Unudulmayan dastan Qafqaz fırtınası
Qədim tarixə sahib olan Azərbaycan torpağı bir çox fərqli mədəniyyətə beşiklik etmişdir. Böyük Səlcuqlu dövlətinin quruluşundan sonrakı dövrlərdən etibarən müsəlman oğuzlar Azərbaycana gəlməyə başladılar.
Azərbaycan oğuz türkləri tərəfindən idarə olunmuşdur.
Azərbaycan əraziləri tarixin bütün mərhələlərində çox əhəmiyyətli strateji mərkəz olmuşdur. İpək yolu başda olmaqla bir çox yolların kəsişdiyi mərkəz olan Azərbaycan tarixi siyasi nöqteyi-nəzərdən hər keçən gün əhəmiyyətini daha da artırmışdır. Xəzər dənizinin təsiri və bölgədə qovşaq rolunu oynaması Azərbaycanın dünya miqyasındakı rolunu daha da artırır.
XX əsrin əvvəllərində dünya neftlə yeni tanış olurdu. Məhz belə bir dövrdə Bakı və ətraf bölgələrdə zəngin neft yataqlarının tapılması Azərbaycan üçün çox sevindirici bir hal idi. Bununla birlikdə Azərbaycan dünyaya tamahkarlıqla baxan və dünyadakı güc və balansı əlində tutmağa çalışan insanlar və dövlətlər üçün fərqli bir məna kəsb edirdi. Azərbaycan torpaqları başda erməni daşnaqları və rus bolşevikləri olmaqla düşmən qüvvələri tərəfindən işğal edilmişdi.
İqtisadi, siyasi və hərbi cəhətdən böhran içərisində olan Osmanlı Dövləti bu zaman 600 illik ömrünün ən çətin dövrlərini yaşayırdı. Osmanlı dövləti bütünlükdə 7 cəbhədə hərbi əməliyyatlar həyata keçirirdi. Bu əlverişsiz şərtlərə baxmayaraq qəhrəman türk əsgəri və xalqı cəbhənin bütün istiqamətlərində tarix səhifələrinə qızıl hərflərlə saysız qəhrəmanlıq dastanları yazırdılar.
Şairin dediyi kimi:
Çehreler başka, lisanlar, deriler rengarenk.
Sade bir hadise var ortada : Vahşetler denk.
Kimi Hindu, kimi Yamyam, kimi bilmem ne bela...
Hani tauna da zuldür bu rezil istila...
Qafqazda - Azərbaycan torpaqlarında müsəlman-türk xalqına qarşı böyük bir zülm başlamışdı. Azərbaycan Atatürk Mərkəzinin müdiri Prof. Dr. Nizami Cəfərov o günlərdəki hadisələri belə xülasə edir:
“Azərbaycanın o dövrlərdə Türk ordusunun yardımına böyük ehtiyacı vardı. Çar Rusiyası dövründə Azərbaycan türklərini əsgərliyə aparmırdılar, hərb sahəsindəki işlərdən uzaq tuturdular. Ona görə də yeni yaranmış Azərbaycan Cümhuriyyətini qoruya biləcək nizamlı bir orduya ehtiyac vardı. Vəziyyət elə idi ki, Azərbaycan hər tərəfdən düşmən qüvvələrinin təzyiqlərinə məruz qalmışdı. Bir tərəfdən türk qanına susamış vəhşi rus bolşevikləri, bir tərəfdən onların əlaltıları olan erməni daşnaq birləşmələri, bir tərəfdən də ingilis imperialistləri Azərbaycan üzərində öz maraqlarını təmin etmək uğrunda mübarizə aparırdılar. Belə bir şəraitdə yeni yaranmış dövləti qurmaq üçün Azərbaycanın yardıma ehtiyacı vardı.”
Həmişə Anadolu türklərinə heç bir qarşılıq gözləmədən maddi və mənəvi dəstək olan Azərbaycan türkü çətin vəziyyətdə idi. 1915-ci ildə Osmanlının Qurtuluş Savaşı üçün Bakıda minlərlə insan bir yerə yığışaraq öz imkanları nisbətində kimisi qızıl, kimisi pul, kimisi də ailələrinin zinət əşyalarını İstanbula göndərməyə can atırdı. Hələ bir neçə il əvvəl Çanaqqala savaşında da Azərbaycanın mərd övladları Osmanlı igidləri ilə dastan yazmışdılar. Bu gün isə yerlər dəyişmişdi. Qafqazdan gələn bu fəryad səslərinə Anadolu türkləri cavab verməliydi. 1918-ci ilin martında yaranan Qafqaz İslam Ordusu Batumdan keçərək Azərbaycan istiqamətində hərəkət etdi. Qafqaz İslam Ordusu böyük bir qüvvə ilə Gəncədən Bakı istiqamətində hərəkətə başladı. Yevlax, Ağdaş, Göyçay, Ağsu, Şamaxı, Kürdəmirdən keçdi. Keçdiyi hər yerdə rus-bolşevik və erməni-daşnaq qüvvələri ilə vuruşa-vuruşa Bakıya yaxınlaşdı.
Bir çox yerdə saysız şəhidlər verdi. Bu şəhidlər torpağa atılan bir toxum kimidir. Bu toxumlar hər azadlıq baharında qırmızı gəlinlik çiçəkləri kimi açılır. Ümidlərin tükəndiyi yerdə var oluş və yenidən diriliş müjdəsi verirlər...
1918-ci ilin sentyabrın15-də Nuru Paşanın son hücum əmri ilə Bakı erməni-daşnaq və rus-bolşevik birləşmələrindən təmizlənir. Artıq Bakı səmalarında Azərbaycan Cümhuriyyətinin üç rəngli bayrağı dalğalanır...
Çanaqqala Savaşında Anadolu türkləri ilə Azərbaycan türkləri çiyin-çiyinə vuruşub şəhid olduğu kimi Bakının işğaldan azad edilməsində də Anadolunun bağrından qopub gəlmiş qəhrəman türk əsgərləri azərbaycanlı qardaşları ilə birlikdə vuruşmuşdular. Və bu gün Çanaqqalada və Bakıda şəhidlər xiyabanında xəritə üzərində ayrı, ancaq dili, dini, mədəniyyəti bir olan və hər zaman bir-birlərinə dəstək olmuş, bu yolda canlarını qurban vermiş Azərbaycan və Türk şəhidləri qucaq-qucağa yatırlar. Tarixdə bənzərinə rastlanmayan və heç bir qarşılıq gözləmədən edilən bu fədakarlıqlar xalqlarımızın yaddaşında silinməz izlər buraxmış və gələcək nəsillərə nümunə olmuşdur. Şəhidlərimizin ruhu şad olsun...
Məhz bu ruh Azərbaycanla Türkiyəni mədəni, tarixi bağlarla bir-birinə sımsıx bağlamışdır. Azərbaycan dünyaya Türkiyə vasitəsilə açıldığı kimi, Türkiyə də Qafqaza və Orta Asiyaya Azərbaycan vasitəsilə açılır. Bu birlik sadəcə iqtisadi cəhətdən deyil, mənəvi baxımdan da birliyə təkan verir.
Mərhum prezident, ulu öndər Heydər Əliyevin “Biz iki dövlət, bir millətik” sözləri qarşılıqlı əlaqələrimizin dərin tarixini ifadə edərək siyasi, iqtisadi, mədəni qardaşlıq və dostluğumuzun mahiyyətini ifadə edir.
Qaynaqlar:
1. Azerbaycan Cumhuriyetinin Kuruluş Mücadelesi. Dr. Halil Bal. İstanbul/1996
2. Azərbaycan Yazıları. Abdulhamid Avşar. Bakı/2007
3. Türk Kafkas İslam Ordusu ve Ermeniler. Dr.Mustafa Görüryılmaz. Ankara/2007
ŞƏRHLƏR