miqdarda olan qazancının yarısını yoxsullara, fəqirlərə paylayardı.

Veysəl Qərani el-obadan kənarda, camaatın çox olduğu yerdən uzaqlarda, heç kimlə söhbət etmədən, camaatın yediyini yemədən, sevinc, kədər və əylənməyin nə olduğunu bilmədən, camaat ağlayanda gülən, güləndə ağlayan, saç-saqqalı bir-birinə qarışmış, dünyəvi işlərdən iraq, ehtiyacsız və dərvişanə tərzdə yaşayan, olduqca kasıb, sadə, sadəlövh və fərqli bir insan idi.

O, Peyğəmbərimizin dövründə yaşayıb, həmin dövrdə də İslamı qəbul etmişdir. Peyğəmbərimizi sidq ürəklə sevən, onun aşiqi olan milyonların birincilərindəndir. O, iki dəfə yaşadığı Yəməndən Mədinəyə Peyğəmbərimizin görüşünə getmiş, əfsus ki, Peyğəmbər Təbuk səfərində olduğuna görə onu görə bilməmişdir. Anasının xəstəliyi səbəbindən çox gözləyə bilməyib geri qayıtmışdır. Sonralar Hz. Ömər və Hz. Əli gedib Veysəl Qəranini tapmış, ziyarət edərək belə demişlər: “Peyğəmbərimiz öz əbasını sənə verməyi vəsiyyət etdi və İslam ümməti üçün dua etməyini istədi”.

Uhud döyüşündə peyğəmbərimizin dişi sındırıldığına görə, bunu eşidən Veysəl Qəraninin onunla həmhal olmaq  üçün özünün bütün dişlərini çıxartdığı rəvayət olunur. Veysəl Qərani tez-tez belə deyərdi: “İmanınızı qəbrə qədər qoruyun. Mən həmişə qiyamət günü üçün hazırlıqla məşğulam.Ölümü yatanda yastığın altında bil, oyananda gözünün önünə gətir. Günahın kiçikliyinə baxma, qarşısında günah işlətdiyin Allahın böyüklüyünə bax. Allahı bilirsənsə, başqa bir şeyi bilməyinə gərək yoxdur. Allah səni bilirsə, başqasının bilməsinə gərək yoxdur. Mənim işim öz nəfsimlədir, bundan əl çəkə bilmərəm”.

Peyğəmbərimiz Veysəl Qərani haqqında buyurmuşdur: “Məni görməyib iman gətirənlərin içərisində səhabəyə tabeunların ən xeyirlisi Uveys adlı bir adamdır. Kim onunla qarşılaşsa, özü üçün Allahdan günahlarının bağışlanmasını dua etməyi diləsin. O, Allahdan nə istəsə, duası qəbul edilər”.

Veysəl Qərani Peyğəmbərimizin mədh etdiyi azsaylı şəxsiyyətlərdən biridir. Onu fərqləndirən xüsusiyyətlərdən biri də şəfaət etmə dərəcəsində xüsusi üstünlüyə sahib olmasıdır. Peyğəmbərimiz vəfatı yaxınlaşdıqda öz xirqeyi-şərifinin (əbasının) Veysəl Qəraniyə verilməsini vəsiyyət etmişdi. Bu əba əsrlər boyu qorunub saxlanmışdır və Türkiyədə bu gün də qorunur, hər il  Ramazan ayında xalqın ziyarəti üçün nümayiş olunur.

Bir çox xalqlar öz məşhur şəxsiyyətlərinə sevgisini göstərmək və onların  nəşini qorumaq məqsədilə onların qəbirlərini çoxaldırlar. Veysəl Qəraninin qəbri də hazırda bu məqsədlə bir neçə ölkənin bir neçə məkanında yerləşir. Ehtimal olunur ki, Veysəl Qərani Hz. Ömər dövründə Azərbaycana gələrək bu torpaqları şərəfləndirmişdir. Azərbaycanda, xüsusilə də Şirvanda və Naxçıvanda çoxlu tanınmış dindar, alim, şair, pir, övliya və digər Allah dostlarının yetişməsində, Allaha, onun Rəsuluna eşqin güclü bir ruh halına ucalmasında məhz Veysəl Qəraninin mürşidliyi təkzibolunmazdır.

Azərbaycanda Veysəl Qəraninin qəbrinin əsrlərdən bəri ziyarət olunması xalqımızın qəlbində onun necə bir uca məqama sahib olduğunu göstərir. Veysəl Qəraninin əsas böyük türbələri aşağıdakı ölkələrdə yerləşir: Yəmən, Suriya, İran, Səudiyyə Ərəbistanı, Livan, Hindistan, Özbəkistan, Qırğızıstan ,Tacikistan, Türkiyə və Azərbaycan (Ağdaş rayonu Xınaxlı kəndi və Qazax rayonu Aslanbəyli kəndi).

Allah dostu, Peyğəmbər aşiqi Veysəl Qərani həyatı və fəaliyyəti ilə özündən sonra Üveysilik adlı böyük və zəngin bir məktəb yaratmış oldu. Elə o vaxtdan hər hansı bir vəlinin və ya övliyanın ruhaniyyətindən təsirlənərək tərbiyə və irşad alanlara Veysəl Qəraninin adına uyğun olaraq “üveysi” deyilir. Üveysi yolla tərbiyə görüb irşad alan, ilhama yetişib feyzyab olanlar dünyəvi işlərdən uzaq olur, xəlvəti həyat tərzinə keçir, dünya həvəsinə meyl salmadan təvazökar həyat yaşayır, daim ibadət, səcdə yolunu seçir, Allah yolunda özündən keçir, özünü fəda edirlər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz