Xəzərdə Batmayan Günəş BƏXTİYAR VAHABZADƏ

Xəzərdə Batmayan Günəş BƏXTİYAR VAHABZADƏ

Şairlər bir cəmiyyətin yüksələn fəryadı, ağlayan gözləri və gülən üzləridir. Bir millətin dəyərləri qəsb edilə, hətta yox edilə bilər. Ancaq o millətin şairlərinin yüksələn səsi, ədəbiyyatı, sənəti heç bir şəkildə yox edilə bilməz. Şairlər zamanı gəldikcə tarix səhnəsindən fani bədənləriylə çəkilsələr də, arxalarında qoyduqları ədəbiyyat mirası əbədiyyətə qədər davam edər.

Bəxtiyar Vahabzadə həm öz millətinə, həm də bütün dünyaya qoyduğu ədəbi mirası ilə gələcək nəsillərə səsini çatdıran böyük bir şair, ədəbiyyatçı, ziyalı və bir ağsaqqal idi.  Səksən dörd illik ömrü boyunca millətinin azadlığı üçün çırpınmış və bu idealı üçün varını-yoxunu ortaya qoymuşdur. 2009-cu ilin bir fevral axşamında, Xəzərin mavi sularında bir günəş batması kimi aramızdan ayrıldı Bəxtiyar Vahabzadə.

Üzündəki dərin xətlər bir əsrə yaxın həyatında çəkdiyi əziyyətlərdən xəbər verirdi sanki. Gözləri həmişə nəmli idi. Bir millətin azadlıq mübarizəsində simvollaşmışdı Bəxtiyar Vahabzadə. ‘‘Türk” deyilincə onun üçün hər şeyin mənası dəyişirdi. Səsi titrək idi, amma eyni zamanda illərlə millətinə rəva görülən əsarətə qəzəbli idi. Bir fevral axşamında şərqin yüksələn çinarlarından biri də yıxıldı. Bəlkə Xəzərdə yavaş-yavaş bir günəş batırdı, ancaq arxada minlərlə Vahabzadə aşiqi onu son səfərinə yola salmaq üçün gəlmişdi Bakı Dövlət Universitetinin konfrans zalına. 

Şair bir millətin şair oğlu ölkəsinin sərhədlərini çoxdan aşmış və Türk Dünyasının ortaq dəyəri olmuşdu. Elə bu yaxınlarda itirmişdik Çingiz Aytmatovu. Ona ağlamışdı bütün ədəbiyyat aşiqləri və azadlıq üçün ürəyi çırpınanlar. Bəlkə öz torpaqlarında azad doğulan, azad böyüyən insanların bunu dərk etməsi bir az çətindir. Lakin bir zamanlar dünyanın qüdrətli imperiyası olan SSRİ-nin əsarətində ola-ola öz mənliyini qorumağı bacarmaq və şeirlərində, hekayələrində, romanlarında həmişə azadlıq ideyalarını əks etdirmək hər igidin işi deyildi. Həm Çingiz Aytmatovu, həm də Vahabzadəni o birilərdən ayıran ən əhəmiyyətli xüsusiyyətləri də məhz elə bu idi.

Onu sima olaraq Ustad Nəcib Fazilə bənzədənlərə: “Hərçənd mənim “Çilə” adlı kitabım yoxdur, amma həm simamız, həm də həyatımiz eynidir” deyirdi.

70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. O, içindəki azadlıq atəşini və millətinin səsini əsərləri sayəsində bütün dünyaya eşitdirməyə çalışmışdır.

 

Vahabzadənin əsərləri arasında ən əhəmiyyətlilərindən biri 1960-cı ildə yazdığı və parçalanmış Azərbaycan xalqının azadlıq mübarizəsini izah etdiyi “Gülüstan” poemasıdır. Bu poemasına görə 1962-ci ildə “millətçi” damğası ilə Universitetdəki müəllimlik vəzifəsindən uzaqlaşdırılmış, ancaq 2 il sonra təkrar işinə bərpa edilmişdir. Kitablarında, Sovet rejimində milli varlığı ayaqlar altına alınan, hər cür məhrumiyyətlərə məruz qalan millətinin dərdlərini müxtəlif simvol və ədəbi üsullarla dilə gətirmiş, əsərlərində məkan olaraq həmişə başqa ölkələri göstərərək öz millətinin çətinliklərini izah etməyə çalışmışdır. Birbaşa Sovet rejimini tənqid edən əsərlərini isə ittifaqın dağılmasından sonra “Sandıqdan Səslər” adı ilə nəşr etdirmişdir.

...50 il müəllimlik etdiyi Bakı Dövlət Universitetinin bağçası insanla dolu idi. Xalqın hər təbəqəsindən insanlar vardı. Dövlət adamları, siyasətçilər, millət vəkilləri, sənətçilər, tələbələr, şairlər, ədəbiyyatçılar. Bu, Vahabzadənin bir “ağsaqqal” bir ziyalı olaraq hər kəs tərəfindən qəbul edildiyinin nümunəsidir.

Bir qrup yoldaşla birlikdə biz də böyük şairi son yolçuluğa yola salmaq üçün Bakı Dövlət Universitetinin bağçasına qaçdıq. Hələ dəfələrlə böyük şairlə telefon vasitəsilə danışmışdıq. Ancaq son iki ildə sürən ağır xəstəliyi səbəbilə görüşə bilməmişdik. Bunun da acısı vardı içimizdə. Şairin tabutu qarşısından keçərkən “Fatihə”lər oxuduq içimizdən. Diqqətimi çəkən bir xüsus onun Türk dünyasının ortaq dəyəri olduğunu bir daha göstərdi. “Bir Millət İki Dövlət” düşüncəsinin bariz nümunəsini şairin həm Azərbaycan bayrağına, həm də Türk bayrağına sarılmış tabutunda gördüm. Bəli, şairin tabutu ay-ulduzlu bayraqlara sarılmışdı. Çünki şair “Bayraq” adlı şeirində bayrağın müqəddəsliyini çox gözəl bir şəkildə dilə gətirmişdi:

 

 

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

 

Bəlkə vəsiyyəti elə idi, bəlkə də sevənləri onu iki qardaş ölkənin bayrağına bürüməyi uyğun hesab etmişdilər. Kim bilir?

 

Türk olduğunu və türk olmaqdan qürur duyduğunu bir çox şeirlərində özü dilə gətirirdi:

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən,

Mən ilk qaynağımdan türk oğlu türkəm! 

Şair ən çətin şərtlərdə belə, türk olduğunu ifadə etməklə yanaşı, müsəlmanlığını da ifadə etməkdən çəkinməmişdir. O, “Allah” adlı şeirində Uca Rəbbimizin böyüklüyünü  nə gözəl ifadə etməyə çalışmışdır:

 

İdrakda yol açmış gecədən gündüzə Allah,

Güldürməsən öz könlünü, gülməz üzə Allah.

Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,

Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

 

Allah! Bilirik cism deyil, bəs nədir Allah?

Ən yüksək olan haqda, həqiqətdir Allah.

Dondunsa təkamül və gözəllik qabağında,

Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Cənazə mərasiminin səhəri gün, dəfn edildiyi Fəxri Xiyabana getdik. Şair əbədi istirahətgahında… Məzarı güllərlə, qərənfillərlə bəzənmiş və yenə Azərbayan və Türk bayrağı ilə örtülmüşdü. Ölümü belə, türk sevgisinə işarə edirdi şairin. O, sağlığında Türkiyə ilə çox yaxın olmuş və xüsusilə Türk dilinin ortaq bir dil olması yolunda böyük səyləri olmuşdu.

Xülasə, “Söz uçar, yazı qalar” deyirlər. Amma bir şairin dünyaya söyləyə biləcəyi çox şeyi söyləyərək aramızdan  ayrıldı Vahabzadə. İdeyalarını şeirləri ilə, yazdığı onlarla kitabı ilə ölümsüzləşdirdi və arxada qalanlara misilsiz bir mədəniyyəti miras qoydu.

Allah rəhmət etsin! Bütün ədəbiyyatsevərlərin, bütün  azadlıq sevdalılarının və bütün Türk Dünyasının başı sağ olsun!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz