Qardaşliğın Ehyası

Qardaşliğın Ehyası

Allah təala bütün möminləri qardaş elan etmiş, qardaşlığın şərt və zərurətlərini bəyan etmək üçün də Peyğəmbər (s.ə.s)-i biz bəndələrinə nümunə qılmışdır.

 Əshabi-kiram və Allah dostlarını da qardaşlıq ruhunun və şüurunun zamanlara yayılan zirvələri etmişdir. Bu dünyada yalnız möminlərə bəxş edilən bu müstəsna səadət xəzinəsini mühafizə etmək möminlərin ən mühüm vəzifələrindəndir. Çünki layiqincə sahib çıxılmayan qiymətlər zamanla əldən çıxar.

Qardaşlıq cövhərini mühafizə etmək; onu şəfqət, mərhəmət, nəzakət və məsuliyyət şüuru ilə yaşamağa bağlıdır. Bu xsüsusda qafil olmaq möminlərin arasını vurmağa çalışan şeytana qapı açmaqdır. Bu fürsətdən istifadə edən şeytan möminlərin nəfslərini təhrik edərək bir-birilərindən üz çevirmələrini təmin edər.

BARIŞA TƏŞVİQ

Möminlərin bir-birilərindən üz çevirmələri və aralarındakı küsülülüyü davam etdirmələri İslam nəzərində çox ağır günah sayılmışdır. Peyğəmbər (s.ə.s) bu xüsusda ümmətinə belə xəbərdarlıq edir:

“Kim din qardaşını bir il tərk edib, küsülü qalarsa, onun qanını tökmüş kimi günaha batar.”  (Əbu Davud, Ədəb, 47/4915)

“Bir möminin din qardaşını üç gündən artıq tərk edib, küsülü qalması halal deyildir. Aradan üç gün keçmişsə, onunla qarşılaşıb salam versin. Əgər salamını alarsa, hər ikisi savaba ortaq olar. Yox, əgər salamını almazsa, almayan günaha batmış, salam verənsə küsülü qalmaqdan çıxmış olar.” (Əbu Davud, Ədəb, 47/4912)

Rəsulullah (s.ə.s)-in bəyanına görə bazar ertəsi və cümə axşamları bəndələrin etdiyi işlər Allaha ərz edilir. Din qardaşı ilə arasında düşmənçilik olandan başqa Allaha şirk qoşmayan hər bəndənin günahları bağışlanır. Mələklərə: “Bu ikisinin günahlarının əfvini bir-birilərilə barışanadək ertələyin!” deyilir. (Müslim, Birr, 35-36; Əbu Davud, Ədəb, 47)

İslam qardaşlığını zədələməyin Allahın mərhəmətindən məhrum qoyan ağır bir iman zəifliyi olduğu da ayeyi-kərimədə belə ifadə edirlir:

“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşlarınızın arasını düzəldin və Allahdan qorxun ki, rəhm olunasınız!” (əl-Hucurat, 10)

“…Əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!” (əl-Ənfal, 1)

Din qardaşlığı “mən haqlıyam, sən haqsızsan” kimi mübahisələrin üstünə örtü atılaraq, keçmiş ədavətləri unutmağı və lazım gələrsə nəfsindən fədakarlıq edərək mömin qardaşını bağışlamağın fəzilətinə çatmağı gərəkdirir. Küsülü qalmaq Allahın əmrinə itaətsizlikdir. Kamil mömin nəyin bahasına olursa olsun, heç bir zaman bilərəkdən Allahın əmrinə itaətsizlik etməz. Rəsulullah (s.ə.s) İslam qardaşlığının iman ilə olan münasibətini belə ifadə etmişdir:

“İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də kamil iman etmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdiyiniz təqdirdə bir-birinizi sevmiş olasınız? Aranızda salamı yayın!” (Müslim, İman, 93)

Qurani-Kərimdə təqvalı möminlərin vəsfləri sadalanarkən “Qəzəblərini udar, insanların günahlarından keçərlər....” buyurulur. (Ali-İmran, 134) 

Din qardaşının xəta və qüsurunu gördükdə ondan incimək, küsmək yerinə, onun sahib olduğu bir çox gözəl xasiyyətlərini düşünüb bunların xatirinə onu əfv etmək və belə hallarda yardıma möhtac olduğunu bilib dəstək olmaq lazımdır.

 

GÜNAHA NİFRƏT, GÜNAHKARA MƏRHƏMƏT...

Rəvayətə görə bir-birinə qardaş qədər yaxın olan iki dostdan biri pis yola düşdüyü üçün digərinə:

“- Artıq bu qardaşından üz çevir.” –deyirlər. O isə:

“- Nə danışırsınız? Əksinə onun indi mənə ehtiyacı var. Belə bir zamanda onu tərk etmək doğru olarmı? Mən ona öyüd verib, düzəlməsi üçün də Allaha dua edəcəm.” –deyir.

Cüneyd Bağdadi həzrətlərinin bir tələbəsi işlədiyi günah səbəbiylə son dərəcə xəcalət içərisində dərgahdan qaçmışdı. Bir müddət sonra könlü xarabaya çevrilmiş bu tələbə, dostlarıyla birlikdə bazardan keçən Cüneyd Bağdadinin gözünə sataşır. Ustadını görən tələbə xəcalət hissi ilə oradan uzaqlaşır. Bunu sezən Cüneyd yanındakılara:

“- Siz qayıdın, mənim yuvamdan bir quş qaçıb!” deyərək tələbəsinin ardınca gedir. Ustadının arxanınca gəldiyini görən tələbə addımlarını sürətləndirir. Girdiyi dalanda xəcalət hissi ilə qeyri-ixtiyari başı divara dəyir. Qarşısında ustadını gördükdə isə rəng verib-rəng alır. Şeyx mülayim səslə:

“- Övladım, hara gedirsən, kimdən qaçırsan? Ustadın tələbəyə yardımı və himməti belə çətin günlərdə, müşkül zamanlarda olmalıdır.” –deyir və onu könül sarayına alıb dərgahına aparır. (Təzkirətul-Övliya, 469) 

İslam qardaşlığı qan qardaşlığından da irəlidir. İnsanın günaha sürüklənən qohumunu silib atması doğru olmadığı kimi qardaş qəbul etdiyi kəsi də xəta və günahları səbəbiylə tamamən rədd etməməli və qardaşlıqdan çıxarmamalıdır. Allah təala Rəsulullah (s.ə.s)-ə qohumları haqda belə buyurur:

“Əgər sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!" (əş-Şüəra, 216) Çox diqqətçəkicidir ki, Allah təala Rəsulundan “Sizdən uzagam” deməsini istəməmiş, “Sizin əməllərinizdən uzağam” deməsini istəmişdir. Yəni, günaha olan nifrəti günahkara sirayət etdirməmək gərək.

Mömin din qardaşının hüzurunda və qiyabında onun xoşlanmayacağı sözləri dilə gətirməkdən çəkinməlidir. Ancaq pisliklərdən çəkindirmək mövzusunda sükuta icazə yoxdur. Lazım gəldikdə din qardaşını pisliklərdən uzaqlaşdırmaq üçün münasib üslubda, gözdən uzaq, tənha bir yerdə ona nəsihət etmək zəruridir. Bu zaman onun xoşlanıb-xoşlanmamasına baxılmaz. Çünki bu xəbərdarlıqlar zahirən pisinə gəlsə də əslində onun üçün böyük bir yaxşılıqdır.   

Hədisi-şərifdə buyurulur:

“Allah üçün bir-birini sevən iki qardaş görüşdüyü zaman biri digərini yuyan iki əl kimi olarlar. Nə zaman iki mömin birlikdə olarsa Allah təala birini digərindən faydalandırar.” (İhya, c. II, səh-394)

Rəbbimiz möminlərin bir-birini yuyan iki əl kimi olmasını arzu edir. Bir-birini yuyan iki əldən məqsəd, bir-birinin maddi-mənəvi nöqsanlarını düzəltmək, sevinc və kədəri paylaşmaq, qüsurlarını bağışlamaq, dərdinə şərik olmaq, bir-birinə öyüd vermək və qardaşını özündən daha yaxşı, təmiz insan kimi görməkdir.

Həmçinin din qardaşının bir səhvini gördükdə o dəqiqə mənfi hökm verməyib öncə hüsnü-zənlə yanaşmaq, bu davranışının keçici üzr olub-olmadığına baxmaq qardaşlıq ədəbindəndir. Möminlər bir-birilərini xoş tutmalı, əsla xor görməməli, əksinə onun Allah qatında özündən daha məqbul bəndə olduğunu düşünməlidirlər.

 

BİRLİK VƏ BƏRABƏRLİYİN MAYASI: İSLAM QARDAŞLIĞI

Rəsulullah (s.ə.s) ilk müsəlmanları ilahi rəhmət və ehsanla bahar fəsli kimi qucaqlamış, bir-birinə qanlı düşmən olan ərəb qəbilələri mislsiz qardaşlıq atmosferi içində məhəbbətlə qaynayıb-qarışmışdır. Bu həqiqət öz əksini ayədə belə tapır:

“Hamılıqla Allahın ipinə (dininə) möhkəm sarılın və (firqələrə bölünüb) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.” (Ali-İmran, 103)

Hz. Mövlana İslam qardaşlığını belə izah edir:

“Peyğəmbərimiz (s.ə.s) “Müsəlmanlar bir vücud kimidir” buyurmuşdur. Tək bir vücud oldular, amma Allahın Rəsulu sayəsində oldular. Yoxsa hər biri digərlərinə düşmən idi. Mədinədə Evs və Həzrəc adında iki qəbilə vardı. Bunlar bir-birilərinin qanını içəcək qədər can düşməni idilər.

Həzrət Mustafanın feyzi və İslamın nuru ilə onların kinləri əridi. O düşmənlər əvvəllər bağdakı üzümlər kimi, üzüm salxımındakı dənələr kimi bir-birilərinə bağlı idilər. Qardaş idilər, lakin “Möminlər qardaşdır” ayəsi nazil olduqdan sonra onun feyz və ruhaniyyəti ilə sanki sıxılmış üzüm dənələri kimi şirə halına gəldilər. Həqiqi mənada birləşib qardaş oldular.”

Cahiliyyət dövründə zülm, azğınlıq, cəhalət və qan davaları ilə sanki qan gölünə dönən bədəvi çölləri İslamın nuru ilə üstün bir mədəniyyət bağçasına çevrildi. Bu gün bizə qüdsi miras olan İslam qardaşlığı o səadət əsrinin bir bərəkətidir. İslam qardaşlığı sayəsində möminlər irq, qövmiyyətçilik, məzhəb kimi fərqliliklərə baxmayaraq əsrlər uzunu birlik-bərabərlik hüzuru ilə yaşamışlar. Bu hüzuru itirmək fərdi və ictimai itkilərin ən həzinidir. Birlik və bərabərliyi baltalayan nəfsani ehtirasların, mənlik davalarının, siyasət və rəyasət qovğalarının, hiddət və nifrətin yeganə çarəsi “İslam qardaşlığı”dır.  

Allah üçün olan həqiqi qardaşlıq fərqli bədənlərin bir qəlb ilə yaşaması kimidir. Allahın rəhməti və bərəkəti bir və bərabər olanların üzərinə enər. Qüvvət və müvəffəqiyyət birlikdən doğar. Allah üçün bir-birilərinə məhəbbətlə bağlanıb, çiyin-çiyinə səf tutaraq birlikdə mücadilə edənlər ayeyi-kərimədə belə mədh edilir:

“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (əs-Saff, 4)

Hədisi-şərifdə də möminlərin bir bədən, bir ürək olmaları belə bəyan edilməkdədir:

“Möminlər bir hissəsi digər hissəsinə keçən (kərpic) bina kimidirlər.” Peyğəmbər (s.ə.s) bunu açıqlamaq üçün iki əlinin barmaqlarını bir-birinə keçirmişdir. (Buxari, Salət, 88; Müslim, Birr, 65)

 

DİN QARDAŞININ DƏRDİNƏ ŞƏRİK OLMAQ

Məhz bu könül birliyi səbəbiylə kamil möminlər din qardaşlarının sevinci ilə sevinib, iztirabı ilə kədərlənirlər. Rəsulullah (s.ə.s) bunu bir təşbeh ilə belə xəbər verir:

“Möminlər bir-birilərini sevməkdə, mərhəmət etməkdə və qorumaqda bir vücuda bənzəyərlər. Vücudun bir üzvü xəstə olduqda digər üzvlər də bu səbəblə yuxusuzluğa və qızdırmaya tutular.” (Buxari, Ədəb, 27; Müslim, Birr, 66)   

Din qardaşının dərdi ilə dərdlənib ona çarə axtarmaq Allahın rizasını qazandıran böyük bir ictimai ibadətdir. Buna biganə qalmaq isə eqoizmdir. Hər bir mömin din qardaşının dərdini sinəsində hiss etməlidir.

Peyğəmbər (s.ə.s) sırf özünü düşünüb din qardaşının iztirablarına laqeyd qalmağın İslam əxlaqına zidd olduğunu bildirmişdir və:

“Qonşusu ac ikən özü tox yatan mömin deyildir.” (Hakim, II, 15)

“Möminlərin dərdləri ilə dərdlənməyən bizdən deyildir.” (Hakim, IV, 352; Heysəmi, I, 87) buyurmuşdur.

Din qardaşının çəkdiyi acıya biganə yanaşmaq çox ağır günahdır. Bu laqeydliyi bir anlıq qəflətə düşərək yaşayan Seriyy Səqati o halından duyduğu peşmanlığı belə ifadə edir:

“Bir gün Bağdad bazarı yanmışdı. Bir nəfər qaçaraq yanıma gəldi və: “bütün Bağdad bazarı yandı, yalnız sizin dükanının yanmadı. Gözünüz aydın!” -dedi. Mən də dükanı yanan qardaşlarımı düşünmədən nəfsim adına “Əlhəmdülillah!” dedim. Ancaq otuz ildir ki, bu qəflət anım üçün istiğfar edirəm.” (Xətib Bağdadi, Tarix, IX, 188; Zəhəbi, Siyər, XII, 185, 186)

Bir anlıq da olsa sırf özünü düşünüb fəlakətə uğrayan din qardaşlarının iztirabına laqeyd yanaşdığı üçün otuz il tövbə etmək… Nə qədər həssas bir qardaşlıq üfüqü…

İslam tarixində büşinci raşid xəlifə sayılan Ömər bin Əbdüləzizin din qardaşlığı həssasiyyəti ilə yoğrulmuş könül iqlimini əks etdirən bir halını xanımı Fatimə belə nəql edir:

“Bir gün Ömər bin Əbdüləzizin yanına getdim. Namazgahında oturmuş, əlini alnına dayamış, dayanmadan ağlayırdı. Göz yaşlarından yanaqları islanmışdı. Nə üçün bu halda olduğunu soruşdum. Belə cavab verdi:

“Ey Fatimə, bu ümmətin ən ağır yükü mənim çiynimdədir. Ümmətin içindəki aclar, fəqirlər, xəstə olub dərman tapmayanlar, geyəcək patlarları olmayanlar, boynubükük yetimlər, təkbaşına tərk edilmiş dul qadınlar, haqqını aramayan məzlumlar, küfr və qürbət diyarındakı müsəlman əsirlər, ehtiyacını qarşılaya bilmək üçün işləməyə taqəti qalmayan möhtac yaşlılar, ailə üzvləri çox olan kasıb ailə rəisləri… Bu haldakı mömin qardaşlarımı düşündükcə yükümün altında əzilirəm. Sabah hesab günündə Rəbbim bunlardan dolayı məni sorğuya çəkərsə, Rəsulullah (s.ə.s) bunlar üçün məni danlayarsa, nə cavab verərəm?!” (İbn Kəsir, 9/201)

Bu misal möminlərə qarşı idari məsuliyyət daşıyanların sahib olacağı qardaşlıq həssasiyyətini göstərməkdədir. Lakin fərd olaraq da hər bir mömin din qardaşı ilə eyni duyğular və qəlbi bərabərlik içərisində olmalıdır.

 

ETİKAFDAN ÇIXAN SƏHABƏ…

Mömin olan kəs hər zaman və məkanda Allahın rizasına vəsilə arayıb-axtarar. Din qardaşlarının dərdləriylə maraqlanmaq isə Allahın rizasının aranacağı ən gözəl yollardan biridir. Rəsulullah (s.ə.s) buyurur ki:

“Bəndə qardaşına yardım etdiyi müddətdə Allah da ona yardım edər.” (Müslim, Zikr, 37-38)

“Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu düşmənin əlində qoymaz. Müsəlman din qardaşının ehtiyacını qarşılayarsa, Allah da onun ehtiyacını qarşılayar. Müsəlman bir qardaşının müşkülünü həll edərsə, Allah da qiyamət günü onun sıxıntılarından birini həll edər.” (Buxari, Məzalim, 3; Müslim, Birr, 58)

Buna görə də hər mömin din qardaşının iztirabını qəlbində duymalı və bu yolda əlindən gələni əsirgəməməlidir. Allah təalanı ən çox razı edən davranış bir bəndəsinin, özündən çox başqalarını düşünməsi, onların rahatlığını öz rahatlığından üstün tutmasıdır. Nəbəvi tərbiyə ilə yetişdiyi üçün “nəfsi, nəfsi” eqoizmindən qurtulub, “ümməti, ümməti” qayğıkeşliyinə nail olan bir səhabənin İslam qardaşlığındakı könül zənginliyini sərgiləyən bu hadisə nə qədər hikmətlidir:

İbn Abbas (r.a) bir gün Peyğəmbərimizin məscidində etikafda ikən bir nəfər yanına gələrək salam verdi. İbn Abbas (r.a):

“- Qardaşım, səni yorğun və kədərli görürəm.” –dedi. O adam:

“- Elədir, ey Rəsulullahın əmisi oğlu, kədərliyəm! Filankəsin mənim üzərimdə vəla haqqı var (bir mal müqabilində məni azad etmişdi), fəqət bu qəbrin sahibinin (Allah Rəsulu) haqqı üçün söyləyirəm ki, o adamın haqqını ödəyə bilmirəm.” –deyə cavab verdi. İbn Abbas:

“- Sənin üçün o adamla danışımmı?” –dedi. Adam:

“- Olar.” –deyən kimi ayaqqabılarını götürüb məsciddən çıxdı. Adam:

“- Etikafda olduğunu unutdunmu, niyə məsciddən çıxdın?” –deyə onun ardınca səsləndi. İbn Abbas (r.a):

“- Xeyr! Mən bu qəbirdə yatan və aramızdan yeni ayrılmış olan möhtərəm zatdan eşitdim ki, (bunları söylərkən gözlərindən yaşlar axırdı):

“Kim din qardaşının bir işini həll etmək üçün o işin dalınca düşərsə, bu iş on il etikafda qalmaqdan daha xeyirlidir. Halbuki Allah rizası üçün bir gün etikafa girən kimsə ilə cəhənnəmin arasına Allah üç xəndək qoyar və hər xəndəyin arası məşriqlə məğribin arası qədər uzaqdır.” (Beyhəqi, Şuab, III, 424-425)

Din qardaşının bir müşkülünü həll etməyə çalışmağın Allah qatında nə qədər qiymətli bir xidmət olduğunu bu nəbəvi müjdə açıq şəkildə ifadə edir:

“Allah təala insanların ehtiyaclarını təmin etmək üçün elə kəslər yaratmışdır ki, insanlar ehtiyacları üçün onların yanına qaçarlar. Məhz onlar Allahın əzabından əmin olan kəslərdi.” (Heysəmi, VIII, 192)

Uca Allah hər birimizi iman həssaslığı ilə din qardaşlığını yaşayıb-yaşadan saleh qullarından eyləsin. Bütün ömrümüzü rizasına müvafiq əməllərlə ehya edərək əbədi hüzur və səadətə qovuşmağımızı lütfü-kərəmi ilə ehsan etsin!

Amin!..

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz