Sənsiz
Yenə vulkanlara boyludur torpaq
Onu da bir ağrı çeynəyir, didir,
Böyük övladını tanımayan xalq
Xalq deyil, bəlkə də qara kütlədir.
“Sənsiz” Təbii ki, bu sözü eşidən hər bir azərbaycanlının yadına ilk öncə professional musiqimizin banisi Üzeyir bəy Hacıbəyovun eyni adlı ecazkar romansı, ardınca əsrlərin, qərinələrin o tayından, XII əsrdən bu günümüzə gələn qəzəl – ulu şairimizin, dahi Nizaminin “Sənsiz”i və daha sonra ölməz Bülbülümüzün şaqraq səsi düşür. Amma mənə elə gəlir ki, bu kəlmə ötən əsrin 60-cı illərinin gəncliyinə, o illəri yaşayanlara bu üç dahidən, üç nəhəngdən başqa dahi bir nəfəri, təəssüflə deyə bilərəm ki, bu gəncliyin tanımadığı nəhəng bir şəxsiyyəti – xalq üçün alışıb məşələ dönən, xalqın dərdlərini, yükünü çiyinlərində daşıyıb özü boyda torpağa yorğun düşən bir şairi, dramaturqu, alimi, ictimai xadimi, nəhayət, əsl azərbaycanlı bir kişini, Şıxəli Qurbanovu xatırladır. Nakam bir ömrə on igid ömrünü sıxışdırmağı bacaran, Azəri türkü olması ilə fəxr edən, xalqın şüurundan kölə psixologiyasını silməyə çalışan Şıxəli Qurbanovun adını çəkəndə isə ötən əsrin o uzaq 60-cı illərinin sonlarına qayıdıram, uzun illərin qadağasından sonra rəsmən keçirilməsinə Moskvanın icazə vermədiyi Novruz bayramı canlanır gözümün önündə. Ondan sonra nə qədər bayram görsəm də heç biri o bayrama çatmadı. O bayram başqa bayramdı. O bayramın keçirildiyi Bakı da başqa Bakı idi. Tamam fərqli bir Bakı. Qədim Azərbaycan Bakı boyda bir bayram xonçasını başı üstünə qaldırmışdı o gün. Evləri, mağaza vitrinlərini, idarə pəncərələrini, küçələri, şəkilləri bəzəyən səmənilər həmişəki səmənilərə bənzəmirdi. Cücərib hər saat boy atan sanki buğda deyildi, xalqın azadlıq eşqi idi. Qara zurnanın “Cəngi” sədaları altında Qarabağ atlarını qürurla çapan milli geyimli süvarilər qan yaddaşımızı oyadırdı. Zınqırovlu, kəcavəli dəvələr keçmişdən bizlərə ərməğan gətirirdi.
Bu, adi bayram deyildi. O uzaq 1967-ci ilin mart ayının 21-də yurdumuza, elimizə baharın gəlməsini xəbər vermək üçün Qız qalasının üstündə Bahar qızın (xalq artisti Səfurə İbrahimova) yandırdığı o məşəl də adi məşəl deyildi. O məşəl azadlıq yolunu işıqlandırmaq üçün yandırılmışdı. O bayram günü Azərbaycanın oyanması, dirçəlməsi, milli özünüdərk günü idi.
Doğrudur, o gün qolumuzdakı müstəmləkə zənciri qırılmadı, amma şüurumuzdakı köləlik buxovu parçalandı. Azərbaycanımızın müstəqilliyinin ilk kərpicləri o gün qoyuldu. Vertalyotlardan camaatın üstünə səpələnən təbrik vərəqələri azadlıqdan xəbər verirdi. Yaşıl səmənilərdən, boynubükük bənövşələrdən, xumar gözlü nərgizlərdən bihuşedici bahar ətri ilə bərabər bir azadlıq qoxusu da gəlirdi. Süfrələri bəzəyən şəkərburanın paxlavanın şirinliyinə, azadlığın şirinliyi də hopmuşdu.
O bayram günü bir millət kimi yenidən doğulurduq. Yanıb kül olan, yenidən dirilən əfsanəvi səməndər quşuna bənzəyirdik o bayram axşamı. O yaz günü təkcə təbiət oyanmırdı, o yaz şüurlar oyanırdı. O yaz təkcə durnalar qaranquşlar qayıtmırdı vətənə. O yaz biz də qayıdırdıq özümüzə kökümüzə.
O yaz Novruzun bütün atributlarının adını bu ad əvəz edirdi: Şıxəli Qurbanov. Bu ad evdən-evə, eldən-elə dolaşırdı. Hamı səni tanıyırdı. Qürur duyurdu səninlə, adını çəkməkdən yorulmurdu. Qısa, lakin şərəfli və qaynar bir həyat yaşadı Ş. Qurbanov.
Səksən yaşasaydın, yüz yaşasaydın
Azdı deyəcəkdik inan, yenə az
Xalq üçün alışan məşəl bir həyat
Ən böyük ömrün də qoynunu sıxmaz.
Şair, dramaturq, ədəbiyyatşünas-alim, ictimai xadim Şıxəli Qurban oğlu Qurbanov 1925-ci ilin avqust ayının16-da Bakıda andan olub. 1942-ci ildə yaşı çatmasa da onu Sovet ordusu sıralarına çağırıblar. Böyük Vətən Müharibəsi illərində Hərbi Dəniz Donanmasında xidmət edir. Neft qoxulu doğma Xəzəri barıt qoxuyan Baltik əvəz edir. Dənizçi Şıxəlini dəniz daha da mətinləşdirir, fırtınalara sinə gərməyi öyrədir və ömrünün sonuna qədər həmişə axına qarşı gedir, üstünə gələn nəhəng dalğaların qabağından qaçmır.
Müharibə qurtarandan sonra APİ-nin filologiya fakültəsini bitirir. 30 yaşında Bakının ən böyük və elitar rayonlarından birinin Vorovilov rayonunun (indiki Səbayel) I katibi olur. 1957-61-ci illərdə Azərbaycan KPMK-nın Təbliğat və Təşviqat şöbəsinin müdiri olur...
Oğlu İlqarın dedikləri:
“Atamı 1961-ci ildə Azərbaycan KPMK aparatından uzaqlaşdırıblar. Üç cildlik Azərbaycan tarixi kitabının çapına hazırlıq gedirdi. Mötəbər iclasların birində (iclasda Moskvadan gəlmiş məsul partiya işçiləri də olub) atam görkəmli ictimai xadim və yazıçı N.Nərimanovu müdafiə edib, bir daha onun xalq düşməni olmadığını sübuta yetirməyə cəhd göstərib. “İzin verin öz tariximixi özümüz yazaq.” Atamın həmin iclasda söylədiyi bu sözlər ona baha başa gəlib. Onu tutduğu vəzifədən azad ediblər.”
Hələ 1956-cı ildə “Puşkin və Azərbaycan poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edən Ş.Qurbanov Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda ədəbi əlaqələr şöbəsi yaradır və 5 il yaratdığı şöbəyə rəhbərlik edir, doktorluq dissertasiyasını müdafiə edir.
1966-cı ilin fevralında yenidən partiya işinə qayıdır. Bu dəfə daha məsul, daha rəhbər işə seçilir. Azərbaycan Kommunist Partiyası MK-nın ideoloji işlər üzrə katibi olur.
Həyat yoldaşı Xavər xanımın dediklərindən:
“O həm də Azərbaycan SSRİ Ali Sovetinin deputatı idi. Deputat pulunu ailə büdcəsinə qatmağa qoymazdı tələbələrinə, aspirantlara əl tutmaq üçün, cib xərcliyi vermək üçün ayırardı. Həmişə də deyərdi ki, “bu, xalqın puludur, xalqın balalarının yolunda da xərclənməlidir.”
...“Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” komediyalarından sonra ciddi bir dram əsəri- “Sənsiz”i yazır. 1937-ci ilin repressiya qurbanlarının acı taleyi ilə tamaşaçını tanış etmək istəyirdin. Ürəklərdən o illərin xofunu, qorxusunu qovmaq, çıxarmaq istəyirdin. İstəyirdin ki, ətrafındakı adamlar daha mətin daha mübariz olsunlar. Amma haradan biləydin ki, “Sənsiz”ə ictimai baxış təyin edilən gün dünyanı dəyişəcəksən, sevimli balalarından- Gülanarından, Gülzarından, İlqarından ömür-gün yoldaşından, bizdən ayrılacaqsan.
1967-ci ilin may ayının 24-ü...
Gedir!
Böyük arzular, diləklər qarşısında
Çaylar quruya bilər ürəyinin odundan
Baxır hələ ardınca evindən gələn işıq
Hələ dönüb olmayıb o işıq bir hıçqırıq.
Xavər xanımın dedikləri:
“Dişləri ağrıyırdı. Tezdən stomatoloqa zəng edib yerində olmasını tapşırdı. Tez də poliklinikaya gedir. Lakin həkimi yerində tapmır. Məlum olur ki, Səhiyyə Nazirliyinin 4-cü Baş İdarəsinin xəstəxanasına gedib və Şıxəlini orada gözləyir. Ərim həkimin dalınca xəstəxanaya gedəsi olur. Hətta həyətə girəndə qapıçıya bir siqaret də verir. Həkim onu tək qəbul edir. (halbuki MK-nın büro üzvünü həkim tək qəbul etməməlidir. Müayinədə həkimdən başqa, azı iki nəfər, baş həkim və tibb bacısı olmalıdır.) Stomatoloq onu tək müayinə edir və dişinə iynə vurur... Dərmanın yarısı şprisdə qalır... Elə oradaca keçinir...”
Ağ xalatlı bacılar oxlanmış ağ göyərçin
Neçin ağlayır neçin?!
Doğrudanmı o yoxdur?
Doktor, amandır, doktor!
“...Qapıçı heç Şıxəlinin verdiyi siqareti çəkib qurtarmayıbmış... Elə onun ölümünə ilk təəccüblənən də qapıçı olur: Kişini öldürdünüz ki... Həkim pəncərədən çıxıb qaçır. Şprisi həyətin bir küncündən tapırlar. Sonra qapıçını da işdən çıxardırlar.
...Ona bir neçə dəfə də qəsd eləmək istəmişdilər. İki dəfə işdən gələndə özünün dediyinə görə üstünə maşın sürmüşdülər. Tanınmasın deyə maşının nömrələri palçıqlanıbmış. 1966-cı ildə güllə atmışdılar ona, qolundan yaralanmışdı...”
Deyirlər “ölüm qaşla göz arasındadır” Sənin ölümünsə dişlə damaq arasındaymış. Müəmmalı, sirli bir ölüm.
“Sənsiz”in ilk tamaşası Sənsiz keçdi. Tamaşa bitəndə tamaşaçıların “Müəllif, müəllif” sədaları eşidilmədi o gün. Tamaşanın yaradıcı heyəti Tofiq Kazımov, Hökumə Qurbanova, Məlik Dadaşov, Həsənağa Salayev, Səfurə İbrahimova gözü yaşlı qəbul etdi təbrikləri. Müəllifə veriləcək gül dəstələri Fəxri Xiyabandakı təzə məzarın üstünə səpildi.
1967-ci ilin əfsanəyə dönmüş Novruz bayramı 1968-ci ildə Sənsiz keçirildi. Ağ paltarlı vəfalı Bahar qızı İçəri şəhərdəki bayram şənliyinə Fəxri Xiyabandan gəlmişdi. “Sənsiz”in qəhrəmanı Sevinc 18 yaşında olanda Tərlanını apardılar, ömründən qopardılar. Lakin umudunu üzmədi. 18 il gözlədi Tərlanının yolunu, qovuşdu öz Tərlanına.
Səni bizdən ömrünün 42-ci baharında ayıran o may səhərindən 42 il ötür. Hər il yaz gələndə yolunu gözləyirik. Gələn durnalardan, qaranquşlardan səni soraqlayırıq. Novruz xonçaları, səmənilər səni xatırladır.
Xavər xanımın dedikləri:
“Hər il mart ayının 20 və 21-də uşaqlarla birgə Şıxəlini ziyarət edib məzarın üstünə səməni düzməyi də unutmurduq. Bizdən başqa gələnlər, səməni qoyanlar da çox olurdu.
Bir sözlə bayram günü onun məzarı səməniyə bürünərdi. Səhəri gün isə... səmənilərdən bir əsər-əlamət qalmazdı. Gözətçinin dediyinə görə “yuxarıların” göstərişi ilə səməniləri “əsir” eləyib aparırdılar...
Xəyal məni yenə də ötənlərə aparır:
1970-71-ci illər... Keçmiş Sovet küçəsi ilə gedən 11 №-li tramvay yavaş-yavaş son dayanacağa yaxınlaşır (N.Nərimanovun heykəli olan yerə). Çiskinli bir payız axşamı olduğundan 2 vaqonlu tramvayda adam azdır. Mən axırıncı vaqonun taxta oturacaqlarında oturub pəncərədən bayıra baxıram. Birdən gözüm tramvayın pəncərə çərçivəsinə bilmirəm bıçaqlamı, mıxlamı yazılmış bu sözlərə sataşır:
Şamlar yandı, vətən çıraqban oldu,
Ya Rəbb! Şıx Əli nədən qurban oldu?
Nədən?!
ŞƏRHLƏR