Yolda olmaq…

Yolda olmaq…

Allah insanın bioloji yaradılışının mərhələlərini bəyan edərkən təbii elmlərin diliylə danışır. Nütfədən, qandan və rüşeymdən bəhs edir. Ancaq Adəmin yaradılışından bəhs edərkən qarşımıza məna, əsrar və fəlsəfə dolu mütəşabehlər  çıxır:

         Allahın ruhu + qoxumuş palçıq = insan

   Uca Yaradanın “Mən yer üzərində xəlifə(mi) yaradacağam” cümləsindən ilk olaraq başa düşülən məna yaradılacaq bu varlığın hansısa çox qiymətli və nadir bir maddədən yaradılacağı olardı. Çünki adi insan ağlının varlıq təbəqələrini qiymətlilik prinsipinə görə dəyərləndirməsi bunu söyləməyə əsas verir. Halbuki, Cənabi-Allahın insanı, sonradan ayağının altına sərəcəyi torpaqdan yaradır. Elə isə bunların, deyilənlərin mütləq mənada simvolik və məcazi həqiqətlər olduğu haqqında düşünülə bilər. Halbuki, yuxarıdakı misalda toplananlardan ikincisi mütləq mənada aşağılığı, səfaləti və ətaləti təmsil edir. Birincisi isə sonsuz irəliləyişi, nəhayətsiz ucalığı və ülviliyi təmsil etməkdədir. Qurana görə insan bu iki tərkib hissədən ibarətdir. (Paskal da eyni həqiqəti müdafiə etmişdir. “İnsan iki sonsuz arasındakı bir varlıqdır. Sonsuz ucalıq və sonsuz aşağılıq arasında.”)

          İki sonsuzluq arasındakı məsafə də sonsuz uzaqlıqdadır. İnsan bu ikisi arasında seçki etmək məcburiyyətində olan iradəyə sahibdir. “Sərtləşmiş palçıq” içərisində Allahın ruhunu seçib ayıra bilmək nə qədər çətindir. Bir yanda üstünlüklərin ən üstünü, xəyallara sığmayacaq qədər uca və sonsuz mutləq gözəllik, həqiqət və güç, şüur və iradə mövcuddur (axirət). Digər tərəfdə isə mütləq aşağılıq və əskiklik, yanlışlıq və güçsüzlük, cəhalət və bilgisizlik(dünya).

          İnsan bu ikiyönlü təbiətə sahib olduğuna görə məcburi olaraq daim hərəkət halındadır. Bu yönəlmə və hərəkət “palçıqdan” Allaha doğrudur. Elə isə bu yönəlişin sonu harada bitir görəsən? Bu, sonsuz bir yolçuluqdur. Allaha gedən sonsuz bir yolçuluq. Bəs niyə sonsuz? Çünki Allah zamanlara və məkanlara sığmayan sonsuzdur.  Yəni insan “afaqi” (horizontal) olandan “ənfusi” (vertikal) olana doğru  hicrətin adıdır; bədəni (bəşəri) olandan ilahi olana doğru bir hicrət. İnsan olmaq yolda olmaqdır. Eynilə Yasbersin dediyi kimi: “Hikmət (fəlsəfə) yolda olmaqdır.” İslam terminologiyasında “din” sözü daxil olmaqla yol mənasına gələn, ya da ona yaxın məna ifadə edən nə qədər söz var; şəriət (su yolu/su götürmək üçün gedilən sahil yolu deməkdir), məzhəb (səfərə gedilən yol deməkdir), təriqət (bir şəhərdən digər şəhərə gedən geniş yollar üçün istifadə olunur), sirat (məbədə gedən yol deməkdir), süluk (incə dağ yolu deməkdir), ümmət (bir nəfərin rəhbərliyi ilə nizamla getmək deməkdir).  (Yoldan çıxmaq, yola gəlmək, yol tutmaq eyni həqiqətin dilimizdəki təzahürləridir). Ancaq elə görünür ki, “bu torpaq vücudun arzularından qurtulmadıqca, abi-həyat qətrələrini qurtumlamaq da mümkün olmayacaq.”(Cəlaləddin Rumi)

          İnsan rəqib güclərin savaş meydanıdır. (“təsəvvüf - barışı olmayan mübarizədir” sözü də bu mənadadır.) İki güc arasındakı bu mübarizə ondakı daimi təkamülü həyata keçirir. Füzulu Məcnunun diliylə bu həqiqəti belə ifadə etmişdir:

      

         Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni            (Ya rəb! məni eşq bəlasıyla tanış eylə)

         Bir dəm bəlayi eşqdən etmə cüda məni         (Eşq bəlasından bir an belə uzaq qoyma məni)

         Az eyləmə inayətini əhli dərdidən                  (Mərhəmətini dərd əhlinə az vermə)

        Yəni ki, çox bəlalara qıl mübtəla məni.            (Yəni, mənə (sonrasında mərhəmət olan) bəlalar göndər)

     

           Bu mənada, yaradılışı tamamlanmayan yeganə varlıq insan sayılmalıdır. Çünki o, doğulduğu gündən etibarən fiziki inkişafı baxımdan təbiət qanunlarına tabe olsa da, müəyyən dövrdən sonra özünü dəyişdirmə, yönləndirmə, təkmilləşdirmə vəzifəsi və iradəsi ilə qarşılaşmışdır. Əgər doğru başa düşüləcəksə, buna “özünü yaratma iradəsi” də deyilə bilər. İnsan olmuş bitmiş varlıq deyil. “Olmaqda” olan varlıqdır. Hər halda buna görə olmalıdır ki, metafiziki aləmin hər nə qədər aşağısında olursa olsun,  insana  tövbə qapısı açıq tutulmuşdur və yenə hər halda buna görə olmalıdır ki, metafiziki aləmin nə qədər zirvəsində olursa olsun, Yaradanını bir an belə unutmamaq zəruri qılınmışdır. Mənəvi qurtuluş yolları hər kəsə açıqca bəyan olunsa da, qurtuluş zəmanəti insanlardan heç kimə bəxş olunmamışdır...                                                                                          

                                                                 

                                                       

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz