Ədəbiyyatimizin Bəxtiyar Zirvəsi
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Bu şeiri hələ kiçik yaşlarımda əzbərləmişdim. Onunla bu şeir vasitəsilə tanış olmuşdum.Onda altı yaşım vardı və məktəbə getmirdim. Hələ oxuyub-yaza bilmirdim. “Adımı da yaza bilmirdim” hələ. Bu şeiri atam əzbərlətmişdi mənə. O, oxumuş mənsə təkrarlayaraq əzbərləmişdim. 1987-ci ildə çıxan, eyniadlı kitabında yer alan Axı dünya fırlanır şeiri ilə Bəxtiyar Vahabzadə ilə ilk tanışlığım belə oldu. Hələ balaca uşaq ikən atamın nəzarətində əzbərlədiyim Bəxtiyar və Şəhriyar şeirləri eyni zamanda ədəbiyyata olan marağımı, sevgimi formalaşdırdı.
Bəxtiyar poeziyası...
Bəxtiyarın yazmış olduğu şeirlər digər şairlərdən fərqli olaraq hər bir azərbaycanlıya doğmadır. Çünki o, doğma ana dilimizin ən sadə üslubuyla yazırdı. O, bəzi şairlərdən fərqli olaraq bəzəkli və təmtaraqlı sözlərlə cılız mənalara maska geydirmirdi. O, sadə çay daşlarından möhtəşəm qəsrlər ucaldan mahir bir bənnaya bənzəyirdi. Ədəbiyyatımızın uzaqdan görünən bir neçə nəhəng qülləsindən birinin memarıdır o. Bəzən inşa etdiyi bu binalar ədəbiyyatımıza, dilimizə yad olan ünsürlərin hücumu qarşısında istehkama çevrilir. Çünki o, doğma ana dilində yazırdı. Həm də elə ana ağzıyla, ana ləhcəsiylə, ana şivəsiylə...
Savadsızdır
Adını da yaza bilmir
Mənim anam
Ancaq mənə
Say öyrədib
Ay öyrədib
İl öyrədib
Ən vacibi dil öyrədib
Mənim anam.
...
Bu dil ilə yaratmışam
Hər şerimi, hər nəğməmi...
Bəli, Bəxtiyar Vahabzadənin ən böyük xidmətlərindən biri məhz hamının ruslaşmağa meyilli olduğu, rusdilli olmağa tamah saldığı bir dövrdə öz ana dilimizi təbliğ etməsi idi. BDU-də dərs deyərkən də buna çalışırdı, yazdığı əsərlərində də hamını bu dilə səsləyirdi. Vətəni, ana dili pula, vəzifəyə satanları söz atəşinə tuturdu hər zaman. Türk xalqlarının birləşməsinə, ortaq dildə danışmasına can atırdı. Bəzən boğurdular səsini, amma yenə usanmırdı. Haqq bildyi yoldan dönmürdü. Bizə orta məktəb illərində onun bir şeirini əzbərlədirdilər. Hələ 1972-ci ildə Qərbi Berlində qələmə aldığı “Çörək-Vətən” şeirini. Hər zaman öz aktuallığını qoruyub saxlayan şeirdi bu. Almaniyaya gedib “Avropalaşan” və doğma yurdu pula satan bir türk balasıyla aralarında keçən dialoq hər zaman ana dilini dananlara, ana vətəni saymayanlara, ana laylasını Qərbin repinə, rokuna dəyişənlərə səslənirdi:
Əynində «cinsi» şalvar,
Belində enli kəmər,
Saçı çiyinlərində
Döşündə emblemlər,
Firmenli bir türk ilə
Mən danışdım ərk ilə:
- Burda çörək tapmısan, bəs səadət, bəs Vətən?
Çörək səadət deyil, unutdunmu bunu sən?
O, ana dilimizdə elə gözəl əsərlər qələmə almışdır ki, bu əsərlər hər zaman öz sözünü deyəcəkdir. O, istər Sovetlər dövründə, istərsə də müstəqillikdən sonra hər zaman gerçəkləri dilə gətirmişdir. Hələ 1959-cu ildə yazdığı Gülüstan poemasında:
Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?
-deyərkən eyni zamanda dövrün imperiyasına səslənirdi. Xalqları əsarətdə saxlayan Rus-Sovet rejiminə üsyan vardı bu şeirdə. “Bu yurdu öz sahiblərinə qaytarın, çəkin əlinizi!” deyirdi sanki. O zaman ki, bizi istismar edənlərə “böyük qardaş” deyirdik. Onları həmişə süfrəmizin başında oturdurduq. Bu “böyük qardaş”larınsa bizi adam yerinə qoymadığını çox az adam dərk edirdi, dilə gətirirdi. Bunlardan biri də Bəxtiyardı:
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bir sözlə deyə bilərik ki, Bəxtiyar Vahabzadə bu xalqın dahi şairlərindən ibarət əzəmətli sarayın ana sütunlarından biridir. Min illər keçsə də, bu gün Nizamilər, Füzulilər yad edildiyi kimi o da hər zaman yad ediləcəkdir.
ŞƏRHLƏR