AMEA-nın müxbir üzvü, Atatürk mərkəzinin müdiri, millət vəkili, Prof. Dr. Nizami Cəfərovla Reportaj

AMEA-nın müxbir üzvü, Atatürk mərkəzinin müdiri, millət vəkili, Prof. Dr. Nizami Cəfərovla Reportaj

İrfan jurnalı: Atatürk Mərkəzi nə zaman quruldu və nə kimi fəaliyyətlətləri var? Atatürk mərkəzinin Azərbaycandakı missiası nədən ibarətdir?

Prof.Dr. Nizami Cəfərov:

Atatürk Mərkəzi 2001-ci ildə mərhum prezident ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə qurulmuşdur. Mərkəzin əsas məqsədi ondan ibarətdir ki, Atatürkün irsi öyrənilsin, Azərbaycanda təbliğ edilsin və eyni zamanda türk xalqları arasında mədəni əlaqələrin yaradılmasına lazımi xidmət göstərsin. Mərkəz qurulduğu gündən etibarən bu iki sahədə də müəyyən fəaliyyətləri həyata keçirmişdir. Bu müddət ərzində biz Atatürk haqqında çoxlu kitablar, məqalələr yazmışıq, nəşr etdirmişik, həm Atatürk mərkəzinin əməkdaşlarının, həm də Azərbaycan və Türkiyə tədqiqatçılarının Atatürk haqqında bir xeyli əsərlərini Azərbaycan dilində çap etmişik. Bundan başqa Atatürklə əlaqədar çoxlu müşavirələr, görüşlər, toplantılar keçirmişirk. Beynəlxalq aləmdə Atatürklə bağlı keçirilən, demək olar ki, bütün konfranslarda iştirak etmişik. Azərbaycanda Atatürkün, ümumiyyətlə Türkiyə Cümhuriyyətinin tarixinin öyrənilməsi ilə bağlı əsasən Atatürkün tarix səhnəsinə çıxdığı dövrlə əlaqəli nə qədər əsərlər yazılıbsa, onların hamısı üzərində tədqiqat aparmışıq. Atatürk və ümumiyyətlə Türkiyə Cümhuriyyəti haqqında Azərbaycanda nə zaman, nələrin yazıldığını, bunlara qarşı münasibətin necə olduğunu müəyyənləşdirmişik. Bu kimi məsələlərə aydınlıq gətirməyə çalışmışıq. Eyni zamanda türk xalqlarının qarşılıqlı əlaqələrini təmin etmək məqsədilə xeyli konfranslar keçirmişik. Məsələn, ümumi əlifba məsələsi, ümumi dil məsələsi, türk xalqlarının etnoqrafik-mədəni yaxınlığının dövlətlərin siyasi yaxınlığına necə təsir edəcəyi məsələləri haqqında xeyli konfranslarımız olub. İl ərzində rüblük bülleten nəşr edirik.

 

İrfan jurnalı: Qafqaz İslam Ordusunun ağır şərtlərdə buraya gəlməsi kimi Anadoluda yeni Türkiyə Cümhuriyyətinin quruluşunda da Azərbaycanın yardımının böyük önəmi olmuşdur. Bu qarşılıqlı yardımlaşmanın təməlində nə yatır? Bu gün də bu ruh qoruna bilmişdirmi?

Prof.Dr. Nizami Cəfərov:

Bu məsələlər bizdə yeni-yeni öyrənilməyə başlanmışdır. Bir vaxtlar təbiidir ki, həm Türkiyə Cümhuriyyətinin yaranması, həm də Azərbaycanın Sovetlər Birliyinin tərkibinə daxil olması, Azərbaycanın kommunistləşməsi, bolşevikləşməsi müəyyən dövr tariximizi bir növ kölgə altına aldı. Ancaq indi elə bir açıq və müstəqil dövr yaranmışdır ki, bu dövrdə hər şeyi, daha dəqiqliklə öyrənmək imkanına sahibik. Bu sahədə həm Azərbaycanda, həm də Türkiyədə kifayət qədər mütəxəssis fəaliyyət göstərir. Bilirsiniz ki, Qafqaz İslam Ordusu Osmanlı Dövlətinin, Osmanlı xanədanının ordusu idi. Yəni o dövlətin ordusu idi ki, həmin dövlət Atatürk inqilabları ilə dağıldı. Qafqaz İslam Ordusu Atatürkçü bir ordu deyildi. Bu, Atatürkə qədərki bir ordu idi. Osmanlının Azərbaycana bu köməyi, ümumiyyətlə türk xalqlarının, türk dövlətlərinin yeni dövrdə, ən yeni dövrün başlanğıcında bir-birinə tarixdən gələn köməyinin davamı idi. Yəni qarşılıqlı yardımlaşma idi. Burda ümumi türkçülük düşüncəsi vardı. Ümumi türkçülük düşüncəsindən daha çox islamçılıq düşüncəsi vardı. Çünki Osmanlı padşahı eyni zamanda xəlifə idi. Ona görə də istənilən İslam məmləkətinin istənilən yerində İslama qarşı və İslam xalqlarına qarşı hər hansı çətinlik, problem yaranardısa, Osmanlı həmin bölgəyə müdaxilə edirdi. Bu, Atatürkə qədər, Türkiyə Cümhuriyyətinə qədər olan türkçülük və ümmətçilik nöqteyi-nəzərindən göstərilən kömək idi. Rus-Sovet imperializminin təzyiqinə məruz qalan Azərbaycan xalqına Osmanlı dövlətinin qardaşlıq yardımı idi. Bu ordunun yaradılmasının, Azərbaycan xalqına, ümumiyyətlə Qafqaz müsəlmanlarına göstərilən bu köməyin strateji bir məqsəd daşıdığını mənbələrdən bilirik. Bu ordu təsadüfən yaranmamışdı. Qafqaz İslam ordusu Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın xüsusi təkidi ilə yaradıldı və bu orduya onun şəxsən özünün nə qədər ciddi münasibət bəsləməsinin bir göstəricisi də o idi ki, öz qardaşı (ögey qardaşı) Nuru Paşanı gənc olmasına və hələ təcrübəsiz olmasına baxmayaraq bu ordunu yaratmaq üçün təyin etmişdi. Nuru Paşa kiçik bir qüvvə ilə əvvəl vəziyyəti öyrənmək üçün Təbrizə gəlir, bundan sonra yenə həmin qüvvə ilə Zəngəzura, oradan Qarabağa və nəhayət 1918-ci ilin yay aylarında Gəncəyə gələrək orada öz qərargahını qurur. Beləliklə Qafqaz İslam Ordusunun hərəkatı başlayır. Nuru Paşa Gəncəyə gələnə qədər ordu tam formalaşmamışdı. Ordu qüvvələrinin yerlilərdən, yəni Azərbaycandan, ümumilikdə Qafqazdan yığılması nəzərdə tutulurdu. Lakin rus-erməni-daşnaq orduları çox güclü qüvvəyə malik idi. Rus-erməni birləşmələri Azərbaycanın əksər regionlarında kifayət qədər qüvvəyə malik idi və ən əsası o idi ki, Bakı onların əlində idi. Belə bir dövrdə müəyyən zabit heyəti ilə gələn Nuru Paşa düşmənə qarşı güclərinin kifayət qədər zəif olduğunu başa düşdü. Vəziyyət çox mürəkkəb idi. Xalq Osmanlı ordusunu toy-bayramla qəbul etsə də, əsgər yığmaq məsələsi bir az qəliz idi. Hətta Atatürkün Qafqaz İslam Ordusu ilə bağlı bir fikrini də qeyd etmək istərdim. O, sonralar deyirdi ki: “Biz ora nahaq getdik. Azərilər əsgər yetişdirə, ordu yarada bilmədilər.” Təbii ki, bu, Atatürkün bir hərbçi kimi fikridir. Həm də onun Ənvər Paşaya olan münasibətindən irəli gələn bir fikirdir.

Məsələlərin mürəkkəbləşdiyini görən Nuru Paşa yenidən müraciət edərək texnika, əsgəri qüvvə istədi. Ənvər Paşa Osmanlının şərq ordularını birləşdirərək əmisi oğlu Tələt Paşanı rəhbər təyin etdi. Tələt Paşaya tam bir göstəriş verildi ki, Qafqaz İslam Ordusu hər cür təchizatla təmin edilsin. Bununla da Şərq ordularından toplanmış böyük bir ordu yenidən Azərbaycana göndərildi və Qafqaz İslam Ordusu möhkəmləndirildi. Bütün yay ayları ərzində Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər döyüşdü. Onu da qeyd etmək lazımdır ki, düşmən tərəf çox güclü idi. Qafqaz İslam Ordusu rus-daşnaq birləşmələriylə mübarizə aparırdı. Düşmən hər tərəfdə güclənmişdi. Elə Gəncənin özündə yerləşmiş ermənilər böyük bir orduya malik idilər. Almanlar da bu bölgədə idilər və böyük bir orduları vardı. Onlar da Gürcüstandakı gürcü menşevikləri ilə birlikdə Azərbaycanın qərb regionlarını təhdid edirdilər. Digər tərəfdən İrandan ingilislər gəlirdilər. Vəziyyət olduqca mürəkkb idi. Buna baxmayaraq Nuru Paşa 1918 -ci il sentyabr ayının 15-də Bakını azad etdi. Türk-Azərbaycan birləşmələrinin birgə mücadiləsi nəticəsində Bakı xilas olundu. Beləliklə də Azərbaycanın müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti öz mərkəzini Bakıya köçürdü. Eyni zamanda Nuru Paşa da öz qərargahını Bakıya köçürdü. Bu dövrdə baş verən hadisələr ilk növbədə Azərbaycan-Türk-İslam dostluğunu ortaya qoydu, Azərbaycan ordusunun yaranmasına böyük təkan verdi. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın müxtəlif regionlarında döyüşən türk əsgərləri, zabitləri sonradan Azərbaycanda qaldı. Onlar mənəviyyatca o qədər yüksək insanlar idilər ki, onların məzarları sonralar övliya məzarları kimi qorundu. Siyasi təzyiqlərin olduğu dövrlərdə də xalq bu məzarları ziyarət edərək onların itib-batmasının qarşısını aldı. O qəbirlər bir növ müqəddəs ziyarətgah sayılırdı. Bu düşüncə Qafqaz İslam Ordusunun xarakterində vardı. Cümhuriyyət ordusundan fərqli olaraq bu ordu İslam xilafətini qorumaqla vəzifəli idi. Buna görə də Qafqaz islam Ordusunda  dini ab-hava çox güclü idi.

Bakının azad olunmasından sonra 1-2 ay ərzində nizam-intizam ciddi şəkildə qaydaya saındı. Bütün iğtişaşlar, soyğunçuluqlar tamamən aradan qaldırıldı. Bir faktı qeyd edim ki, Nuru Paşanın əmri ilə oğurluq edən, başqasının malını qəsb edən türk-müsəlman əsgəri dərhal güllələnirdi. Ümumiyyətlə tarixə baxdığımız zaman görürük ki, hansısa bir bölgəni tutan ordu tərəfindən orada qəsbkarlıq işləri həyata keçirilir. Lakin Qafqaz İslam Ordusu dövlət qurmaq üçün gəlmişdi və burada asayişi tamamən bərpa etməyə xidmət edirdi. Sonra isə beynəlxalq müqavilələr gərəyi ordu geri çağırıldı, ən son ordu hissələri 1918-ci ilin sonunda və 1919-cu ilin əvvəllərində buranı tərk etdi. Azərbaycan isə öz ordusunu qurdu. Bununla da Qafqaz İslam Ordusu öz missiyasını başa çatdırdı.

Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin öyrənilməsi eyni zamanda Türkiyə tarixinin öyrənilməsi üçün çox mühümdür. Çünki Cümhuriyyətin ilk illərində nəinki Osmanlıdan, hətta Osmanlının qazandığı bəzi uğurlardan da imtina edildi. Lakin buna baxmayaraq Türkiyə Cümhuriyyəti Osmanlının varisi idi. Hər nə qədər o dövrdə varislər bundan imtina etsə də, bu faktı unutmaq olmaz. Sonrakı dövrdə Türkiyə Cümhuriyyətinin qurulma prosesində, 1919-1923 illərdə gedən döyüşlərdə azərbaycanlı könüllülər iştirak edərək öz qardaşlıq sədaqətlərini göstərdilər. Eyni zamanda Sovet Rusiyasının razılığı ilə bir milyon qızıl pul həcmində Türkiyə Cümhuriyyətinə maliyyə yardımı göndərildi. Atatürk dəfələrlə bu pulu borc istədiyini söyləsə də Azərbaycanın o zamankı liderləri Nəriman Nərimanovun şəxsində bildirdilər ki: “Qardaş qardaşa borc verməz, əl tutar.”

İrfan jurnalı: Qafqaz İslam Ordusunun Bakıya gəlişinin 90-illiyi ilə bağlı Bakıda nə kimi tədbirlər görülməkdədir və bu sahədə nələr etmək olar?

Prof.Dr. Nizami Cəfərov:

Bu məsələ ilə bağlı ilin əvvəllərindən bəzi tədbirlərin həyata keçirilməsi üçün işlər görülür. Xüsusilə tədqiqatın miqyası genişləndirildi. Qafqaz universitetinin təşəbbüsü ilə çox gözəl, böyük bir tədqiqat əsəri nəşr olundu. Atatürk Mərkəzində kitabın təqdimat mərasimi keçirildi. Bu sahədə yazılmış əsərlər içərisində sözügedən kitabı ən ciddi əsər hesab edirəm. 90 illiklə bağlı həyata keçiriləcək proqramların ən kütləvisi odur ki, Qafqaz İslam Ordusunun keçdiyi, düşərgə saldığı regionlarda sentyabrın əvvəllərindən etibarən kütləvi tədbirlər həyata keçiriləcək. İlin sonuna doğru Azərbaycan Atatürk Mərkəzi və Türkiyə Atatürk Araşdırma Mərkəzi ilə müştərək böyük bir elmi konfrans keçirməyi planlaşdırırıq. Qafqaz İslam Ordusunu və Nuru Paşanın xatirəsini abidələşdirmək istəyirik. Bu barədə dövlət səviyyəsində məsələ qaldırmışıq. Orduda bəzi tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. Bir sözlə, tariximizi xalqa çatdırmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

 

İrfan jurnalı: Bu günlərdə, xüsusilə Gürcüstan hadisələrindən sonra Türkiyə tərəfindən qurulmağa çalışılan Qafqaz ittifaqı haqda düşüncələriniz nədir? Bu istiqamətdə atılan addımların nə kimi əks-səda doğuracağını düşünürsünüz?

Prof.Dr. Nizami Cəfərov:

Bu məsələ ilə bağlı deyə bilərəm ki, Qafqada yaranan vəziyyət həddindən artıq mürəkkəbdir. Qafqazın tarixən müəyyənləşmiş öz daxili ziddiyyətləri var. Burada erməni məsələsi, gürcü məsələsi, azərbaycanlı məsələsi, dağıstanlı xalqların məsələsi var. Dünyanın elə bir coğrafiyasını tapmaq olmaz ki, orada bu qədər xalq olsun, millət olsun. Odur ki, burada daxili ziddiyyətlərin olması istər-istəməz təbiidir. Bu gün beynəlxalq münasibətlərdə də Qafqazda mövqe tutmaq uğrunda mübarizə gedir. Qafqaz strateji əhəmiyyət kəsb etdiyi üçün burada bir çox maraqlar kəsişir. Burada dinlər kəsişir, müxtəlif iqtisadi maraqlar, müxtəlif siyasi-ideoloji maraqlar kəsişir. Bölgədə həm daxili mürəkkəblik var, həm də beynəlxalq. Buna görə də dediyiniz məsələ hər zaman gündəmə gətirilib. Hətta XX əsrin əvvəllərində Qafqazın ilk cümhuriyyətləri yarananda da ortaya “Qafqaz Evi” ideyası atılmışdı. Amma bu ideya özünü doğrultmadı. O zaman buradakı aparıcı xalqlar öz dövlətlərini qurdu, indi də müstəqildirlər. Bu gün ABŞ-la, Rusiya ilə yanaşı Türkiyənin də bölgədə maraqları var və bu maraqlar ödənilməlidir. Biz düşünürük ki, Türkiyə Qafqaza müasir, mədəni, iqtisadi inkişafı gətirən, demokratiyanı tənzimlənməsinə xidmət edən mövqeyindən nə qədər müdaxilə edə bilərsə, bu, Qafqaz türkləri və müsəlmanları üçün bir o qədər faydalı olar. Çox istərdik ki, müəyyən məsələlərdə Türkiyənin beyləlxalq mövqeyi çox güclü olsun və bu sayədə bizim də maraqlarımız ödənmiş olsun. Bölgədə Rusiyanın, ABŞ-ın, Avropa dövlətlərinin maraqlarının təmin olunması Azərbaycanı 2-ci, 3-cü plana salır. Biz heç vaxt inana bilmərik ki, Türkiyənin Qafqaz maraqlarında Azərbaycan birinci planda olmasın. Bu bir reallıqdır ki, din-dil yaxınlığı olan, strateji müttəfiqliyi olan dövlətlər istər-istəməz birlikdə hərəkət edir. Lakin Türkiyə burada mövqelərinin güclənməsinə nə qədər nail olacaq? Bu, artıq başqa məsələdir. Belə düşünürəm ki, Türkiyə Qafqazda öz mövqelərinin olduğunu deməlidir. Ən pis hal isə Türkiyənin tamamən kənarda qalmasıdır.

Tarixən Türkiyənin Qafqaz maraqlarının yüksək olduğunu görmüşük. Bu gün İranın Qafqaz maraqlarından söz gedə bilməz, bu tarixdə qaldı. Rusiyanın Qafqaz maraqları tam gücündədir. Türkiyə də öz tarixi maraqlarını bərpa etməlidir məncə. Vaxtilə Rusiya Qafqazı İranın deyil, Türkiyənin əlindən almışdır. Bu tarixi hadisələri yada salmaq lazımdır. Bu gün artıq o dövr keçdi. Türkiyə ordu ilə Qafqaza gələ bilməz. Bu, doğru da deyil. Türkiyə Qafqaza iqtisadi, siyasi, texnoloji gücü ilə, mədəniyyəti və diplomatik gücü ilə, ziddiyyətləri tənzimləmə gücü ilə gələ bilər. Buna heç kim heç nə deyə bilməz. Qeyd edim ki, Qafqaz ittifaqı qurulması hələ ki, layihədir. Real görünür, lakin üzərində işləmək lazımdır. Türkiyənin Qafqazdakı nüfuzu perspektivlidir. Ona pessimis baxmaq olmaz. Türkiyənin Azərbaycanla, Gürcüstanla yaxınlığı var, Ermənistana təzyiqini normal dəyərləndirə bilərik. Bir daha deyirəm. Türkiyə Qafqazda öz mövqeyini bərpa etməlidir və eyni zamanda bu, Azərbaycanın da xeyrinədir.

    

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz