Nübüvvətin qayəsi
Bildiyimiz kimi iman əsaslarından biri də Allahın insanlara əmr və yasaqlarını təbliğ etmək üçün göndərdiyi Peyğəmbərlərə iman etməkdir. Nübüvvət ağlın və duyğuların qavramadığı sahəyə qapı açan bir göz kimidir.
[1] İnsanların dünya və axirət həyatlarıyla bağlı işlərini doğru şəkildə nizamlamaları üçün Allah insanlara Peyğəmbərlər göndərmişdir. Peyğəmbərlər ümumiyyətlə toplumda bəşəri münasibətlərin pozulduğu zamanlarda, yəni əxlaqi çöküş zamanlarında göndərilmişdir. Onlar toplumdakı əxlaqi pozulmanı düzəldərək, insanları birlik və bərabərlik, sülh və əmin-amanlıq içərisində yaşamağa yönəldirlər. Bəşəri münasibətlərin necə olacağını, ya da necə olması lazım oldğunu birbaşa öz şəxsiyyətlərində göstərən Peyğəmbərlər insanlara ən gözəl örnəyin necə olacağını göstərən üstün insanlardır. Buna görə də peyğəmbərlik çalışmaqla əldə edilmir, başqa cür desək kəsbi deyil, vəhbidir:
“Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!”[2]
Quran bütün toplumlara və ümmətlərə bir Peyğəmbər göndərildiyini bildirir:
“Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik.”[3]
“(Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik...”[4]
Bu peyğəmbərlərin göndərilməsinin əsas gayəsi tövhiddir. Yəni Allahın birliyi prinsipini zədələyəcək hər bir inanc, düşüncə və davranışdan həssaslıqla uzaq durmaqdır:
“Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! - deyən peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!”[5] Ayədəki “Allaha ibadət etmək” ifadəsi insanın Ona duyduğu məsuliyyət hissini, məsuliyyət anlayışını ifadə edir. Bu əmr, bütün əxlaqi əmr və qadağaları əhatə edir. Eyni zamanda əxlaqın qaynağı və təməli olduğu kimi, hər ümmət üçün yenilənən tövhid dininin də dəyişməyən əsas mesajıdır.
Hz. Adəmdən Hz. Məhəmmədə qədər bütün Peyğəmbərlərə verilən nübüvvətdəki ortaq nöqtə, insanı mükəmmələ və kamilliyə sövq etməkdir. Qövmlərdəki əxlaqi böhranları düzəltəmək istər Allah-insan; istərsə də insan-təbiət münasibətlərini ilahi bilgilər çərçivəsində nizamlamağı zəruriləşdirir. Hədəfin və əməl olunacaq şeyin eyni olması demək, prinsip və əqidənin də eyni olması deməkdir. Bütün Peyğəmbərlər Allahın varlığı və birliyini (tövhid), nübüvvət və axirətin varlığını açıq şəkildə bildirmişlər. Quran da Peyğəmbərlərin hamısına ortaq xüsusiyyətlərin vəhy edildiyini bildirir:
“(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi”[6]
Bütün Peyğəmbərlərin təbliğ etdiyi dinin iman əsasları da eynidir. Bütün Peyğəmbərlərin təbliğatının əsas ünsürü tövhiddir: (Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək”[7] “Uca Allahın insanlara peyğəmbər göndərməyə başlamasından bu yana inanc sisteminin əsasını tövhid meydana gətirir. Bunda heç bir dəyişiklik, heç bir fərq yoxdur. İlahlıqla Rəbliyi bir-birindən ayırmaq mümkün deyildir. Həm ilahlıqda, həm də ibadətdə şirkə yer yoxdur. Bu prinsip, ümumbəşər qanunlar sistemi kimi qalıcı və dəyişməzdir. Tövhid bu qanunlar sisteminə bağlıdır, onun bir parçasıdır.”
Allah təala hər bir müsəlmana, aralarında hər hansı bir fərq qoymadan bütün peyğəmbərlərə inanmağı fərz buyurmuşdur: “(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!””[8]
Buna görə də peyğəmbərlərin bir hissəsinə inanıb, digərlərini təsdiq etməmək küfr sayılmışdır: “Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. "Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq",- deyənlər və bununla (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər -Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!”[9]
[1] Ebû Hâmid Muhammed b. Muhammed Gazali, Dalaletten Hidayete: el-Munkızu Mined-Dalal,İnceleme, Ahmet Subhi Fırat, Şamil Yay., İstanbul: 1972, s. 79.
[2]əl-Cumuə, 4.
[3] əl-Fatir, 24.
[4] ən-Nəhl, 63.
[5] ən-Nəhl, 36.
[6] əş-Şura, 13.
[7] əl-Ənbiya, 25.
[8] əl-Bəqərə, 285.
[9] ən-Nisa, 150-151.
ŞƏRHLƏR